Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizin qazancını artıracaq

post-img

Beynəlxalq yüklərin 28,3 faizi bu yolun payına düşür

Prezident İlham Əliyevin 11 fevral 2025-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Azərbaycan Prezidentinin son 3 ay ərzində “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” və nəhayət, bu sazişi təsdiq etməsi nəqliyyat sektoruna dövlət qayğısını və bu sahədən gözləntilərin artmasını göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov “Xalq qəzeti”nə təqdim etdiyi məqalədə daha sonra bildirib: “Hələ illər öncə “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik”, – deyən dövlət başçısının uzaqgörən, müdrik siyasəti bu gün öz bəhrəsini verməkdədir.

Artıq Azərbaycan nəqliyyat–transit–logistika xidmətləri ilə nəinki regionun, eləcə də Avropanın aparıcı dövlətinə çevrilir və bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi xüsusi önəm kəsb edir”.

Müəllif qeyd edir ki, 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanmış müqavilə ilə start verilən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə Azərbaycan Respublikası 2005-ci ildən qoşulub. Hazırda Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan, Qərbi Avropanı Asiya ilə birləşdirən bu dəhliz ilə daşımaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd –keçid prosedurlarının sadələşdirilməsi və digər məsələlər hər iki ölkənin prioritetlərinə daxildir. Bu isə nəqliyyat–tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir. Bu layihənin uğurla reallaşması sayəsində 2022-ci ilədək yükdaşımaların həcmi 8 dəfə artıb. 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb və dövriyyə 2,5 milyon ton/kilometr təşkil edib.

Ölkəmizin qoşulduğu beynəlxalq nəqliyyat dəhlizləri üzrə isə, ümumilikdə, 2023-cü ildə 32,8 milyon ton yük daşınıb. Bunun 28,3 faizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin payına düşür. O cümlədən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük dövriyyəsi 12 milyard 874 milyon ton/kilometr təşkil edib ki, bunun da 19,4 faizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə aiddir. 2024-cü ildə isə adıçəkilən dəhlizlə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 28 faiz çoxdur.

Aqil Əsədovun sözlərinə görə, layihə çərçivəsində Bakıdan Rusiya ilə sərhədə qədər yeni 4 zolaqlı magistral yolun, sərhədyanı Samur çayı üzərində birgə körpünün istifadəyə verilməsi dəhlizin imkanlarını daha da genişləndirəcək. Azərbaycan ərazisində sözügedən nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb və davamlı təkmilləşdirici addımlar atılır. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.

“Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda da bu nəqliyyat dəhlizinin potensial imkanlarını artıracaq çoxsaylı tədbirlər nəzərdə tutulub. Sərhəd-keçid məntəqələrinin infrastruktur təminatının təkmilləşdirilməsi, rəqəmsallaşmanın tətbiqi, yeni buraxılış məntəqələrinin yaradılması, gömrük xidməti ilə dəmir yolu qurumları arasında koordinasiyalı fəaliyyətin təşkili və s. nəqliyyat dəhlizinin imkanlarını reallaşdırmağa və artırmağa kömək edəcək.

Təqribən 10 il öncə, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək” – fikirləri artıq reallığa çevrilməkdədir.

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında adıçəkilən beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi isə dəhlizlə bağlı qarşıya qoyulmuş hədəflərə daha tez və səmərəli çatmağa şərait yaradacaq. Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və dəhlizin Qərb marşrutunun (quru yol ilə daşımalar) potensialını artırmaq, eləcə də, dəmir yolu nəqliyyatı ilə yüklərin daşıma həcminin artmasını stimullaşdırmaq və daşıma həcmlərinin artım tempi ilə dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.

Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi indiki dövrdə sözügedən beynəlxalq nəqliyyat layihəsi bir ümid dəhlizinə çevrilib. Sanksiyaların qüvvədə olduğu müddətdə Rusiyanın xarici bazarlara çıxışı, Rusiya məhsullarının dəhlizlə Azərbaycan üzərindən Fars körfəzinə daşınması həyati əhəmiyyət kəsb edir. Bu baxımdan hazırda nəqliyyat dəhlizi Azərbaycan–Rusiya iqtisadi bağlantılarında əsas həlqələrdən birinə çevrilib.

Əslində bu gün əldə edilən uğurlar uzun illər öncədən qəbul edilmiş doğru qərarlara əsaslanır. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmir yolu körpüsü inşa olunub, İran ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Bütövlükdə isə dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

İlkin hesablamalara görə, ölkəmiz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollara yaxın vəsait əldə edəcək. Nəzərə alsaq ki, digər istiqamətlərdə, xüsusilə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizi (Orta Dəhliz) ilə də daşımaların davamlı artırılması istiqamətində ardıcıl layihələr icra edilməkdədir, onda tam əminliklə qeyd etmək olar ki, yaxın gələcəkdə beynəlxalq daşımalardan əldə olunan vəsait dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək, neft sektorundan sonra nəqliyyatın ölkə üçün ən mühüm sahə olduğu konkret rəqəmlərlə də öz təsdiqini tapacaq.

 

İqtisadiyyat