Bu il fevralın 6-da Türkiyədə baş verən ağır zəlzələyə baxmayaraq, qardaş ölkədə iri infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraosmanoğlu dünən “Anadolu” agentliyinə müsahibəsində bir çox meqalayihələr barədə açıqlamalar verib.
Nazir bildirib ki, Ankara–Sivas yüksək sürətli dəmiryol yolu, Ziqana tuneli, İstanbul və Ankara metrolarında əlavə xətlər və s. iri layihələr yaxın həftələr ərzində istifadəyə veriləcək. Qeyd edək ki, bu il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu əlamətdar hadisə ərəfəsində ölkədə çox saylı yeni obyektlərin təntənəli açılış mərasimləri planlaşdırılıb.
Nazir bununla bərabər qeyd edib ki, Türkiyə hökuməti iri infrastruktur layihələrinin icrasını davam etdirməklə yanaşı, Kahramanmaraşda və ətraf bölgələrdə dəhşətli zəlzələnini ağır yaralarını sağaltmaq üçün əlindən gələni edir. “Bu istiqamətdə işlər nəinki yavaşıyacaq, əksinə, sürətlənəcək və bərpa templəri daha da yüksələcək”, – deyə nazir vurğulayıb.
İndi də yuxarıda adlarını çəkdiyimiz layihələr barədə qısa məlumat verək. Beləliklə, ölkə paytaxtını Sivas şəhəri birləşdirən Ankara–Sivas sürət qatarının saatda 250 kilometr yol qət edəcək. Qatarın qət edəcəyi məsafə mövcud avtomobil yolundan xeyli qısadır. Sərnişinlər yola iki dəfəyə yaxın az vaxt sərf edəcəklər.
Layihə üzrə Elmadaq, Kırıkkale, Erkey, Yozqat, Sorqun, Akdaqmadeni, Yılıdızeli və Sivas sonuncu olmaqla, səkkiz stansiya fəaliyyət göstərəcək. Kırıkkale, Yozqat və Sivas vilayətlərində yaşayan 1,4 milyon sakin sürət qatarından tezliklə istifadə edə biləcəklər. İnşaat işlərində yalnız Türkiyə istehsalı olan dəmir relslərdən istifadə olunur.
Bu günlərdə İstanbul metrosunda Başakşehir–Kayaşehir yeni metro xəttinin tikintisi davam edir. Uzunluğu 6,2 kilometr olan xətdə Onurkent, Başakşehir Çam, Sakura və Kayaşehir adlı dörd stansiya olacaq. Metroda qatarlar saatda 80 kilometr sürətlə hərəkət edəcək və bu istiqamətdə bir saat ərzində 70 minə yaxın sərnişin daşınacaq.
Ziqana tuneli layihəsi də mühüm infrastruktur layihələrindəndir. Türkiyənin şərqində inşa edilən bu tunelin tezliklə istifadəyə verilməsi ilə nəqiliyyat vasitələrinin daha sürətli, keyfiyyətli və təhlükəsiz hərəkəti təmin ediləcək.
Məlumat üçün bildirək ki, Qara dəniz sahilindəki böyük iqtisadi mərkəzlərdən biri olan Trabzonu Bayburt, Aşkale və Ərzurum şəhərləri ilə birləşdirən yolda inşa edilən tunelin uzunluğu dalan yollarla birlikdə 15,1 kilometrdir. Tunel “Böyü ipək yolu” layihəsinin tərkib hissəsidir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraosmanoğlu sonra bildirib ki, tuneldə modern ventilyasıya sistemləri quraşdırılıb. Onun sözlərinə görə, ikitərəfli hərəkəti təmin edən Ziqana tuneli uzunluğuna görə Türkiyədə birinci, Avropada üçüncüdür. Belə bir faktı da qeyd etməyə dəyər ki, tunel yolu 8 kilometr qısaldır. Yuxarıda qeyd etdik ki, yaxın aylar ərzində İstanbul metrosunda yeni xətlər istifadəyə veriləcək. Ankara metrosunda da hazırda təzə metro stansiyaları sürətlə inşa edilir. Təkcə burada deyil, ölkənin bir çox digər böyük şəhərlərində metro tikintisi genişlənir.
Sonda xatırladaq ki, haqqında bəhs etdiyimiz layihələr əsasən nəqliyyat sahəsini əhatə edir. Son illər qardaş ölkədə başqa sahələrdə, eləcə də tekstil, yüngül və emal sənayesi, inşaat, kənd təsərrüfatı istiqamətlərində də nəzərəçarpan uğurlar əldə olunub.
Türkiyə son illər müdafiə sənayesi məhsulları istehsalında, xüsusilə, pilotsuz uçuş aparatlarının hazırlanmasında, modern texnologiyalarıın tətbiqində böyük nailiyyətlər qazanıb. Əlbəttə, ölkə iqtisadiyyatında müəyyən çətinliklər də var. Son vaxtlar milli valyuta dollar qarşısında xeyli dəyər itirib, inflyasiya yüksəlib. Lakin Türkiyə dövləti və xalqı ən böyük problemləri həll etməyə qadirdir! Allah Türkiyəni və türk xalqını qorusun!
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

