ABŞ Prezidenti Cozef Bayden aprelin 11-dən 14-dək Böyük Britaniya və İrlandiyada səfərdə olacaq. Bu barədə Ağ evin mətbuat xidmətindən məlumat verilib. Məlumatı TASS yayıb.
Məlumata görə, dövlət başçısı aprelin 11-də Belfast sülh müqaviləsinin imzalanmasının 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edəcək. O, bununla Birləşmiş Ştatların Şimali İrlandiyanın iqtisadi potensialına dəstəyini nümayiş etdirəcək.
Cozef Bayden növbəti gün İrlandiyaya gedəcək. Burada qlobal problemlər üzrə bütün sahələrdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. ABŞ Prezidenti, həmçinin Dublində, Laut və Meyo qraflıqlarında keçiriləcək tədbirlərə qatılacaq və aprelin 14-də Vaşinqtona qayıdacaq.
Məlumata əsasən, Cozef Baydeni Şimali İrlandiyaya Böyük Britaniyanın Baş naziri Rişi Sunak dəvət edib.
“Xalq qəzeti”