Şuşa Bəyannaməsi - uğurlarımıza açılan yol

post-img

Cənubi Qafqaz dünyanın indiki geosiyasi vəziyyətində son dərəcə mühüm rol oynayır. Azərbaycan dövlətinin bu regiondakı mövqeyini, eləcə də dövlətimizin əmin-amanlığının və sabitliyinin təmin olunmasına verdiyi müsbət töhfəni nəzərə alsaq, bir lider dövlət kimi ölkəmizin üzərinə düşən ciddi məsuliyyətini və potensialını qeyd edə bilərik. Tarixin göstərdiyi kimi, təəssüf ki, heç də bütün ölkələr bu məqsədə sadiq qalmır, əksinə, ümumi inkişafa mənfi töhfə verməklə, ilk növbədə özlərinə ziyan vururlar. 

Sabitliyi pozmaq cəhdləri rəsmi Bakının davamlı və dayanıqlı siyasətinə elə də mənfi təsir göstərmir. Buna kifayət qədər əsaslar var, həm beynalxalq münasibətlərin qurulma prinsipləri, həm də daxili inkişaf potensialının mövcudluğu ölkəmizi bu gün dünyada sayılıb-seçilən aktora çevirib. Belə mürrəkəb və şərəfli inkişaf yolunda şəxsiyyət faktorunu və tarixi addımları nəzərə alınmaq mütləqdir. 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi, yuxarıda qeyd olunan əsas tarixi addımlardandır. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bu Bəyannamə, sarsılmaz birliyimizi bir daha təsdiqləyən mühüm tarixi addım idi. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının konseptual istiqamətlərini müəyyən edən bu sənəd, gələcək uğurlarımıza yol açaraq yeni mərhələnin əsasını qoydu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz Şuşa Bəyannaməsini imzalamaqla Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”. 

Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etdikdən sonra, Türkiyə ilə əlaqələri bütün istiqamətlərdə ardıcıl inkişaf etdirdi. Ölkələr arasında əlaqələrin məzmununu, ümumi istiqamətini və xarakterini müəyyən edən çoxlu sayda dövlətlərarası sənəd imzalanmışdır. Eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin dövlətlərarası inkişafı üçün əsas olan ilk fundamental sənəd, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1994-cü il fevralın 9-da Türkiyəyə ilk rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan və Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı haqqında müqavilə” olmuşdur. Uzun müddət iki ölkə arasında münasibətlərin inkişafı məhz bu müqaviləyə əsaslanırdı. Dövlətlərarası münasibətləri daha yüksək səviyyəyə çatdıran növbəti mərhələ, 2010-cu il avqustun 16-da “Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in imzalanması oldu.  

İki il əvvəl, 2021-ci il iyunun 15-də isə Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən, Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalanıb. Şuşa Bəyannaməsinin Qars müqaviləsinin (1921-ci il oktyabrın 13-də) imzalanmasından 100 il sonrakı tarixə təsadüf etməsi tarixi və qürurverici faktdır. Yüz ildən sonra işğaldan azad edilmiş Şuşa şəhərində imzalanmış birgə müttəfiqlik bəyannaməsi, gələcək əməkdaşlığımızın istiqamətini göstərir. Sənəddə bir çox mühüm məsələlər öz əksini tapıb. O, demək olar ki, bütün sahələri, o cümlədən beynəlxalq arenada birgə əməkdaşlıq, siyasi, iqtisadi və ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasətini və s. istiqamətləri əhatə edir, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və dünya üçün əhəmiyyəti göstərilir.

Qoşulmama siyasəti sayəsində Azərbaycan əvvəllər heç bir hərbi-siyasi blokun üzvü deyildi və Cənubi Qafqazdakı bəzi qonşularından fərqli olaraq, heç bir rəsmi müttəfiqi yox idi. Beləliklə, Şuşa Bəyannaməsinin imzalanması ilk dəfə olaraq, Azərbaycan və Türkiyəni blokdan kənar müttəfiqlərə çevirdi və iki türk dövlətinin sonrakı inteqrasiyası və qarşılıqlı əməkdaşlığına xidmət etdi ki, bu da digər ölkələrə nümunə ola bilər. Şuşa Bəyannaməsi üçüncü tərəfə qarşı yönəlmədiyi üçün beynəlxalq hüququn, münasibətlərin, prinsiplərin qorunmasının simvoludur, beynəlxalq əməkdaşlıq nümunəsidir.

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə çatması, iki ölkənin və xalqın mənafeyinə xidmət edir. 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında münasibətlərin zirvəsi sayılır, Azərbaycan və Türkiyənin müasir tarixinə strateji əlaqələrin müttəfiqlik münasibətlərinə çevrildiyi gün kimi əbədi olaraq yazılıb.

Masil DƏMIROV,

Beynəlxalq münasibətlər üzrə analitik

Son xəbərlər