Qərbin ikili standartları rus əsgərlərinin çəkmələrində

post-img

Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Nyu-Yorkdakı İkinci Dünya müharibəsi muzeyində “Çarmıxa çəkilmiş Ukrayna” adlı sərgi nümayiş etdirilir. Məlum olduğu kimi, əsas məqsəd Rusiya Federasiyasının 2014-cü ildən bəri apardığı xarici siyasətin tənqid olunması və Ukraynaya dəstək verilməsidir. Təbii ki, bu, Birləşmiş Ştatların daxili işlərinə aid olan məsələdir və ona görə də biz həmin sərginin açılmasına münasibət bildirmək istəmirik. Ancaq o sərgi haqqında yayılan məlumatlarda bizə qəribə görünən bir məqam da var. 

Söhbət ondan gedir ki, Azərbaycan dövləti faşist, işğalçı, terrorçu, talançı və qarətçi Ermənistan üzərindəki şanlı Qələbəsindən sonra Ba­kıda “Hərbi Qənimətlər Parkı” adlı muzey-sərgi kompleksi yaratmış, orada eksponat kimi düşmənin əlindən aldığı­mız və ya erməni fərarilərinin qoyub qaçdığı silah, sursat, texnika, hərbi vasitələr, geyim əşyaları və əsgər dəbilqələri düzülmüşdü. 

Bu, bizim tam hüququmuz idi. Çünki öz havadarlarına gü­vənən Ermənistan dövləti 30 ilə yaxın müddət ərzində bizim on minlərlə soydaşımızı qətlə yetirmiş, ərazilərimizin 20 fai­zini, sözün həqiqi mənasında, viranəyə çevirmişdi. Sonra biz onların ordusunu məhv etsək də, dövlətlərini çökdürsək də, minlərlə şəhid anasının ürə­yindəki yaranın sağaldılması mümkün deyildi. Məhz şəhid analarına təsəlli vermək üçün düşmənin həqiqətən məğlub edildiyini sübut etməli idik. Həmin parkı yaratmaqda da məqsədimiz bu idi. 

Ancaq park açılar-açıl­maz rəsmi Vaşinqton başda olmaqla, dünyanın bir çox paytaxtlarından etiraz səsləri ucaldı ki, oradakı eksponatlar erməni xalqının heysiyyatına toxunur. Fransa, Hollandiya, ABŞ... mətbuatı Azərbaycan dövlətinin həmin layihəsini birmənalı olaraq “antibəşəri addım” adlandırmış, parkın bağlanmasını və ya əksər eksponatların yığışdırılmasını tələb etmişdi. Həmin bəya­natları verən riyakarlar anla­mırdılar ki, Xocalıda törədilən vəhşiliklər də, dağıdılan məs­cidlər, muzeylər, yox edilən məktəblər, tarixi-mədəni abi­dələr, təhqir olunan qadınlar, öldürülən körpələr də bizim heysiyyatımıza toxunmuşdu. Şərəfsizcəsinə etiraz edirdilər ki, erməni zabitlərin səngərə zəncirlədiyi öz fərari əsgərlə­rinin manekenləri tamaşaçı­lara göstərilməsin. 

Hətta, iş o yerə çatdı ki, mövcudluğu dövründə hə­yasızlıqdan başqa heç bir milli keyfiyyət nümayiş et­dirə bilməyən ermənilər Hər­bi Qənimətlər Parkına görə Azərbaycanı Beynəlxalq Məhkəməyə də verdilər. Ya­dımdadır, 2021-ci il dekabrın 8-də Xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olun­maması ilə bağlı keçirdiyi mətbuat konfransında demiş­di ki, Ermənistan son aylarda bəzi ölkələrin parlamentində ermənipərəst deputatların va­sitəsilə Bakı şəhərində açıl­mış Hərbi Qənimətlər Parkı­nın erməni millətinə qarşı etnik nifrətin təzahürü oldu­ğunu bildirmişdi.

Nazir müavininin dediyinə görə, düşmən tərəf, hətta müxtəlif səviyyələrdə qərəzli bəyanatların verilməsinə də nail olmuşdu. Lakin Azərbay­can bu məsələyə sırf hüquqi prizmadan yanaşaraq, məh­kəmədə parkın mahiyyət və məqsədini ətraflı izah edə bildi. Nəticədə Beynəlxalq Ədalət Məhkəməsi 2021-ci il dekabrın 7-də Ermənista­nın vəsatətini rədd etdi. Yəni Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanması tələbi düşmənin digər arzuları kimi, gorbagor oldu. Məhkəmə ümumi şəkildə irqi ayrı-seçki­liyin qarşısının alınması üçün konvensiya üzrə Azərbayca­nın öhdəliklərini qeyd edib. Bununla da Ermənistanın məhkəmədə almağa çalışdığı və məhz siyasi xal qazanma­ğa hədəflənmiş vəsatəti də uğursuzluğa uğradı.

Bütün bunlar dünyanın gözü qabağında olub. Elə ABŞ təmsilçilərinin həlak olmuş rus əsgərlərinin çək­mələrini məhz Nyu-Yorkda, Rusiya simvolu olan beş­guşəli ulduzun içərisində nü­mayiş etdirilməsi də dünyanın gözü qabağında sərgilənən ikili standart və riyakarlıq nü­munəsidir. 

Mətbuat təmsilçiləri bu məqamda Qərbin ikili stan­dartlarının göstəricisi olan başqa bir faktı da yada sa­lırlar. Belə ki, Bakıdakı Hərbi Qənimətlər Parkı açılandan sonra bütün işini-gücünü buraxıb Azərbaycana qarşı ittihamlar irəli sürməklə məş­ğul olan Avropa Parlamenti bəyanat vermişdi ki, həmin park “qəddarlıq nümunəsi olduğuna” görə dərhal bağ­lanmalıdır. Onlar unudurdu­lar ki, Avropanın mərkəzində -- Fransadakı muzeylərdən birində müstəmləkəçiliyə qar­şı mübarizə aparmış Əlcəzair ərəblərinin onlarca kəllə sü­müyü nümayiş etdirilir. Bu, iki­li standart deyilsə, bəs onda nədir?

Sonda bir məsələni də qeyd edək. Bakıdakı Hərbi Qənimətlər parkı beynəlxalq aləmdəki işğalçı, terrorçu və təxribatçılara ibrət nümunə­sidir ki, antibəşəri siyasətin, insanlığa yaraşmayan bəd əməllərin nəticəsi belə olur. Bəs fransızların nümayiş etdirdiyi kəllə sümüklərinin mənası nədir? Əlbəttə, o deməkdir ki, bizim siyasəti­mizi, hakimiyyətimizi qəbul etməyənlərin aqibəti belə ola­caq. 

Daha siz deyən kimi ol­mayacaq, cənablar! Dünya artıq yeni düzən prinsiplərinə doğru gedir. Sizin müstəm­ləkəçilik siyasətiniz də gorba­gor olacaq, ikili siyasətiniz də. Yetər artıq, bəşəri dəyərləri ayaq altına atdığınız yetər! Bütün dünya artıq sizin ikili standartlarınızı lənətləyir!

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət