Ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə limon, naringi və portağal bağlarının sığortalanması mövsümü başlayıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilb.
Bildilib ki, limon, naringi və portağal bağlarının sahibləri və bu məhsulları becərən fermerlər bağları aqrar sığorta mexanizmi vasitəsilə çoxsaylı risklərdən qoruya bilərlər.
Xatırladaq ki, sitrus bağları Azərbaycanın kənd təsərrüfatında özünəməxsus yer tutur. Statistik göstəricilərə əsasən, hazırda ölkəmizdə 4 min 500 hektardan artıq sitrus meyvəsi bağı var. Bunlardan 3 min 278 hektarı naringi, 703 hektarı limon, 582 hektarı isə portağal bağlarıdır. Sitrusçuluq, əsasən, ölkənin cənub bölgəsində inkişaf edib. Təsadüfi deyil ki, ölkə üzrə limon bağlarının 95 faizi, naringi bağlarının 99 faizi, portağal bağlarının isə faizi cənub bölgəsindədir. Son illər sitrus bağlarının sahəsi yeni salınan bağlar hesabına genişlənməkdədir.
Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycandan xarici bazarlara ümumi məbləği 1 milyon 91 min dollar olan 2343 ton naringi və mandarin ixrac edilib. Aqrar Sığorta Fondu sitrus bağlarını çoxsaylı risklərdən – dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntısı, sel-subasma, şaxtavurma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri kimi hadisələrdən sığorta edir.
Aqrar Sığorta Fondunun məlumatına əsasən, ötən il limon, naringi və portağal bağlarına dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara, ümumilikdə, 40 min manatdan çox sığorta ödənişi edilib. Fırtına, qasırğa, sel-subasma və şaxtavurma hadisələrindən zərər çəkmiş limon bağlarına görə 16 min 287 manat, naringi bağlarına görə 13 min 446 manat, portağal bağlarına görə isə 10 min 912 manat sığorta ödənişi həyata keçirilib.
Qeyd edək ki, sığorta haqqına tətbiq edilən 50 faizlik dövlət dəstəyi fermerlərə öz sitrus bağlarını cüzi məbləğ ödəməklə sığortalamağa imkan verir. Belə ki, sığorta haqqının 50 faizini dövlət, 50 faizini isə fermer ödəyir. Lənkəran – Astara iqtisadi rayonunda 1000 manatlıq limon, naringi və portağal meyvəsinin çoxsaylı risklərdən sığortalanması fermerə olduqca kiçik bir məbləğə – cəmi 12 manata başa gəlir.
Eyni zamanda, sitrus bağlarının sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta edə bilərlər. Bu halda ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvəsinin dəyəri qədər sığorta ödənişi edilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi isə cəmi 0,83 faiz təşkil edir. Məsələn, ildə 30 manatlıq məhsul gətirən naringi ağacının illik sığorta haqqı cəmi 74 qəpikdir. 50 faizlik dövlət dəstəyini nəzərə aldıqda fermer cəmi 37 qəpik ödəməklə ağacı çoxsaylı risklərdən sığorta edə bilər.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.