Azərbaycanda yadellilərə qarşı ən böyük üsyanlar

post-img

Tarixin elə bir dövrü yoxdur ki, Azərbaycanın yerləşdiyi coğrafi regionda müharibələr, yürüşlər, işğallar öz əksini tapmasın. Azərbaycan tarixində böyük dövlətlərin, imperiyaların ayaq açdığı dövrlər olub, lakin bu onlara heç də asan başa gəlməmişdir. İşğallardan bezən xalq hər dəfə yeni işğalçını heç də xoş qarşılamamış, silaha sarılmış, müqavimətini ortaya qoymuşdur. Baxmayaraq ki, bu müqavimət çox zaman məğlubiyyətlə bitmişdir. Lakin xalq sona qədər barışmaz mövqeyini nümayiş etdirmişdir.

Beləliklə, Azərbaycan tarixində yadellilərə qarşı baş qaldırmış əsas üsyanları və hərəkatları xroniki cəhətdən təhlil etməyə başlayaq.

– Azərbaycanın cənub torpaqlarını ələ keçirib Yaxın və Orta Şərqin çox hissəsini zəbt edən Əhəmənilər imperiyasının hökmdarı II Kirlə Azərbaycanda mövcud olan Massagetlərin başçısı Tomrisin e.ə. 529-cu ildə qarşıdurması. Bütün xalq bu azman qadın rəhbərin ətrafında birləşir. Pers qoşunu ilə açıq döyüşə girən Tomrisin ordusu parlaq qələbə qazanır və Kir bu döyüşdə öldürülür.

– E.ə 65-ci ildə Qanıxçay (Alazan) sahilində baş vermiş döyüş. Albaniyaya hücum edən Roma sərkərdəsi  Pompeylə Kozis arasında baş vermis qanlı döyüş.  Döyüş romalıların qələbəsi ilə başa çatsa da, albanlar mübarizəni davam etdirir və  romalılara qarşı alban qadınlarının da vuruşduğu mənbələrdə qeyd olunur. Hətta döyüşdə alban qadınlarının cəsarəti romalıları heyrətə gətirmişdi. 

– 818-838-ci illəri əhatə edən Xürrəmilər hərəkatı. Qərbdə Atlantik okeanından Şərqdə Çin, Hindistan sərhədlərinədək böyük ərazini əhatə edən Ərəb Xilafətinə qarşı 20 il sərasər mübarizə aparan xalq hərəkatı. Hərəkatın rəhbəri Cavidan, Əbu İmran olmuşdur. Ən güclü dövrü isə Babək Xürəminin vaxtına təsadüf edib. Belə ki, onun rəhbərliyi ilə Xürrəmi qüvvələri Ərəb nizami qoşunlarını 6 dəfə məğlub etmiş, Azərbaycan ərazilərini ərəb işğalçılarından təmizləmişdir. Hərəkat məğlubiyyətlə bitsə də, imperiyanın çökməsində mühüm rol oynamış, bir neçə onillikdən sonra Azərbaycan ərazində müstəqil dövlətlərin yaranmasına səbəb olmuşdur.

– Slavyanların basqınlarına qarşı mübarizə. 9-cu əsrdə Xəzər dənizi vasitəsilə Azərbaycana soxulan rus-slavyan tayfaları kütləvi qarətçilik və qətllər törətmişdir. Yadelli müdaxilləyə qarşı Şirvanşah Axsitan ciddi müqavimət göstərir və Xəzərdə olan rus donanmasını məhv edir. Sonradan yenidən hücum edən ruslar Bərdəni tutub yandırırlar. Geri qayıdarkən müsəlman xəzərlər tərəfindən məhv edilirlər. 

– Gürcülərin basqınlarına qarşı mübarizə. Gürcü çarları Qurucu Davidin, I Demetrenin hakimiyyəti illərində Azərbaycan torpaqları hücuma məruz qalıb. Gürcü qoşunları dəfələrlə Şirvan ərazisinə, Gəncəyə, hətta Miyanəyə qədər hücum edərək, çoxsaylı dağıntılar, qarət və qətllər törətdilər. Əhalinin ayağa qalxması, Şirvanşahlar və Eldəgəzlər dövlətinin qoşunlarının müdaxiləsi, Səlcuq və monqolların yürüşü gürcülərin yüksəlişini dayandırdı. 

