Lakin “elektron yürüş” bu sərvətin üstündən ötüb keçir
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür. Kitab insanın düşüncə və təfəkkür sərhədlərini genişləndirən, mənəvi dünyasını zənginləşdirən qaynaqdır. Tarix boyu kitab biliyin, mədəniyyətin və müdrikliyin daşıyıcısı olub, insanları birləşdirən vasitə sayılıb. Hər kəsin həyatında istər bədii-publisistik, istərsə də elmi, texniki kitabların, dərsliklərin özünəməxsus yeri var. Kitab Bağışlama Günü isə bu əvəzsiz sərvəti paylaşmaq və bilik, bilgi xəzinəsindən bol-bol bəhrələnmək üçün gözəl fürsətdir.
Təəssüf ki, bəsirət gözünü işıqlandıran, fərqli həyat təcrübələrini bir araya gətirib insanları kamilləşdirən kitaba münasibət dəyişkən xarakterlidir. Müasir dövrün ən böyük problemlərindən biri də informasiya texnologiyalarının “yürüşü” səbəbindən bir çox yerlərdə, elə Azərbaycanda da kitabların nisbətən az oxunması və yeni nəsillərin mütaliəyə bir növ lazımi önəm verməməsidir. Bəziləri kitaba, sanki, ehtiyac duyulmayan köhnə əşya kimi baxır, ona evlərində yer tapmır. Əvəzində isə elektron cihazları – mobil telefonları, “İpHone”ləri, sosial media və qısa məlumatlandırma platformalarını daha “əziz” tuturlar.
Belə bir yanlış tendensiya yaranıb ki, informasiya almaq üçün saatlarla kitab oxumağa deyil, tez və anında əldə edilən məlumatlara üstünlük verilir. Elektron kitabların və audiokitabların artan populyarlığı da bu dəyişimə təkan verir. Əslində isə kitab mütaliəsi, sadəcə, zövq məsələsi deyil, həm də cəmiyyətin intellektual, emosional və mənəvi inkişafı üçün son dərəcə vacib amildir.
Kitab Bağışlama Günü ərəfəsində “Xalq qəzeti” redaksiyasında bu sahənin mütəxəssisləri ilə “dəyirmi masa” ətrafında fikir mübadiləsini də elə kitaba hörmət bəsləməyə, mütaliəyə, bununla bağlı problemlərə və çıxış yollarına həsr etmişdik.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qonaqları salamlayaraq bildirdi ki, son vaxtlar redaksiyadan mütəxəssislərin iştirakı ilə müxtəlif sahələrlə bağlı “dəyirmi masa”lar təşkil edilir:
– Bugünkü mövzumuz isə kitablarla bağlıdır. Ümumiyyətlə, ölkəmizdə kitab lazımınca oxunurmu? Oxunmursa, səbəb nədir? Ötən günlərin birində işə gələrkən zibil yeşiklərinin yanında, təxminən, yarım maşın kitabın atıldığını, ətrafa səpələndiyini gördüm. Birinin vərəqləri çevrilib, digəri başı aşağı qalıb, o biri zibil yeşiyinin içərisində, başqa birinin üzərindən maşınlar keçib... Elə bil, kitablar ağlayırdı. Acınacaqlı deyilmi? Axı kitab belə münasibətə layiq deyil. Bəs bu nadanlıq haradan qaynaqlanır?
Keçən ilin dekabrında Türkiyədə olarkən kitab mağazalarına da baş çəkdim. 30–40 nəfər kitab almaq üçün növbəyə dayanmışdı. Əvvəl elə zənn etdim ki, kassa işləmir. Sonra gördüm ki, satıcı sürətlə işləyir və növbələr daha da artır. Deyilənə görə, ötən əsrin 40–50-ci illərində Türkiyədə kitab oxuyan az imiş. Müasir dövrdə qardaş ölkə kitaba qayıdıb. Ümid edirik ki, ölkəmizdə, hətta işğaldan azad edilmiş əraizlərimizdə kitaba qayıdış da bərpa olunacaq. Artıq Şuşada, Laçında, Füzulidə kitabxanalar açılıb.
