Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına başlanılıb. Bu günlərdə “Fors” MMC utilizator şirkəti avtomobilini utilizasiyaya təhvil verən ilk vətəndaşa sənəd təqdim edib.
Bu barədə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Qeyd olunub ki, ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür.
Statistik göstəricilərə əsasən, hazırda Azərbaycanda hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən ölkədə nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb. Bununla yanaşı, proqramın tətbiqi ilə əlaqədar, ümumilikdə, 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş müddəalarına uyğun olaraq ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC nəqliyyat vasitələrinin utilizatorlarının reyestrində qeydiyyata alınıb.
Qurumun məlumatında qeyd edilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. İstismara yararsız avtomobilini uçotdan çıxaran və utilizatora təhvil verən şəxsə yerli istehsal olan yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd verilir.