Dünən Heydər Əliyev Mərkəzində “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli çıxış edərək forumun əhəmiyyətindən danışıb, Azərbaycanda teatr sənətinin keçdiyi inkişaf yolu haqqında məlumat verib.
O, vurğulayıb ki, Birinci Teatr Forumunun Heydər Əliyev Mərkəzində keçirilməsi təsadüfi deyil, mühüm rəmzi məna daşıyır. Forum “Heydər Əliyev İli” çərçivəsində ulu öndərin 100 illiyi ərəfəsində keçirilir. Ulu öndər mədəniyyətin inkişafında böyük xidmətləri olmuş dahi şəxsiyyət idi.
“Forumun əsas məqsədi teatr adamlarını bir araya gətirmək, bu sahənin daha da inkişafı üçün bu platformadan istifadə etməkdir. Uzun zaman idi peşəkarların bir araya gəlib problemləri sistemli və doğru-düzgün müzakirə etməsi üçün belə şərait yaranmamışdı. Biz bu fürsəti layiqincə dəyərləndirməliyik. Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Bu gündən mədəniyyət könüllüləri də fəaliyyətə başlayıb”, – deyə Adil Kərimli bildirib.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə ilk dəfə teatrla bağlı forumun keçirilməsini əlamətdar hadisə adlandırıb. Teatr sənətinin inkişafı naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışan M.Əlizadə bu günədək teatrın keçdiyi inkişaf yoluna nəzər salıb. O, ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında fikirlər səsləndirib.
Sonra Məryəm Əlizadənin “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.
Forum panel müzakirələrlə davam edib.
“Xalq qəzeti”