Tahir Aydınoğlu, “Xalq qəzeti”nin redaktor müavini:
– Müşahidələr göstərir ki, ölkəmizdə latın qrafikasına keçiddən sonra gələn nəsil kiril əlifbalı kitablara, nədənsə, dəyər vermir. Axı nəinki kiril əlifbalı nəşrlər, orta əsrin əlyazmaları da, ötən dövrlərin kitabları da yaxşı mənada köhnə olmaları ilə daha yüksək dəyər daşıyır. Çünki onlar daha yaranmır. Sual oluna bilər, kiril qrafikalı kitablar, doğrudanmı daha lazım deyil? Məgər kiril əlifbası ilə çıxmış bütün bədii, elmi kitablar latın qrafikasına çevrilibmi? Əlbəttə, yox. Bir müşkül də budur ki, özəlləşmə nəticəsində kitab mağazalarının çoxu, eləcə də kütləvi kitabxanaların da bəziləri sıradan çıxarıldı. Oxucuların kitabdan “soyumasının” bir səbəbi də, bax, budur.
Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin humanitar siyasət şöbəsinin müdiri:
Nizami Gəncəvinin məşhur bəndi var:
Dünyada nə qədər kitab var belə,
Çalışıb-vuruşub gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr qopardım.
İndi bəziləri kitaba nə xəzinə kimi baxır, nə də dürr kimi. Telefonlar gənclərimizə oxumaq imkanı vermir. Avtobusda, metroda qəzet oxuyana belə nadir hallarda rast gəlirik. Elə bil, kitab kirpidir, tikanı var, əlinə batar. Gəlin, kitaba olan marağın azalma səbəblərinə nəzər salaq, adamları tutarlı arqumentlərlə elə maarifləndirək ki, bir daha kitabları zibilliklərdə, ağacların dibində tullantı kimi görməyək. Özü də nə vaxtsa həsrətini çəkdiyimiz, dəyərli kitablar da atılır. Ən faciəlisi də budur ki, atılan kitabların arasında müəllif avtoqrafı ilə hədiyyə olaraq kiməsə bağışlananlar da az deyil. Hədiyyəyə, mənəvi əmanətə belə yanaşılarmı?
Ata rəhmətə gedib, övlad kitab oxumur və bu “kağız kərpiclər” evdə darısqallıq yaradır. Çıxış yolunu o kitabları atmaqda görürlər. Əlbəttə, ürək ağrıdan mənzərədir. Ömrünü-gününü kitaba həsr edən mötəbər qələm sahibləri, naşirlər kimi, qonaqlarımızın fikirlərini dinləmək, qəzet səhifələrinə çıxarıb oxucuları maarifləndirmək, geniş müzakirə açmaq üçün neyləmək lazımdır?
Kərim Tahirov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor:
– Bəli, kitab mövzusunu qabartmalıyıq, bu barədə daim danışmalıyıq. Baxın, 90-cı illərin əvvələrinə kimi Türkiyədə kitab oxunmurdu. Amma indi qardaş ölkədə tamamilə əksinədir. O zaman ölkəmizdə olan univermaqlarda satılan kitablar Türkiyədən qonaq gəlmiş elm adamlarını təəccübləndirirdi. Qardaş ölkə bizə o vaxt həsəd aparırdı, indi, əksinə, biz onların kitab oxumalarına arzu aparırıq.
Zibil yeşiklərinə kitabların atılmasından danışıldı. Razıyam, belə mənzərəyə bəzən mən də şahidlik edirəm. Neçə ildir mətbuatda səsləndirirəm ki, kitabları tullamayın. Əgər evinizdə artıqlıq edirsə, sizə maneə yaradırsa, gətirin Milli Kitabxanaya. Bizdə Açıq Kitabxana da fəaliyyət göstərir, “Kitabları yaşadaq” layihəmiz də var. Devizi budur: “Mən oxudum, sən də oxu”. Bu, bir çağırışdır. Açıq ərazidir, kitabları ora qoyun, heç kimə heç nə demədən, heç bir sənədə imza atmadan, hesabat vermədən gedin. Zibilxanaya atmayın, günahdır. “Qurani-Kərim” də kitabdır. Kitab əlçatmaz olmalıdır, onu laqeydcəsinə tullamaq, ən azı, mədəniyyətsizlikdir.
