2024-cü ilin yanvar–iyul ayları ərzində Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837,895 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 490,3 milyon dollar və ya 9,2 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan BRICS ölkələrinə ixrac 1 milyard 283,071 milyon dollar, BRICS ölkələrindən idxal isə 4 milyard 554,824 milyon dollar təşkil edib. Yeri gəlmişkən, cari ilin ilk yarısında BRICS ölkələri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21, 7 faizinə bərabər olub.
Xatırladaq ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin BRICS qrupunu yaradıb. Dörd il sonra Cənubi Afrika da ona qoşulduqdan sonra, təşkilat BRICS adlanmağa başlayıb. Bu ildən Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata üzv olub. Artıq Azərbaycan da BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.