Rəqəmsal İpək Yolunun inkişafı çərçivəsində qonşu ölkələrlə birgə Xəzər dənizinin dibi ilə Körfəz ölkələrinə çıxışı olan fiber-optik kommunikasiya xətlərinin çəkilməsi layihəsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Astanada inklüzivlik və transformasiya üzrə Asiya-Sakit Okean nazirlər konfransı zamanı Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib. Onun sözlərinə görə, inteqrasiya yeni texnologiyaların inkişafı, “Big Tech” şirkətlərinin cəlb edilməsi üçün məlumatların toplanması, saxlanması və emalı üçün müasir infrastruktur formalaşdırmağa, həmçinin Qazaxıstanın IT həllərinin dünya bazarına çıxarılmasını təmin etməyə imkan verəcək.
“Bu prosesdə “Astana Hub” beynəlxalq texnoloji parkı əsas rolu oynayır, onun platformasında 1400 rezident, o cümlədən 400 xarici şirkət üçün əlverişli investisiya mühiti yaradılıb”, - deyə Baş nazir bildirib.
Hökumət başçısı Qazaxıstanın rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsinə açıq olduğunu və bu istiqamətdə təcrübə mübadiləsinə hazır olduğunu vurğulayıb.
2023-cü ildə “AzerTelecom” və “Qazaxtelecom” telekommunikasiya operatorları Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin (FORX) tikintisi və istismarı üçün birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar.
Gələcək xətt Avropa və Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək yolu” (Digital Silk Way) layihəsinin bir hissəsi olacaq.
Sualtı xəttin əsas marşrutu Qazaxıstanın Aktau şəhərindən Azərbaycanın Siyəzən şəhərinə qədər uzanacaq və 340 kilometrdən artıq olacaq. Qazaxıstanın Kurık limanından Bakı yaxınlığındakı Buzovna kəndinə uzunluğu təxminən 330 kilometr olan ehtiyat kanal çəkiləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana