“Azerbaijan Fish Farm”də istehsal olunan məhsullar xarici ölkələrə də ixrac edilir

post-img

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, ölkədə özəlləşdirilən müəssisələr yenidən qurulur, fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Bu müəssisələrdən biri də investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, investisiya müsabiqəsinin qalibi “Azerbaijan Fish Farm” MMC üzərinə bir sıra öhdəliklər götürüb və artıq onların alğı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrası başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq işçilərin ümumi sayı 115 nəfərə çatdırılıb. Onların orta aylıq əməkhaqqı 600 manat təşkil edir. Hazırda müəssisə 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir.

Təsərrüfatın ümumi sahəsi 58,6 hektar təşkil edir. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, o cümlədən sudurulducu sistemlərdən ibarətdir.

Niderlandın tanınmış şirkətlərindən biri tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemini və qurğularını özündə birləşdirir. Balıq saxlanılması, artırılması və yetişdirilməsi üçün 34 nohurun ümumi sahəsi 34 hektardır.

“Dəniz sahili bölməsi”nin ümumi sahəsi 8 hektardır və Xəzər dənizinin sahilində, Nord-Ost qoltuq istiqamətində yerləşir. Təbii mühit şəraitinə uyğunluğu təmin etmək məqsədilə bu bölmə dəniz suyu ilə təchiz olunan və diametri 6 metr olan 12, diametri 9 metr olan 16 və diametri 20 metr olan 32 hovuzdan ibarətdir. Hazırda bu hovuzlarda müxtəlif yaş qruplarına aid ümumi kütləsi 61,7 ton olan nərə cinsli 18 min 400 balıq yetişdirilir.

Təsərrüfatın direktoru İsmayıl Yunusov bildirib ki, müəssisənin yenidən qurulması qida sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balıq və balıq məhsullarına olan tələbatının ödənilməsinə də şərait yaradır. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac edilir. Təsərrüfatda il ərzində 10 ton nərə cinsli balıq kürüsü, 200 ton nərə cinsli balıq əti, 100 ton əmtəəlik çəkikimi balıqların istehsal edilməsi nəzərdə tutulur. Nərəcinsli balıqların faktiki istehsalı 65 ton, kürü məhsulu isə 1,327 ton təşkil edir.

Qeyd edək ki, bioloji müxtəlifliyin qorunması və nəsli kəsilməkdə olan balıq növlərinin bərpası məqsədilə 1 milyon ədəd nərəcinsli balıq körpəsinin artırılaraq, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Xəzər dənizinə buraxılması da layihədə yer alıb.

Ötən il təsərrüfatda ümumilikdə 2 milyon 101 min 468 manat dəyərində 50 min 731 ton balıq və balıq məhsulları istehsal olunub və satılıb.











Son xəbərlər