Ələt Azad İqtisadi Zonası (ƏAİZ) İşçi Qrupun ikinci iclasında ökəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, müasir müəssisələrin qurulduğu, qeyri-neft-qaz sahəsinin inkişafını şərtləndirən mütərəqqi mexanizmlərin tətbiqi nəticəsində böyük uğurlar əldə edildiyi diqqətə çatdırılıb.
Eyni zamanda, iqtisadiyyatımızın diversifikasiyası baxımından mühüm önəm daşıyan ƏAİZ-nin qısa bir zaman içərisində qurularaq investorların istifadəsinə verilməsinin və beləliklə ölkə iqtisadiyyatının aparıcı drayverlərindən birinə çevrilməsinin böyük önəm daşıdığı bildirilib. Qeyd edilib ki, iqtisadi zonada innovativ texnologiyalardan yararlanaraq xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının gerçəkləşdirilməsi nəticəsində iqtisadi inkişafa töhfə vermək, eləcə də yeni iş yerləri yaratmaq əsas hədəflərdən biridir.
Toplantıda xatırladılıb ki, ƏAİZ-də mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların bu zonaya marağını getdikcə artıracaq. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkəmizin strateji əhəmiyyəti artıracaq.
İclasda ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə görülən işlər və növbəti addımlar müzakirə edilib. İqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri toplantıda iştirak ediblər.
Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir.
Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb və Şimal–Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.