Hasilat tarixində ölkədə 2 milyard 214,2 milyon ton neft və 1 trilyon 31,9 milyard kubmetr qaz çıxarılıb
Ölkəmizdə neftin sənaye üsulu ilə çıxarılmasına başlandığı ötən 177 ildə quruda və Xəzər akvatoriyasında çoxsaylı axtarış-geofiziki tədqiqat işləri aparılıb. Bunun da nəticəsində 150-yə yaxın perspektivli struktur aşkar edilib. Ötən illərdə həmin strukturların əksəriyyətində uğurlu geoloji-kəşfiyyat işləri aparılaraq buradakı ehtiyatların işlənməyə cəlb edilməsinə başlanılıb.
Hazırda ölkə üzrə 81 neft-qaz yatağı mövcuddur ki, bunun da 28-i dənizdə, 53-ü isə quruda yerləşir. Bu barədə məlumat Azərbaycan Dövlət Neft Şirkətinin 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında yer alıb. Bildirilib ki, hazırda 58 yataqdan karbohidrogen hasil edilir, 23 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud istismarı dayandırılıb.
İşlənmədə olan 39 yataq Azərbaycanın quru (həmin yataqların 15-i “Azneft” İB, 24-ü müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən istismar olunur), 19 yataq isə dəniz (onlardan 13-ü “Azneft ” İB, 6-sı müştərək müəssisələr və əməliyyat şirkətlərinin balansındadır) ərazisində yerləşir.
2023-cü ildə ölkə üzrə istismarda olmuş yataqlardan 30 milyon 148,16 min ton neft və kondensat, 48 milyard 301,32 milyon kubmetr qaz hasil olunub. İl ərzində çıxarılmış ümumi neft və kondensatın 1 milyon 438,83 min tonu, qazın isə 209,64 milyon kubmetri quruda yeləşən yataqların payına düşüb. Ötən il dəniz yataqlarından 28 milyon 709,33 min ton neft-kondensat və 48 milyard 91,68 milyon kubmetr qaz çıxarılıb.
Bütövlükdə isə, Azərbaycanda karbohidrogenlərin sənaye üsulu ilə çıxarılmasına başlandığı vaxtdan indiyədək quru və dəniz yataqlarından 2 milyard 214,2 milyon ton neft və kondensat, eləcə də 1 trilyon 31,9 milyard kubmetr qaz çıxarılıb. İşlənmənin əvvəlindən qurudakı yataqlardan 985 milyon ton neft-kondensat və 140 milyard kubmetr qaz hasil olunub. Dəniz yataqlarında isə hasilata başlandığı vaxtdan 2024-cü il yanvarın 1-dək 1 milyard 229,2 milyon ton neft-kondensat və 891,9 milyard kubmetr “mavi yanacaq” çıxarılıb.
Yeri gəlmişkən, mütəxəssislərin proqnozlarına görə, hazırda Azərbaycanın çıxarıla bilən qalıq neft ehtiyatları 1 milyard tondan artıqdır ki, bunun da əksər hissəsi dəniz neft yataqlarının payına düşür. Bununla belə, son illər ölkəmizdə neft hasilatında azalma müşahidə olunur. Bu da ümumi iqtisadi inkişafa təsirsiz ötüşmür. Təsadüfi deyil ki, sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə
Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərkən deyib: “Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin”.
Hökumət qurumlarının və Dövlət Neft Şirkətinin bu işlərin gələcək gedişatına daim diqqət yetirəcəyini vurğulayan dövlət başçısı ölkənin ümumi iqtisadi inkişaf templərini geriyə çəkən bu azalmanın aradan qaldırılacağına və gələn il sabit neft hasilatının təmin ediləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb: “Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır”.
Göründüyü kimi, ölkədə neft hasilatında sabitliyi qoruyub saxlamaq, bir çox hallarda isə artıma da nail olmaq üçün potensial imkanlar var. Məlum olduğu kimi, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və konsorsium iştirakçıları arasında “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalanıb. “Yeni əsrin müqaviləsi” adlandırılan həmin sazişlə AÇG yataqlar blokunun işlənməsi 2050-ci ilədək uzadılıb. Bununla da, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun işlənilməsində yeni dövr başlanıb. 2024-cü ilin aprelində saziş çərçivəsində inşa olunmuş yeni platformadan ilk neft çıxarılıb. Yeni quyuların istismara daxil edilməsi ilə burada hasilat getdikcə artacaq.
Bununla yanaşı, son illər qurudakı yataqların da qalıq neft ehtiyatlarının işlənməyə cəlb edilməsi istiqamətində mühüm işlər görülür, ən müasir texnika və texnologiyaların tətbiqi ilə bu ərazilərdə yeni quyular qazılır. Bütün bunlar isə onu deməyə əsas verir ki, neft amili hələ uzun illər ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək.