ABŞ-ın sabiq prezidenti Donald Tramp Manhettendə ştat məhkəməsində 2016-cı il prezident seçkisində qalib gəlməzdən qısa müddət əvvəl pornoulduz Stormi Danielsə 10 il əvvəl aralarındakı romantik görüşlə bağlı “səssiz qalması üçün” edilən 130 min dollarlıq ödənişlə əlaqədar 38 ittiham üzrə mühakimə olunub. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.
Qeyd edək ki, sözügedən iddianı S.Daniels qaldırıb. D.Tramp bütün maddələr üzrə təqsirli olmadığını bildirib. Birləşmiş Ştatların tarixində ilk dəfədir ki, vəzidəfə olan və ya keçmiş prezidentə qarşı ittiham qaldırılır.
Yerli mətbuat yazır ki, D.Tramp S.Danielslə bir gecəlik münasibətinin olduğunu inkar etsə də, bir zamanlar vəkili olan Maykl Kohenin Danielsə ödəniş etdiyini və Kohenə edilən kompensiyasiya ödənişlərinin sabiq dövlət başçısına məxsus təşkilatın hesablarında hüquqi xərc kimi qeydə alındığını inkar etməyib. Təqsirləndirilən şəxs ödənişin onun yeddi il əvvəl apardığı seçki kampaniyası ilə bağlı olduğunu iddia edib.
Xatırladaq ki, 76 yaşlıD.Tramp prezident seçilməzdən qabaq özünün daşınmaz əmlak üzrə nəhəng biznes imperiyasına başçılıq edirdi. İndi isə o, ilk dəfə olaraq təqsirli şəxs qismində məhkəmə qarşısına çıxarılıb. ABŞ-da keçirilən son rəy sorğuları D.Trampın 2024-cü il prezidentliyə respublikaçı namizədlər arasında birinci yerdə olduğunu göstərir. Bununla bərabər, əksər amerikalılar D.Tramla bağlı kəskin fikir ayrılığına malikdirlər. Əhalinin bir qismi ondan razılıq edir, başqa bir kəsim isə ciddi narazıdır.
Məhkəmədən öncə ittiham aktı gizli saxlanılırdı. Belə ki, D.Trampa qarşı irəli sürülən ittihamlar və dəlillər geniş ictimaiyyətə açıqlanmırdı. O, məhkəmədən əvvəl hər bir təqsirləndirilən şəxs kimi nəzarətə alınıb və onun barmaq izləri alınıb. Ancaq rəsmilərin dediyinə görə, keçmiş prezident olduğu üçün, onun qolları qandallanmayıb və fotoqroflar önündən keçməyib.
Manhettendəki məhkəmədən sonra Donald Tramp Florida ştatına yola düşüb. Ştatın Palm-Biçdəki iqamətgahında çıxış edən respublikaçının sözlərinə görə, onun ölkəsində seçkilərə müdaxilə indi görünməmiş miqyasda baş verir. “Bu, Corc Sorosun dəstəklədiyi prokuror Alvin Bragg ilə başlayır. O, prezident Trampı zəiflətmək üçün kampaniya qurmuşdur”, –deyə Tramp bildirib.
M.HACIXANLI, “Xalq qəzeti”