Bizim Açıq Kitabxanaya qoyulan kitablara kimin ehtiyacı varsa, götürür, yerinə yeni kitablar gətirilir. Kim hansı kitabı istəyir, oradan lap həmişəlik, özü də havayı aparsın, çünki biz onu ödənişlə almamışıq. Biri qoyur, digəri götürür. Məqsədimiz odur ki, kitablar atılmasın.
Onu da deyim ki, gənclərimizin kitaba həvəsi o qədər də az deyil. Bizim də vəzifəmiz bu marağı daha da artırmaqdır. Gənclərin hamısını nəzərdə tutub “kitab oxumurlar” deməyək. Bizim 700 nəfərlik zallarımızda boş yer olmur. Onlar pilləkənlərdə əyləşib kitab oxuyurlar. Gənclərə şərait yaradırıq. Onlar başqa kitabxanalara ona görə getmirlər ki, şərait yoxdur, yeni kitablar azdır.
Çünki nəşriyyatlarımız “Kitabxana işi haqqında” Qanuna tam əməl etmirlər. Onlar yeni nəşr olunan hər bir kitabdan 4 nüsxəsini Milli Kitabxanaya təhvil verməlidirlər. Amma böyük çətinliklə ala bilirik. Deyir vermirəm, xərc çəkmişəm. Qanunu tətbiq edəndə də olursan pis adam. Başa sala bilmirsən ki, bu, qanunun tələbidir. Arxivdə, dəyərindən asılı olmayaraq, bütün kitablar olmalıdır ki, nəsillərə seçim imkanı yaransın. Təəssüf ki, müasir dövrdə çap olunan yeni kitabların 60 faizini bir araya toplaya bilmirik.
Təbliğat aparmalıyıq. “Xalq qəzeti”nin bu “dəyirmi masa”sı da bir çağırışdır. Biz ziyalılar, alimlər, ictimaiyyət bu işə zaman ayırmalıyıq. Kitabçılıq reklamları ürəkaçan səviyyədə deyil. Bunu etiraf etməliyik. Kitab mənəvi tələbatdır. Kitab yemək, paltar kimi zəruri tələbat sayılmır. Lakin bu ehtiyacı insanlara hiss etdirməliyik. Deyirlər, kitaba çağırışı universitetlərdən başlayaq. Mən düşünürəm ki, bu işi bağçalardan başlamalıyıq. Biz gecikirik. Sonra deyirik ki, uşaqlar oxumur. Valideynlər dünyasını dəyişəndə kitablar da yiyəsiz qalır. Deyirəm, atmayın, kitabları qoruyaq, ehtiyacı olanlara verək. Hətta maşın göndərirəm ki, küliyyat məhv edilməsin, kitabxanamıza daşınsın.
Kitab atmaq xalqımızın mentalitetinə ziddir. Hindistanın səfiri ilə söhbətimiz zamanı məlum oldu ki, bu ölkənin kitabxanalarında Nizami Gəncəvinin 1400 əlyazması var. Bizim öz kitabxanalarımızda dahi şairin heç 30 əlyazması yoxdur. Biz onları ölkəmizə gətirmək istəyirik. Bunun üçün xüsusi layihə işləmişik. 120-sini rəngli çap edə bilmişik. Maraqla qarşılanır, oxunur.
Hansısa yolla kitaba rəğbət yaradaq. Kitabı çölə, zibil yeşiyinə atmayaq. Kitabxanaya, dostlarımıza bağışlayaq. Əgər kitab küçəyə, zibil yeşiyinə tökülürsə, burada hamımızın günahı var. Biz insanlara izah edək, kitabın oxunmasının vacibliyini diqqətə çatdıraq.
Əliağa Cəfərov, “Akademikkitab”ın direktoru, filologiya elmləri doktoru, professor:
– Əvvəlcə, belə “dəyirmi masa” təşkil etdiyi üçün “Xalq qəzeti”nə təşəkkürümü bildirirəm. Bu masa ətrafında kitab üçün yanan, özünü fəda edən, ömrünü-gününü kitaba həsr edən insanlar toplaşıblar. Həqiqətən də, kitabın yayılması, mütaliəsi bizdə böyük problemə çevrilib. Sovet dövründə də bizdə kitabın oxunması problemi olub.
Bir vaxt Moskvada aspiranturada oxuduğum zaman Azərbaycanda kitab ticarətinin vəziyyəti haqqında araşdırma yazımda hazırladığım statistikaya əsasən SSRİ-nin 15 müttəfiq respublikası arasında kitabların alıcılıq qabiliyyətinə görə Azərbaycan 13-cü yerdə idi. Adambaşına ildə satılan kitabların maddi dəyəri 3 manat 50 qəpik idi. Pribaltika respublikalarında bu rəqəm 28 manat, Rusiyada 22 manat idi. Söz yox, o zamanlar kitabın funksiyası da fərqli idi. İdeoloji cəbhənin məhsulu kimi daha çox populyar idi. Bu gün tamamilə başqa mənzərədir, əsasən, milli və mənəvi maraqla bağlıdır.
2000-ci ilə qədər Bakıda 127 kitab mağazası var idi. Kitablar sovet quruluşunun ideoloji cəbhəsi sayıldığından mağazaların hamısı şəhərin ən görkəmli yerlərində qərar tutmuşdu. Çünki oradan xarici qonalar da ötürdü. O mağazalara sıradan adamlar rəhbərlik etmirdi. Mağaza rəhbərlərini kitabxananın yerləşdiyi rayonun partiya komitəsi təsdiqləməli olurdu. O rəhbərlər artıq ideoloji cəbhənin işçisinə çevrilirdilər. Partiya təşkilatları kitab evlərinə ciddi nəzarət edirdilər. Sonra “Azərkitab” adlı böyük təşkilat və 127 kitab mağazası sıradan çıxarıldı. İşbazları kitab mağazalarının yerləşdiyi ərazilər cəlb etməyə başladı. O səbəbdən də ərazilər özəlləşdirildi və kitab mağazaları aradan qaldırıldı...
O vaxt təklif edirdik ki, kitabı əhaliyə yaxınlaşdırmaq üçün şəhərətrafı ərazilərdə də mağazalar açmaq lazımdır. Bu da olmadı. Hazırkı vəziyyətdə elektron kitablar oxucuları ənənəvi kitablardan bir qədər də uzaq salıb. Qonşu ölkələrdə kitabın tirajı on minlərlə, yüz minlərlə olur, hamısı da satılır. Bizim yazıçıların 100–200 ədəd tirajla çap edilən kitabını isə şəhərin 3–5 mağazasının rəflərində toz basır.
Bir sosial məsələyə də toxunum: cinayətkarlıq, quldurluq halları da mütaliəsizlikdən yaranır. Kitab oxuyan, mütaliə ilə məşğul olan adam cinayətə əl atmaz, əyri yola getməz. Etiraf edək ki, biz kitabın təbliği, reklamı, tanıtımı ilə az məşğul oluruq. Reklam işləri baha olduğu üçün bunu edə bilmirik. Televiziyalar verdikləri efir vaxtına görə yüksək məbləğdə pul tələb edirlər. Telekanallara müraciət edilməlidir ki, kitabların tanıtımına yer ayırsınlar. Mətbuat Şurasına müraciət edək ki, qəzet rəhbərlərindən xahiş edilsin, kitabın təbliğinə ayda 1–2 səhifə yer ayırsınlar. Yeni nəşrlər barədə məlumat versinlər.
