“Yaşıl” enerji maarifləndirməsi

post-img

Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bərpaolunan enerji sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri üçün kiçik həcmli “yaşıl” enerji istehsalının, fəal istehlakçının dəstəklənməsi mövzusunda məlumatlandırıcı tədbir keçirilib. Bundan da məqsəd fiziki və hüquqi şəxslərin öz fərdi bərpaolunan enerji sistemlərini qurmaq və istehsal etdikləri artıq enerjini şəbəkəyə ötürmək imkanları barədə məlumatlılığı artırmaqdan ibarət olub.

Açılış nitqi ilə çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “yaşıl” enerji keçidinin iqtisadi, sosial və ekoloji cəhətdən vacibliyini vurğulayaraq fəal istehlakçı modelinin Azərbaycanda bərpaolunan enerjidən istifadənin inkişafına töhfə verəcəyini bildirib. Qeyd olunub ki, bu mexanizm vətəndaşların və sahibkarların ölkəmizdə “yaşıl” enerji istehsalında iştirakını genişləndirərək uzunmüddətli perspektivdə enerji xərclərinin azaldılmasına imkan yaradacaq.

Daha sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və “Azərişıq” ASC-nin mütəxəssisləri fəal istehlakçının dəstəklənməsi mexanizminin tətbiqinə dair qanunvericiliyin tələbləri, eləcə də texniki məqamlara dair təqdimatlarla çıxış ediblər. Təqdimatlarda günəş panelləri, külək turbinləri və digər “yaşıl” enerji qurğularının quraşdırılması, istehsal edilən artıq enerjinin şəbəkəyə ötürülməsi, tariflər, əvəzləşmə və hesablaşma mexanizmləri barədə geniş məlumat verilib. Bununla yanaşı, mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və praktik təcrübələr bölüşülüb.

Sonda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi Nigar İsmayılova çıxış edərək təmsil etdiyi qurumun Azərbaycanda dəstəklədiyi layihələr barədə məlumat verib. O, bərpaolunan enerji sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri üçün cari məlumatlandırma tədbirinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin kiçik qrant layihəsi çərçivəsində təşkil olunduğu diqqətə çatdırılıb.

 

İqtisadiyyat