“Azərpoçt” MMC adından istifadə edilərək vətəndaşlar aldadılır.
Bu barədə AZƏRTAC-a “Azərpoçt”-dan bildirilib.
“Sosial kanallarda yaradılmış saxta “Azərpoçt” səhifəsindən paylaşım edilərək itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalan bağlamaların simvolik qiymətə - 2,28 AZN-ə satıldığı bildirilir. Kiçik məbləğə böyük hədiyyələr vəd verən paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid etmələri xahiş olunur. Heç bir halda bu kimi paylaşımlara güvənməyin və linklərə daxil olaraq fərdi kart məlumatlarınızı bölüşməyin.
“Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır!”, - deyə MMC-nin məlumatında qeyd olunub.
Həmçinin “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, vətəndaşlardan dərhal qurumun 169 Çağrı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik.