Bu ilin yanvar-iyun aylarında satış imkanlarını artırmaq və yeni bazarlara çıxışa dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bu istiqamətdə təklif etdiyi xidmətlərdən 60-a yaxın mikro, kiçik və orta biznes (KOB) subyekti faydalanıb.
Agentliyin təşkilatçılığı və ya dəstəyi ilə keçirilmiş 4 sərgi və yarmarkada 38 KOB subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb. Bu sərgilər çərçivəsində KOB-lar məhsullarını geniş auditoriyaya təqdim etməklə və yeni əməkdaşlıqlar qurmaqla satış imkanlarını genişləndiriblər.
Cari ilin ilk yarısında ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmaq üçün agentliyə KOB subyektlərindən 24 müraciət daxil olub ki, onlardan da müvafiq qaydalara uyğun olan 21 sahibkara dəstək göstərilib. Qeyd edək ki, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə Bakı şəhərində fəaliyyət göstərən ticarət şəbəkələrində 8 satış nöqtəsi yaradılıb. Bundan əlavə, ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını artırmaq istəyən kiçik və orta biznes subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər.
Xatırladaq ki, Azərbaycanda kiçik və orta biznesin (KOB) – sahibkarlığın tərəqqisi son illərdə sosial-iqtisadi inkişaf strategiyasının ən prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılıb, özəl bölmənin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Məhz bunun nəticəsidir ki, cari ilin ilk yarısında sahib-karlar tərəfindən KOB evlərinə daha çox biznes fəaliyyəti üçün lazım olan sənədlər, vergi, gömrük məsələləri, eləcə də kommunal xidmətlər üçün müraciət olunub və bu stiqamətlərdə 208 min 194 xidmət göstərilib. Bu xidmətlərin 158 minə yaxını “Bakı KOB evi”nin, 41 mindən çoxu “Yevlax KOB evi”nin, 9 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşüb.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 189 mindən çoxu dövlət qurumları (“G2B”), 20 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsinə icazə, fiziki şəxsin vergi uçotuna alınması, gömrük, kommunal və bank xidmətlərindən istifadə üçün müraciət olunub. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 100 faizə yaxınlaşıb.
Yeri gəlmişkən, KOB evlərinin xidmət səviyyəsi daim diqqət mərkəzində saxlanılır. Buna bariz nümunə olaraq sözügedən mərkəzlərdən istifadə edən sahibkarlar artıq ora gəlmədən onlayn növbə götürə bilirlər. Belə ki, iş adamı “Android” (“GooglePlay”) və ya “İOS” (“AppStore”) əməliyyat sistemləri ilə çalışan mobil qurğusuna “KOB növbə” tətbiqini yükləməlidir. Bundan sonra sahibkar şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Beləliklə, sahibkarlar “KOB növbə” tətbiqi vasitəsilə KOB evlərinə gəlmədən növbə götürə və mərkəzə daha yaxın ərazidə olduqda növbəsini aktivləşdirə bilərlər.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olmaqla sahibkarlara “G2B” və “B2B” xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir.
Azərbaycanın davamlı iqtisadi inkişafının reallaşdırılmasında sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Respublikamızda özəl sektorun inkişafı sahəsində reallaşdırılan sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması da bunun bariz ifadəsidir.
Xatırladaq ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6 faizini kiçik və orta biznes subyektləri təşkil edir. Həmin qurumların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyinin əsas elementlərindən biridir. Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların əsas sütunu və hərəkətverici qüvvəsi hesab olunur. Bu baxımdan, kiçik və orta biznes subyektlərinin fəaliyyətinin şaxələndirilməsi və innovasiya səviyyəsi bütövlükdə ölkənin inkişaf göstəricisidir.