Əli Nəcəfxanlı:
– “Xalq qəzeti”ndə bu iş mütəmadi davam etdirilir. Kitabların təbliğinə geniş yer ayrılır. Yeni kitablarla bağlı “Kitab rəfi”, “Hər kitab bir dünyadır” adlı rubrikalarımız var. Tələb qoyulmadan belə təəssübkeşlik ortaya qoyuruq, imkanlarımız daxilində kitab təbliğatı aparırıq. Amma bunu gərək bütün qəzetlər eləsin.
Etibar Əliyev, hüquq üzrə elmlər doktoru, professor:
– Kitab, əslində, bibliofil və biblioman olmaqla iki obraz yaradır. Bibliofil odur ki, funksional kitabxana yaradır, özü oxuyur, qeydlərini yazır. Sonra övladına ötürür ki, kitabxanası qorunsun. Böyük Avstriya yazıçısı Elias Kanetti yazır ki, faşistlər bizi ölkəmizdən qovanda anamla birtəhər 1000 kitabı salamat apara bildik. İnsanlar canının hayında olanda sonradan Nobel mükafatı alacaq Elias Kanetti anası ilə kitabları xilas edirdi. Budur, onu Nobel zirvəsinə aparan! Biblioman isə kitabxanasını gizli saxlayır. Onda, məsələn, tək nüsxəsi qalmış 18-ci əsrin “Qurani-Kərim”i, Qutenberq dövrünün “Biblia”sı var, amma kimsəyə göstərməz...
Kitab yaddaşdır. Elektron kitab ənənəvi nəşrlərin yerini tuta bilmir, onun zövqünü vermir. Kitab olan otağa girəndə özünü, sanki, klassiklərin sırasında hiss edirsən. Mən tez-tez akademiya şəhəciyində yerləşən “Akademikkitab”a gedirəm. Orada hansısa alimi, müəllimi görmürəm. Halbuki kitabxananın əhatəsində Elmlər Akademiyası, akademiyanın 20-yə yaxın institutu, bir neçə ali məktəb yerləşir. Əraziyə yaxın olan “Libraf”da da alim, yazıçı gözə dəymir. Gənclər isə görünürlər. Onlarla söhbətlərim zamanı tövsiyə edirəm ki, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni oxusunlar.
Dedektiv janrda əsərlərə maraqları çox olmasın, orada cinayətkarlıq təbliğ edilir. Facebook səhifəmdə 500 kitabın təbliğatına söz vermişəm. Hazırda 149-cu kitabdayam. Baxırsan ki, bunlara da alimlər diqqət vermirlər. Bəla budur. Kitab festivallarında bəzən elə adamlar mükafatlandırılır ki, heç kitab dükanlarında olmayıb, sadəcə, kiminsə dostudur. Belə təbliğat ziyana işləyir.
Yəhudi dahiliyi, doğrudan da, var və bir çox cəhətdən kitabla, mütaliə ilə bağlıdır. Landau 21 yaşında akademik olub. Qan qrupunu kəşf edən Landşteyn 17 yaşında professor idi. 7 yaşında Yanada konsert verən Maler 17 il simfonik orkestrə rəhbərlik edib. Bəli, bu dahiliyin bir səbəbi ana genidirsə, digəri kitabdır. Çünki anaları son dərəcədə savadlı olublar.
Alman əsilli İsveçrə şairi, yazıçısı və rəssamı Herman Hesse “Sən haranı bitirmisən?” – sualına cavab olaraq deyib ki, “Babamın kitabxanasını”. O kitabxanada Kant haqqında 5 kitab olub. Hesse onları zibil yeşiyinə atmayıb, daim oxuyub.
Bizdə yeni maarifçilik ideyasına ehtiyac var. İdeyaların paylaşımı vasitəsi olan intellektual konfrans – “TEDx” mühazirələri çox təşkil olunmalıdır. Mənə “TEDx” mühazirəsi veriləndə Kamal Talıbzadənin “Abbas Səhət”, Laura Ferminin “Atom bizim evimizdədir” kitabları ilə səhnəyə çıxmışdım. Auditoriyaya çatdırdım ki, “ipHone” dövründə 1956–1958-ci ilin kitabları ilə səhnəyə çıxmışam. Çünki bunların hesabına biliyə marağım yaranıb. İndi elektron bizim evimizdədir. Atomdan elektrona qədər çox şey dəyişib? Təfəkkür də dəyişməlidir, yoxsa, xeyri olmaz.
