Goranboyda “Heydər Əliyev - əsrin adamı” konfransı

post-img

Yaddaqalan, məzmunlu bir konfrans oldu. Adı da maraqlı idi. “Heydər Əliyev- əsrin adamı”. 

Əvvəlcə ulu öndər Heydər Əliyevin Goranboyun mərkəzindəki abidəsi önünə gül dəstələri, çiçəklər düzüldü. Mədəniyyət Evində başlanan konfransda  Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Heydər Əliyevin Azərbaycana ikinci dəfə qayıdışına həsr olunan qısa bir filmin nümayişindən sonra rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev məruzə ilə çıxış edərək  bildirdi ki,  bugünkü konfrans “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərin davamıdır. 15 iyun Milli Qurtuluş Gününə həsr olunan tədbir 30 il əvvəl ölkədə baş verən  vətəndaş qarşıdurmasının, hakimiyyətdə olan səriştəsiz Xalq Cəbhəsi-Musavat cütlüyünün yaratdığı özbaşınalığın, qardaş qırğınının qarşısının alınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunur. 

Ulu öndər xalqı bəlalardan xilas etdi, dövlət çevrilişlərinə cəhdlərin qarşısını aldı, “əsrin neft kontraktı”nı bağladı, Azərbaycanın iqtisadi qüdrətini artırdı.

İH başçısı dedi ki, Ümummilli liderin arzularını, ərazi bütövlüyümüzün bərpasını, torpaqlarımızın yağı düşməndən xilasını cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirib. Bu gün dövlətimiz öz qüdrəti ilə dünyada sayılıb-seçilir, müstəqil siyasət aparır və xalqımız bunu yüksək qiymətləndirir.  

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev Heydər Əliyevin alimlərə, ziyalılara, yaradıcı adamlara, tarixi şəxsiyyətlərə göstərdiyi diqqət və qayğıdan danışdı, Nizami Gəncəvi irsinin qorunub saxlanması və təbliğində böyük xidmətləri olduğunu qeyd etdi. Onun sözlərinə görə, AMEA-nın Gəncə filialı da Heydər Əliyevin təşəbbüsüdür. Bölmə alimlərinin “Heydər Əliyv və Gəncə” monoqrafiyası ulu öndərin 100 illiyinə töhfəmizdir.

Konfransda Əməkdar jurnalist Hamlet Qasımov, mədəniyyət işçisi Gündüz Hacıyev və başqaları çıxış edərək 15 iyun Qurtuluş Gününün xalqımızın böyük bayramı olduğunu bildirdilər.

H.ZEYNALOĞLU, 
“Xalq qəzeti” 











Son xəbərlər