– Çingiz xan və oğullarının başçılığı ilə monqol-tatar basqınları.   

1221-1223-cü illərdə monqolların Azərbaycana yürüşləri dəhşətli nəticələrə səbəb oldu. Minlərlə insan həyatını itirməkdən savayı şəhərlər ciddi dağıntıya məruz qaldı. Monqol yürüşlərində əhali pərakəndə şəkildə müqavimət göstərsə də, yadelli yürüşlərinin irəliləyişini ləngidə bilirlər. Şəhərlər ayrı-ayrılıqda son damla qanlarına qədər vuruşur. Xüsusilə, Gəncə, Şamaxı, Beyləqan, Sərab, Ərdəbil, Həmədan şəhərləri monqollara ciddi müqavimət göstərir.  

– Rusların yürüşləri və müqavimət

Çar Rusiyasının güclənməsinin yaratdığı işğal təhlükəsi Azərbaycandan da yan keçmədi. XIX əsrin əvvəllərində rusların yürüşləri ardıcıl xarakter aldı. O zaman pərakəndə Azərbaycan xanlıqlarının vahid dövlətdə birləşə bilməməsi işğalçılara imkan yaratdı. Lakin ruslar burada ciddi müqavimətlə rastlaşdılar. 1801-ci ildə Car-Balakən camaatlığının, 1804-də Gəncə xanı Cavad xanın sonuna qədər döyüşərək şəhid olması, Bakı xanı Hüseynqulu xanın rus generalı Sisianovu öldürməsi, 1828-ci ildə İrəvan, Naxçıvan xanlıqlarının müqaviməti rusları yürüşlərini əngəlləyən faktorlar idi. Lakin xanlıqların birləşə bilməməsi rus işğalını dayandırmağa mane oldu. Azərbaycan Çar Rusiyasının tərkibində olanda da üsyanlar ara vermədi. 

1837-1840-1877-ci ildə Qubada, 1838 illərdə isə Şəkidə xalq kütlələrinin üsyanı baş verdi. Üsyanlar məğlubiyyətlə nəticələnsə də, xalqın çar məmurlarının özbaşınalığı ilə barışmazlığını ortaya qoydu. 

– Sovet müdaxiləsinə qarşı üsyanlar

¬1920-ci ilə Azərbaycan Xalq Cumhuriyyəti 23 aylıq fəaliyyətindən sonra süqut etdi. Aprel ayının 28-də bolşevik ordusu Azərbaycana daxil oldu, paytaxt Bakını ələ keçirdi. Elə həmin il mayın 25-də Gəncə şəhərində milli qüvvələrin və onların ətrafında birləşən xalq kütlələrinin iştirakı ilə böyük üsyan baş verdi. Gəncədə bolşevik qoşunları ciddi müqavimət görərək xeyli itki verdilər. Lakin əlavə qüvvələrin köməyi ilə iyunun ilk günlərində üsyan tam yatırıldı. Yerli əhalini süngüdən və güllədən keçirən bolşeviklər sovet hakimiyyətini zor gücünə qurdular. Cəza kimi Gəncənin adı dəyişdirilərək Kirovabad qoyuldu.  

Lakin Gəncə üsyanının təsiri Zaqatalaya, Şəkiyə, Qubaya, Qarabağa sıçradı. Boşeviklər burada da yerli bəylər və onları dəstəkləyən xalq kütlələri tərəfindən silahlı müqavimətə rast gəldilər. Yenə də üsyanların pərakəndəliyi, vahid təşkilatlanmanın olmaması, nizami ordu qüvvələrinin qarşısında qeyr-bərabərlik məğlubiyyətlə nəticəndi.

Azərbaycanda baş verən tarixi üsyanların xarakteri, əhatəliliyi və baş vermə səbəbləri onu göstərir ki, bölgənin xalqı işğalla asanlıqla barışmamış, yadların diqtəsinə qarşı dirənmiş, müqavimət şüuruna sahib bir toplum olmuşdur. 

Anar TURAN,
“Xalq qəzeti”

Son xəbərlər