Mən bir universitetdə kitabxanaya girib dedim ki, fizika, kimya və biologiya fakültələrindəki kartotekaları gətirin. Baxıb gördüm ki, axırıncı adam 1992-ci ildə kitab götürüb. Bəzən təhsil işçisi, müəllim, alim buradan kitab götürmür, kitabxanaya girmir, mağazadan da kitab almır.
Bizdə tərcümə problemləri də var. Vacib kitabların bir qismi ana dilimizə tərcümə olunmayıb. Bizdə kirillə olan kitabları haqlı olaraq latın qrafikasına çevirdilər. Amma alıcısı azdır. “Xalq qəzeti”nə təşəkkür edirəm ki, XXI əsrin 25-ci ilində toplaşıb bu məsələni müzakirəyə çıxarır. Əminəm ki, kitab heç vaxt ölməyəcək. ABŞ-da 50 faiz insan ənənəvi kitaba qayıdıb. Çünki elektronda oxuyanda yaddaşda qalmır. Vizual kitabla təmas başqa şeydir. Biz kitabxanalardan üz döndərməməliyik. Kitabı hiss etməliyik, duymalıyıq.
Mustafa Çəmənli, Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist:
– 45 ildən çoxdur ki, nəşriyyat sistemində işləyirəm, 14 il “Gənclik” nəşriyyatının baş redaktoru olmuşam. Həyatım kitabların içərisində keçib. Qənaətim budur ki, kitab oxumaq da vərdişdir. Mən kompüter ekranından deyil, çap edilən kitabı oxuyanda, sanki, hadisələrin içində oluram. Əsərin rejissoru da, aktyoru da özüm oluram, bütün personajları özüm düşünürəm, xəyalımda canlandıra bilirəm. Bu, mütaliəyə sevgidir. Çünki kitabla təmasda göz yaddaşı da öz rolunu oynayır.
İndi kitabdan aralı düşənlər ucuz məişət mövzularında filmlərlə, sensasion videolarla, sosial şəbəkənin bekar fəallarının yazdıqları cəfəngiyatlarla başlarını qatırlar. Nəticədə, adam öldürmək, qan tökmək, oğurluq kimi mənfi cəhətlər təlqin olunur. Kitabla, yazılı mətbuatla ünsiyyət isə insanı nümunəvi şəxs kimi yetişdirir. Yeri gəlmişkən, sizin qəzet bu gün çox gözəl çıxır. Amma, təəssüf ki, onu da əldə edib oxuyan, dəyərləndirən azdır. Adamın çəkilən zəhmətə heyfi gəlir.
Bəzi özəl televiziyalar isə pul qazanmaq xatirinə insanların əxlaqını pozmağa yönələn proqramlar, verilişlər hazırlayıb cəmiyyətə ötürürlər. Bax, bunun da qarşısı qətiyyətlə alınmalıdır ki, vətəndaşlar, ən azı, kitabdan, mütaliədən yadırğamasınlar.
Biz adamlarda daim oxumaq, maariflənmək vərdişi formalaşdırmalıyıq. Düzdür, AzTV və İctimai Televiziya kanallarında kitab maarifləndirməsinə qismən yer verilir. Amma bu tanıtımlar artırılmalıdır. Bizdə elə dəyərli kitablar var ki, reklamı olmadığına görə üzə çıxmır.
Regionlara kitabların çatdırılmasında problemlər var. 300 tirajla çap olunan yazıçının kitabı Bakıda qalır, rayonlara gedə bilmir. Bizdə nə qədər nəşriyyat, poliqrafiya müəssisələri var. Amma bir nəfər kitab ticarəti şəbəkəsi yaratmır ki, Bakıda çıxan kitabların Yevlaxda, Qusarda və digər rayonlarda satışını həyata keçirsin.
