“Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar”

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum keçirilib.

XQ xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov çıxış edib. Baş nazirin müavini iqtisadi suverenliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafa təkan verən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılması və vergi orqanlarının bu istiqamətdə artan rolu barədə məlumat verib. Qeyd edib ki, vergi sistemi dövlətin iqtisadi idarəetmə mexanizmlərinin əsas dayaqlarından biri olmaqla, makroiqtisadi sabitliyin qorunmasında, fiskal dayanıqlığın təmin edilməsində və iqtisadi proseslərin balanslı şəkildə tənzimlənməsində mühüm rol oynayır. Baş nazirin müavini biznes mühitinin yaxşılaşdırılmasına xidmət edən sistemli və ardıcıl yanaşmalar barədə də danışıb. Bildirib ki, bu prosesdə fiskal, vergi, sosial və maliyyə siyasətlərinin institusional koordinasiyası həlledici rol oynayır. Bu sinerji iqtisadi siyasətin effektivliyini, islahatların davamlılığını və əldə olunan nəticələrin uzunmüddətli olmasını təmin edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə mövcud makroiqtisadi sabitlik və əlverişli biznes mühiti barədə məlumat verib. Qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsində özəl sektorun böyük rolu var və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora dövlət dəstəyinin böyük hissəsi vergi və gömrük güzəştləri ilə bağlıdır. Bu strateji yanaşma iqtisadiyyatda mühüm keyfiyyət və struktur dəyişiklikləri ilə nəticələnib. Həmçinin, son illər vergi sahəsində aparılan islahatlar və rəqəmsallaşma sahibkarlığın dəstəklənməsinə, şəffaflığın artırılmasına və daha rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına töhfə verib.

Nazir bildirib ki, bu il ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə rəqəmsal iqtisadiyyat və innovasiyanın gələcək fəaliyyətimizdə əsas prioritetlərdən olduğu xüsusi qeyd edilib. Bu çərçivədə vergi sistemində inzibatçılıq proseslərinin tam rəqəmsallaşdırılması, süni intellekt həllərinin tətbiqi ilə qərarların qəbul olunmasında şəffaflığın və səmərəliliyin daha da artırılması başlıca hədəflər kimi müəyyən edilib. Eyni zamanda, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və kapital qoyuluşlarını təşviq edən vergi mexanizmlərinin genişləndirilməsinin prioritet istiqamətlərdəndir.

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edib. 2025-ci ildə əldə edilmiş nəticələr, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və strateji perspektivlərdən bəhs edən DVX rəisi vergi siyasətinin iqtisadi inkişafın təmin edilməsində fəal mövqeyini vurğulayıb. Bildirib ki, iqtisadi sabitliyin təminatı şəraitində fiskal dayanıqlığın qorunması və dövlət gəlirlərinin davamlı təmin edilməsi başlıca prioritetlərdəndir. Ötən il Dövlət Vergi Xidmətinin xətti ilə vergi və sosial daxilolmaların həcmi 24,2 mlrd. manata yaxın olub ki, bu da ümumi fiskal yığımların 79,1 faizini təşkil edib. Bu dinamika yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, iqtisadi aktivliyin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın artması hesabına mümkün olub. 2025-ci ilin nəticələrinə görə, könüllü əməletmə göstəricisi 92,6 faiz təşkil edib.

Orxan Nəzərli “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərin vergi sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verdiyini bildirib. Qeyd edib ki, data əsaslı qərarvermə standartına keçid, məlumatlara əsaslanan və davamlı inkişafı dəstəkləyən rəqəmsal ekosistemin formalaşdırılması əsas məqsədlərdəndir.

Forumun davamında vergi sistemində gender siyasətinin nəticələri və perspektivləri ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov, DVX-nin Data analitika idarəsinin rəisi Roman Bandurin və Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Günay Mahmudova “Rəqəmsal iqtisadiyyatın inkişafı və vergi inzibatçılığında rəqəmsal həllər” mövzusunda təqdimatlarla çıxış ediblər. Bundan başqa, DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov və həmin baş idarənin şöbə rəisi Gülnar Ağazadənin “Vergi qanunvericiliyinə dəyişikliklər və formalaşmış stereotiplər” mövzusunda təqdimatı diqqətə çatdırılıb.

Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənmiş vergi ödəyicilərinə təltiflər təqdim edilib.

İqtisadiyyat