ATMU-da Xocalı faciəsi anılıb

post-img

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən tədbirdə Universitetin rektoru İlham Mədətov Xocalı soyqırımının insanlıq tarixinə kütləvi terror aktı kimi daxil olduğunu, baş verənlərin detallı şərhini diqqətə çatdırıb.

Rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı nəticəsində 613 nəfərin amansızlıqla həlak olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşaqın hər iki,130 uşağın isə valideynlərindən birini itirdiyini, eyni zamanda 487 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü, 155 nəfərin isə itkin düşdüyünü qeyd edib.İnsanlığa qarşı törədilən cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib.

  Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)  professoru Məhərrəm Zülfüqarlı Xocalı faciəsinin insanlığa, maddi-mədəni və mənəvi sərvətlərimizə qarşı vandal münasibətlərindən söz açdı. Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov isə indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarların qəbul edildiyini dedi.

   Universitetin karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova  bütün şəhidlərə Allahdan rəhmət dilədi. İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatların qəbul olunduğunu, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün zaman-zaman məqsədyönlü fəaliyyət göstərildiyini diqqətə çatdırdı.

    Qeyd etmək lazımdır ki, universitetdə Xocalı faciəsini əks etdirən xüsusi guşədə sənədli və bədii əsərlərdən ibarət kitab sərgisi fəaliyyətə göstərir. İlk dərslər əsrin faciəsi – Xocalı qətlamına həsr olunub. ATMU–MEDİYA-da gün ərzində Xocalı faciəsini əks etdirən foto-fakt yayınlanır. Bir qrup tələbə isə karyera və kommunikasiya şöbəsinin əməkdaşı Lalə Qafarovanın rəhbərliyi ilə Memorial Soyqırımı muzeyini ziyarət edib.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 



Son xəbərlər