Milli Məclisin Sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində “Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı” mövzusunda məruzə ilə çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən redaksiyamıza bildirilib ki, S. Qafarova əvvəlcə Azərbaycan xalqının qədim tarixi və zəngin ənənələri haqqında məlumat verib. Milli dövlətçiliyinin 5 min illik tarixi olduğunu qeyd edən Sədr Azərbaycan ərazisində mövcud olmuş çoxsaylı dövlətlər, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk demokratik parlament respublikası – Xalq Cümhuriyyəti, onun həyata keçirdiyi milli tədbirlər barədə danışıb. 1991-ci ildə müstəqilliyin bərpası ilə tariximizdə yeni bir dövrün başlandığını vurğulayan parlament Sədri müstəqillik illərində ölkəmizin əldə etdiyi möhtəşəm nailiyyətləri auditoriyanın diqqətinə çatdırıb.
Milli Məclisin Sədri daha sonra bildirib ki, 30 ildən artıqdır ki, BMT-nin üzvü kimi Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini beynəlxalq arenada yeganə davranış qaydaları kimi qəbul edərək, qarşılıqlı etimad və maraqlar əsasında çoxvektorlu əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa önəm verir, dünyada dialoq və həmrəyliyə dəstək göstərir. Ölkəmiz 155 üzv dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan BMT ilə yanaşı, Qoşulmama Hərəkatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumların da üzvüdür.
Paramentin Sədri Azərbaycanın Avropanın enrji təhlükəsizliyinə töhfəsindən, 30 il Ermənistanın işğalı altında olan 20 faiz ərazisini öz gücü ilə azad etməsindən, Qarabağ və Şərqi Zəngəzurda törədilmiş kütləvi erməni vandallığından söhbət açıb. O, Ermənistanın son hərbi-siyasi təxribatları barədə məlumat verib, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq işlərindən də danışıb.
Sonda Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovaya Varşava Universitetinin Fəxri diplomu və medalı təqdim edilib.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

