Finlandiya NATO-nun 31-ci üzvü oldu

post-img

Dünən NATO-nun Brüsseldəki mənzil-qərargahında Rusiyanın Avropada ən böyük quru sərhədləri olan dövlətlərdən biri Finlandiya Respublikası təntənəli surətdə quruma üzv qəbul olunub. Bu barədə BBC müxbirləri məlumat yayıb. 

Xəbərdə deyilir ki, əvvəlcə Finlandi­yanın xarici işlər naziri Pekka Haavisto ölkəsinin alyansa qəbul ərizəsini və digər tələb olunan sənədləri ABŞ-ın Dövlət ka­tibi Entoni Blinkenə təqdim edib. 

Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrin xarici işlər nazirlərinin iştira­kı ilə keçən tədbirə Finlandiya Prezidenti Sauli Niinisto da qatılıb. NATO-nun Baş katibi Yens Stoltenberq ali qonağı, eləcə də bütün tədbir iştirakçılarını salamlayıb. 

Alyansın baş katibinin sözlərinə görə, “Finlandiyanın üzvlüyə qəbulu bu ölkəni daha güvənli və güclü edəcək”. Finlandi­ya Prezidenti, öz növbəsində, onun döv­lətinə və xalqına göstərilən etimada görə təşəkkür edib və ölkəsinin nümunəvi NATO üzvü olacağına əminlik ifadə edib. 

ABŞ-ın NATO-dakı nümayəndəsi Ju­lian Smit deyib ki, “bu gün, həqiqətən çox əlamətdar bir gündür. Belə ki, Finlandi­ya Qərb dövlətləri və xalqları ilə ümumi dəyərləri paylaşan kifayət qədər güclü, nüfuzlu bir dövlətdir”. Xanım siyasətçi, həmçinin bildirib ki. gələn ilin iyulunda NATO-nun Litvada keçiriləcək sammitin­də İsveçin də alyansa üzv qəbul olunaca­ğına böyük ümidlər bəsləyir. 

Dünən Brüsseldə jurnalistlər qarşı­sında çıxış edən ABŞ-ın Dövlət katibi En­toni Blinken qeyd edib ki, baş verənlərə görə, bəlkə də yeganə haldır ki, ruslara, hətta bir “təşəkkür” düşür. Ona görə ki, onlar sanki Rusiyanın təcavüzü səbəbin­dən bunun baş verəcəyini əvvəlcədən görürdülər. 

Xatırladaq ki, Finlandiyanın şərqdə Rusiya ilə 1340 kilometr (832 mil) uzun­luğunda sərhədi var. Rəsmi Helsinki ötən ilin mayında, yəni Rusiyanın Ukraynaya təcavüzündən cəmi üç ay sonra İsveç ilə birlikdə NATO-ya daxil olmaq planını açıqlayıb. 

Qeyd edək ki, alyansın Nizamnamə­sinin 5-ci maddəsinə görə, qurumun hər hansı bir üzvünə hücum bütün alyansa təcavüz kimi dəyərləndirilir. Finlandiya sakinləri Rusiyanın militarist siyasətin­dən narahat olaraq NATO-ya üzv olmaq qərarına gəldilər. Belə ki, əhalinin 80 faizi Suomi (finlər öz vətənlərini belə adlan­dırır) ölkəsinin NATO-ya üzv olmasını dəstəkləyib. 

Lakin İsveçin üzvlüyə qəbulu Türkiyə tərəfindən bloklanıb. Ankara hesab edir ki, Stokholm ölkə ərazisində kürd terror­çularına və tərəfdarlarına qeyri-qanuni surətdə sığınacaq verərək onları himayə edir. 

Qeyd edək ki, Macarıstan da hələlik İsveçə bu məsələdə razılıq verməyib. Budapeşti İsveç rəsmilərinin Macarıstan hökumətinin başçısı Viktor Orbanı tez-tez avtoritar idarəçilikdə günahlandırma­sı narazı salır. 

Beləliklə, Finlandiya NATO-nun say­ca 31-ci üzvüdür. Helsinki buna çox qısa müddətdə, cəmi on aya nail oldu. Bunun­la da, Rusiyanın NATO-ya üzv dövlətlər ilə birbaşa sərhədləri birdən-birə iki dəfə artıb. 

Yeri gəlmişkən, dünən NATO-nun yaranmasının 74 illiyi tamam olub. Xa­tırladaq ki, alyans 1949-cu ildə “soyuq müharibə”nin ən qızğın dövründə sovet təhlükəsindən müdafiə məqsədilə təşkil olunub. O vaxtdan genişlənərək dünya­nın ən böyük hərbi blokuna çevrilib. 

Qeyd etmək lazımdır ki, Finlandiya­nın NATO-ya üzv olması qurumun şərqə doğru genişlənməsinə kəskin etiraz edən rəsmi Moskva üçün heç də arzuolunan hadisə deyil. Prezident Vladimir Putin 2021-ci ilin fevralında Rusiya ordusunun Ukraynaya hücumundan əvvəl Qərb döv­lətlərinə bu barədə dəfələrlə xəbərdarlıq edib, bu “səhv” addımdan çəkindirməyə çağırıb. 

Bu günlərdə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Brüs­seldə baş verənləri diqqətlə izləyir və NATO-nun şərqə doğru genişlənməsini öz milli maraqları üçün təhdid hesab edir. 

İki gün əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko xə­bərdarlıq etmişdi ki, NATO Finlandiyada yeni hərbi resurslar yerləşdirərsə, o za­man Rusiya özünün milli təhlükəsizliyini təmin etmək üçün “əlavə addımlar” ata­caq. Bu ölkənin Belarusdakı səfiri Boris Qrızlov isə bildirib ki, Rusiya Belarusun qərbində taktiki nüvə raketləri yerləşdir­mək niyyətindədir. 

BBC şərhçisi qeyd edib ki, bu xəbər NATO üzvü olan Polşada və digər Şərqi Avropa dövlətlərində ciddi narahatlıq doğurub. Bununla bağlı NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, hələlik Rusiya ərazisində nüvə silahlarının yer­dəyişməsi müşahidə olunmayıb.

Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirləri ukraynalı həmkarları Dmitri Kuleba ilə görüşərək Kiyevi uzun müddət ərzində də müdafiə etməyə hazır olduqlarını bildiriblər. Macarıstanın etiraz etməsinə rəğmən, NATO-Ukrayna birgə komissiyasının iclası keçirilib və orada bir daha Ukraynaya dəstək ifadə olunub. 

Sonda xatırladaq ki, 5,6 milyon əha­lisi olan Finlandiya ərazisinə (338,4 min kvadratkilometr) görə Avropanın ən böyük ölkələrindən biridir. Burada təx­minən, 179 minə yaxın böyük-kiçik ada, bir o qədər göl var. Finlandiya 1995-ci ildən Avropa İttifaqının üzvüdür, dörd il sonra isə avrozonaya qoşulub. 

Maraqlı cəhətlərdən biri də odur ki, Finlandiyada təqribən 200 qəzet, 320 jur­nal nəşr olunur. Finlər dünyada yaponlar­la bərabər, ən çox qəzet oxuyan ölkədir. 

 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

Son xəbərlər