Baxmut müdafiə olunur

post-img

Dünən Rusiya mənbələri Ukraynanın Baxmut şəhərinin rus qoşunlarının nəzarətinə keçdiyini bildirsə də, məlumat təsdiqini tapmayıb. “Euronews”in xəbərinə görə, Ukrayna Silahlı Qüvvələri bu barədəki məlumatı təkzib edib. Xəbərdə o da bildirilir ki, ukraynalı hərbçilər hələ də şəhərdə qalan dinc sakinləri təxliyə edirlər. Ukrayna CQ Şərq qruplaşmasının nümayəndəsi Sergey Çarevatı deyib ki, ölkə hərbçiləri şəhərin müdafiəsini davam etdirirlər.

Xatırladaq ki, bir gün əvvəl “Vaq­ner” Baxmutun hüquqi cəhətdən ələ keçdiyini, şəhər administrasiyasının binası üzərində isə Rusiya bayrağı­nın qaldırıldığını bəyan edib. Bunun sübutu üçün gecə vaxtı çəkilmiş vi­deomaterial nümayiş etdirilib. Ancaq binanın administrasiyaya aid olub-ol­madığı aydın olmayıb.

Çerevatının sözlərinə görə, son sutka ərzində Rusiya qüvvələri 32 dəfə Baxmuta hücum həyata keçirib­lər. Şəhərin özündə 26 toqquşma baş verib. 238 dəfə Ukrayna ordusunun mövqeləri reaktiv artilleriya atəşinə tutulub. Nəticədə rusların 90 hərb­çisi və üç səhra silah anbarı məhv edilib: “Baxmut hələ ki, rəqibin əsas zərbələrinin, ilk növbədə, “Vaqner” döyüşçülərinin hədəfidir”. 

Ukraynanın Baxmut uğrunda inadla mübarizə apardığını Ağ evin strateji kommunikasiyalar üzrə ko­ordinatoru Con Kirbi də təsdiq edib: “Baxmut ukraynalılar üçün böyük əhəmiyyət kəsb edir və buna hörmət edirik, anlayırıq. Amma Ukrayna or­dusunun Baxmutdan geri çəkilməsi də strateji baxımdan döyüşün dina­mikasını dəyişməyəcək”.

Ukrayna Silahlı Qüvvələri Hava Qüvvələrinin komandanı Yuri İqnat isə Rusiyanın cəbhədə və Ukrayna­nın regionlarında sutkada 20 avia­bomba atdığını bəyan edib: “Rəqibin aviasiyası işləyir. On kilometrlərlə (70 kilometrə qədər) uça bilən bomba­lardan istifadə edir. Təmas xəttində gündə 10-15, 20 bomba atılır”. 

RF Müdafiə Nazirliyinin məlu­matında isə qeyd edilir ki, Donetsk istiqamətində hücum zamanı 285 uk­raynalı hərbçi və çoxlu hərbi texnika məhv edilib. Nazir Sergey Şoyqu isə Ukraynaya Qərbdən göndərilən xari­ci texnikaların rus ordusu tərəfindən həm daşınma prosesində, həm də döyüş mövqelərində məqsədyönlü şəkildə vurulduğunu bildirib. “Təkcə 59 ədəd M-777 artilleriya sistemi, 13 “Paladin” artilleriya qurğusu, 14 ədəd ABŞ istehsallı HIMARS qurğu­su, eləcə də Polşa, Almaniya, Fransa və Çexiyadan göndərilmiş 30 özüye­riyən artilleriya qurğusu məhv edilib”, – deyə Şoyqu əavə edib. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər