Naxçıvan fermerlərinə texniki dəstək

post-img

Ötən il onlara 1 milyon 916 min manatlıq maşın-mexanizm satılıb

Ötən il “Naxçıvan Aqroservis” ASC tərəfindən ümumi dəyəri 1 milyon 916 min 730 manat olan kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq 36 fermerin istifadəsinə verilib. Satılan avadanlıqlar sırasında 17 adda 49 ədəd texnika və texnoloji avadanlıq yer alıb.

Fermerlərə satılan 49 texnikanın 20-ni taxılyığan kombaynlar təşkil edib. Bundan əlavə, fermerlərin ehtiyaclarına uyğun olaraq əkin, becərmə, məhsul yığımı, yem hazırlığı, arıçılıq və südçülük sahələrində istifadə olunan müxtəlif kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların da satışı həyata keçirilib.

Öyrəndik ki, fermerlərin texnikaya olan tələbatını ödəmək məqsədilə 2025-ci ildə Gəncə Avtomobil Zavodundan ümumi dəyəri 1 milyon 532 min 800 manat olan “Belarus” markalı 27 ədəd traktor satın alınıb. Fermerlərin sözlərinə görə, bu traktorlar güc, komfort və dayanıqlılıq baxımından daha üstün göstəricilərə malikdir. Həmçinin kənd təsərrüfatı texnikaları fermerlərə nağd satışla yanaşı, lizinq yolu ilə də təqdim olunur. Bu zaman texnikanın dəyərinin 20 faizi fermer tərəfindən ödənilir, ilkin dəyərin 40 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, qalan 40 faizi isə 5 il müddətində ödənilir.

Qeyd edək ki, yeni texnika və texnoloji avadanlıqların alınması cari ildə də davam etdiriləcək. Belə ki, 2026-cı ildə fermerlərin tələbi nəzərə alınaraq daha çox “CLASS Dominator” və “New Holland” markalı texnikaların alınması planlaşdırılır. Bununla yanaşı, Naxçıvanda bağçılığın inkişafı məqsədilə ağac silkələyən qurğuların, şitil əkilməsi və gübrə səpilməsi üçün avadanlıqların, su kanalı açan texnikaların, çalaqazan, mala və dırmıq kimi alətlərin, həmçinin 1, 2 və 3 hektarlıq sahələr üçün çiləmə üsullu suvarma sistemlərinin və üzüm bağları üçün tənəkə məftili bağlayan qurğuların alınması da nəzərdə tutulur.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

İqtisadiyyat