Türkmənistan “Şimal-Cənub” dəhlizi çərçivəsində MDB ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirir. AZƏRTAC xəbər verir ki, bu bəyanatla “Türkmən dəmir yolları” agentliyinin sədri Azat Atamuradov iyunun 10-11-də Düşənbədə keçirilən MDB-yə üzv ölkələrin dəmir yolu nəqliyyatı üzrə Şurasının 82-ci iclasından sonra bildirib.
Agentliyin məlumatına görə, o qeyd edib ki, son aylar Türkmənistan da daxil olmaqla beş ölkənin dəmir yolu nəqliyyatında yük dövriyyəsində artım müşahidə olunub. Tədbir çərçivəsində “Türkmən dəmir yolları” agentliyinin rəhbərliyi ilə “Rusiya Dəmir Yolları” QSC arasında ikitərəfli görüş keçirilib. Rusiya Dəmir Yollarının (RDY) rəhbəri Oleq Belozerov “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Rusiyadan Türkmənistandan keçən konteyner daşımalarının 2,5 dəfə artdığını qeyd edib.
Bundan əlavə, İran İslam Respublikası, Türkmənistan və Özbəkistan Respublikasının dəmir yolu idarələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Danışıqlar zamanı üç ölkə arasında tranzit yüklərin həcminin artırılması, sabit və təhlükəsiz yük daşımalarının təmin edilməsi, habelə konteyner qatarlarının sayının artırılması üzrə birgə sistemli işlərin aparılması məsələləri müzakirə olunub.
Türkmənistan rəsmisi əlavə edib ki, MDB-yə üzv dövlətlərin dəmir yolu nəqliyyatı üzrə Şurasının növbəti iclası 2025-ci ilin noyabrında Bakıda keçiriləcək və onun rəhbərlik etdiyi qurum nəqliyyat dəhlizləri üzrə müzakirələrdə fəal iştirak edəcək.