Bir vaxt mənim ilk kitabım 10 min tirajla çıxmışdı və satışı da ümumi qaydada hər bölgədə təşkil olunmuşdu. O zamanlar “Azərkitab”la bərabər, “Kəndkitab” da var idi. Bütün rayonlara, kəndlərə kitablar çatdırılırdı. İndi heç qəzetlər də vaxtlı-vaxtında abunəçiyə gedib çatmır. Laqeydlik, biganəlik sonda az bilgili, siyasi, ədəbi gündəmdən xəbərsiz adamların sayının artması ilə nəticələnə bilər. Gərək buna imkan verməyək.
Mən inanıram ki, bizim bu dediklərimiz təsirsiz qalmayacaq, ziyalılarımız, kitabsevərlər geniş müzakirəyə qoşulub kitab adlı misilsiz mənəvi xəzinəmizin dəyərini cəmiyyətə duyduracaq, anladacaqlar. Bununla yol verilmiş nöqsanları da aradan qaldırmaq zərurəti yaranacaq.
Şəmistan Nəzirli, tədqiqatçı jurnalist, Prezidentin fərdi təqaüdçüsü:
– Görün, dahilərdən biri nə deyib: “Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir, amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır”. Belə bir obrazlı fikir də var: “Kitablar zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”. Baxın, nə qədər ibrətamizdir!
Mən kitab oxuyanda mütləq yaxşı cümlələrin altından xətt çəkirəm, hələ bir yanına “müsbət” işarəsi də qoyuram. Bu yaşımda belə həftənin müəyyən günlərində Milli Kitabxanaya gedirəm, oxuyuram, araşdırmalar aparıram. Evlərə gedirəm, kitablar görürəm. Soruşuram ki, oxuyursunuzmu? Görürəm, oxumurlar, sadəcə, bəzək üçün oradadır.
Amma kitabların üstündə əsənlər də var. Bir dəfə ADPU-nun yaxınlığındakı bir ünvana dəvət edilmişdim. Evin sahibi 92 yaşlı Ofelya xanım çağırmışdı ki, onda nadir və qədim kitablar, şəkillər var, bəlkə, lazım olar. Getdim, ev başdan-başa kitab idi– çoxu da klassiklərin əsərləri. Elə bilirdim, bu qədər kitab təkcə mənim evimdə var. Sən demə, Ofelya xanım məndən də “varlı” imiş. Zarafatla dedim ki, ay xanım, bunları niyə saxlayırsan? Vaxtı keçib. Cavabında qayıtdı ki, sizə hörmətim var, elə deməyin. Məndən sonra qızım qoruyub saxlayacaq.
Mən ondakı nadir şəkillərin üzünü çıxarmaq üçün Ofelya xanımın qızı ilə bərabər bir fotoqrafın yanına apardım. Orada şəkillərin surətini çıxartdırıb götürdüm. Baxın, belə kitabsevərlər də var. Gərək, çalışaq, daha da çox olsun. Məsələn, məndə “Görkəmli adamların həyatı” seriyasından 1000-dən çox kitab var. “Şəxsi kitabxana” ifadəsinə indi, təəssüf ki, az-az rast gəlirik.
Əflatun Amaşov:
– Bəli, bütün dövrlərin həqiqəti bu gün də dəyişməyib: Biliksiz tərəqqi, kitabsız bilik yoxdur. Biz də inanırıq ki, kitaba, çap məhsillarına, elə bizim buraxdığımız qəzetlərə oxucu marağı yenidən artacaq. Əsrin “elektron yürüş”ünün bu mənəvi xəzinənin üstündən ötüb keçməsi isə tezliklə dayanacaq. Onda biz kitabları mağazaların toz basmış rəflərində, zibilliklərdə görməyəcəyik.
Qədirbilən oxucularımızı bugünkü aktual müzakirəni cəmiyyət miqyasında davam etdirməyə səsləyirik.
XQ-nin humanitar siyasət şöbəsi