Anar Bağırov: “Türk dövlətləri arasında mütləq ortaq hüquq platforması olmalıdır”

post-img

“Türk dövlətləri arasında mütləq ortaq hüquq platforması olmalıdır, çünki qanunlar nə qədər yaxın olsa, dövlətlər də bir-birinə o qədər yaxın olar”.

Bu barədə “Xalq qəzeti”nə açıqlamasında qardaş ölkədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Hazırda türk dünyasında, eləcə də Azərbaycanla Türkiyə arasında ortaq hüquq məsələsinin əhəmiyyətini vurğulayan Anar Bağırov bildirib ki,  Ankarada səfəri müddətində rəsmi görüşləri çərçivəsində bu mövzuya da toxunulacaq: “Apardığım müşahidələrə görə,  türk dünyasında demək olar ki, bütün sahələrdə əməkdaşlıq olsa da, nədənsə ortaq hüquq fəaliyyətləri ilə bağlı əməkdaşlığımız o qədər də geniş deyil. Bu bizi çox narahat edir və düşünürəm ki, mütləq ortaq hüquq platforması olmalıdır.  Mədəni və mülki qanunvericiliklərimiz oxşardır, amma başqa qanunvericiliklərimizdə fərqlər çoxdur.  Arzuolunandır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində bu əməkdaşlıq da güclənsin. Çünki cəmiyyətlər və dövlətlər qanunvericilik əsasında yaşayır və fəaliyyət göstərirlər.  Biz hüquqşünas olaraq bu fikirdəyik. Səfərimiz çərçivəsində Türkiyənin bir çox məhkəmə qurumları ilə görüşlərimiz olacaq və biz bu məsələni də orada səsləndirəcəyik”, - deyə sədr qeyd edib.

Qeyd edək ki, Anar Bağırovun azərbaycanlı heyətlə birgə iki günlük səfəri çərçivəsində Türkiyə Dövlət Şurasının,  Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və  Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədrləri ilə və eyni zamanda ədliyyə nazirinin müavini ilə görüşləri nəzərdə tutulub. 

Bundan başqa Azərbaycanın Türkidəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da heyəti qəbul edəcək.

Heyət  Ulu Öndər Heydər Əliyevin Ankarada yerləşən Heydər Əliyev parkındakı abidəsini, Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

 

M.SULTANOVA

Ankara

Son xəbərlər