Azərbaycanda təsərrüfatların və əkin sahələrinin dövlət dəstəyi ilə sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu aqrar sığorta mexanizminin səmərəliliyinin daha da artırılması məqsədilə işləri davam etdirir.
Bu işlər çərçivəsində Aqrar Sığorta Fondu və Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov tərəfindən imzalanan memorandum peyk vasitəsilə əkin sahələrində quraqlıq, daşqın və iqlimlə bağlı digər fəlakətlər zamanı kənd təsərrüfatı sahələrinin üzləşəcəyi riskləri izləmək və monitorinqi sahəsində əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, hazırda iqlim dəyişiklikləri və təbii fəlakətlərin artımı fonunda əkin sahələrinin monitorinqi və peyk məlumatlarının kənd təsərrüfatı sığortasında istifadəsi olduqca mühüm prosesdir.
İmzalanma mərasimində bildirilib ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi 48 növ bitki məhsulunu sığortalamağa imkan verir ki, bu da respublikadakı əkin sahələrinin 95%-nin sığortalanması imkanı deməkdir.
Hazırda Azərbaycanda ümumi sahəsi 1,8 milyon hektar olan əkin sahələrinin 410 min hektarı aqrar sığorta vasitəsilə müxtəlif risklərdən sığortalanır. Bura ilk növbədə təbiət hadisələri - dolu, sel-subasma, leysan yağışları, qasırğa-fırtına və sair aiddir. Qarşıdakı dövrdə sığortalı əkin sahələrinin artacağını nəzərə aldıqda, bu ərazilərə efektiv nəzarətin xüsusi əhəmiyyəti var.
Tədbirdə bildirilib ki, ölkəmizdə mövcud olan müasir peyk texnologiyaları və “Azərkosmos”un imkanları əkin sahələrində baş verən bütün prosesləri, o cümlədən həyata keçirilən işləri və təbiət hadisələrini monitoriq etməyə imkan verir. Bu da əkin sahələrinə müxtəlif hadisələr nəticəsində dəymiş zərərləri vaxtında və sürətli qiymətəndirməyə, fermerlərə sığorta ödənişlərini daha da sürətləndirməyə şərait yaradır.
Aqrar Sığorta Fondu və “Azərkosmos” arasında əməkdaşlıq sayəsində əkin sahələrinin məsafədən müşahidəsi və coğrafi informasiya həlləri və bitki örtüyü indekslərindən istifadə etməklə əkin sahələrində monitorinqin icrası, məhsuldarlıq proqnozlarının əldə edilməsi və hər hansı fəlakətlər zamanı dəymiş zərərin qiymətləndirilməsi mümkün olacaq.
Qeyd edək ki, aqrar sektorun sığortası ilə kosmik həllərin birgə istifadəsi təkcə sığortaçılara fayda vermir, həm də bütövlükdə kənd təsərrüfatı sektorunun dayanıqlığını və maliyyə itkilərindən qorunmasını dəstəkləyir.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir - sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.