Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bərpa olunan enerji sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri üçün kiçik həcmli yaşıl enerji istehsalının, başqa sözlə aktiv istehlakçının dəstəklənməsi mövzusunda məlumatlandırıcı tədbir keçirilib.
Tədbirin əsas məqsədi fiziki və hüquqi şəxslərin öz fərdi bərpa olunan enerji sistemlərini qurmaq və istehsal etdikləri artıq enerjini şəbəkəyə ötürmək imkanları barədə məlumatlılığı artırmaq olub.
Açılış nitqi ilə çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev yaşıl enerji keçidinin iqtisadi, sosial və ekoloji cəhətdən vacibliyini vurğulayaraq aktiv istehlakçı modelinin Azərbaycanda bərpa olunan enerjidən istifadənin inkişafına töhfə verəcəyini bildirib. Qeyd edilib ki, bu mexanizm vətəndaşların və sahibkarların ölkəmizdə yaşıl enerji istehsalında iştirakını genişləndirərək uzunmüddətli perspektivdə enerji xərclərinin azaldılmasına imkan yaradacaq.
Daha sonra BOEMDA və “Azərişıq” ASC-nin mütəxəssisləri aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqinə dair qanunvericiliyin tələbləri, həmçinin texniki məqamlara dair təqdimatlarla çıxış ediblər. Təqdimatlarda günəş panelləri, külək turbinləri və digər yaşıl enerji qurğularının quraşdırılması, istehsal edilən artıq enerjinin şəbəkəyə ötürülməsi, tariflər, əvəzləşmə və hesablaşma mexanizmləri barədə geniş məlumat verilib.
Tədbirin davamında iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, müzakirələr aparılıb və praktik təcrübələr bölüşülüb.
Sonda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndəsi Nigar İsmayılova çıxış edərək JICA-nın Azərbaycanda dəstəklədiyi layihələr barədə məlumat verib. Cari məlumatlandırma tədbirinin JICA kiçik qrant layihəsi çərçivəsində təşkil olunduğu diqqətə çatdırılıb.