Torpağın bar-bərəkəti kəndə yeni həyat gətirir

post-img

Bu ilin 7 ayında ölkədə 3 milyard 836,8 milyon manatlıq bitkiçilk məhsulları yığılıb

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişləndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə bol məhsulun təməli üçün ötən ilin payızında ölkənin bütün təsərrüfat kateqoriyaları üzrə 1 milyon 26 min 252,6 hektar sahədə dən və yaşıl yem əkini aparılıb. Bunun da 995 min 726,5 hektarı payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) payına düşüb. 

Komitənin məlumatına əsasən, 2024-cü ilin yanvar–iyul ayları üzrə ölkədə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 508,2 milyon manat təşkil edib ki, bunun da 3 milyard 836,8 milyon manatı bitkiçilk məhsullarının payına düşüb. Cari ilin bi­rinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı istehsalı 0,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 0,2 faiz artıb.

Artıq ölkənin regionlarında bir sıra mühüm növ kənd təsərrüfatı məhsulları­nın yığımı başa çatıb. Fermerlər və fərdi təsərrüfat sahibləri mövsümün əvvəlindən nəvaziş göstərib sığal çəkdiyi əkin sahələ­rindən bol məhsul götürməyə nail olublar. Elə buna görədir ki, hazırda məhsulunu dükan-bazara, piştaxtalara yollayan fermer əməyinin nəticəsindən, ölkədə məhsul bol­luğuna verdiyi töhfədən məmnundur. 

Son illər dövlətin aqrar sektorun inki­şafına göstərdiyi hərtərəfli diqqət və qay­ğısı da sahibkarın karına gəlir, onu torpağa möhkəm bağlayır. Bu da son nəticədə ölkə­də kənd təsərrüfatının ümumi məhsulunun artmasına səbəb olur. Cari ilin yanvar–iyul aylarında ölkə üzrə 965 min 524,7 hektar sahənin məhsulu yığılıb. Həmin sahələr­dən 2 milyon 911 min 299,6 ton bitkiçilik məhsulları tədarük edilib. Yeri gəlmişkən, hesabat dövründə əkin sahələrində həyata keçirilmiş aqrotexniki tədbirlər sayəsində torpağın məhsuldarlığı xeyli artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin 7 ayının yekunlarına əsasən, əkin sahələrin­də hektarın məhsuldarlığı 30,2 ton təşkil edib. Bu sahədə ən yüksək məhsuldarlıq Mil–Muğan (40,8 ton) və Gəncə–Daş­kəsən (34 ton) iqtisadi rayonlarında qeydə alınıb. Ölkə üzrə ən yüksək göstərici isə Şirvan–Salyan iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunun payına düşüb (51,4 ton). Bu isə respublika üzrə ümumi göstə­ricidən 21,2 ton çoxdur.

Mövsüm ərzində 29 min 288,6 hektar sahədə dən üçün qarğıdalı əkilib. Yanvar–iyul aylarında 3 min 980,2 hektar sahədə yığım həyata keçirilib və nəticədə, 24 min 202,8 ton məhsul toplanılıb. Bu sahədə hektarın orta məhsuldarlığı isə 60,8 ton təşkil edib. Hesabat dövründə ən çox qar­ğıdalı Mil–Muğan iqtisadi rayonuna daxil olan Sabirabadda (10 min 917,5 ton) yığı­lıb. Sözügedən rayonda hektarın məhsul­darlığı isə 81,2 sentner təşkil edib ki, bu da ölkə üzrə ən yüksək göstərici hesab olunur. 

2024-cü ilin məhsulu üçün 13 min 878,8 hektar sahədə dən üçün günəbaxan əkilib. İlin 7 ayında yığım həyata keçiril­miş 764,9 hektar sahədən 1845,3 ton məh­sul əldə edilib. Sahənin orta məhsuldarlığı 24,1 sentner olub. Bu sahədə ən yüksək göstərici isə Mil–Muğan iqtisadi rayonuna daxil olan Saatlıda (56,8 sentner) qeydə alınıb. 

Son illər ölkədə kartofa tələbatın get­dikcə artmasına baxmayaraq, əkin sahələ­rinin azalması müşahidə olunur ki, bu da məhsul istehsalının aşağı düşməsi ilə nə­ticələnir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin məhsulu üçün 46 min 752,1 hektar sahədə kartof əkilib. Əkin sahələrinin əvvəlki ilin müvafiq döv­rü ilə müqayisədə azalmasına baxmayaraq, fermerlər bol məhsul yetişdirməyə nail olublar. İlin 7 ayında 30 min 160,9 hek­tar sahədə yığım həyata keçirən təsərrüfat sahibləri 598 min 638,4 ton məhsul əldə ediblər. Kartofçuluqda hektarın məhsul­darlığı 198,5 sentner təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azdır. Hesabat dövründə hektarın orta məhsuldarlığı üzrə ən yüksək göstə­rici Qazax–Tovuz (279,7 sentner) iqtisadi rayonunda qeydə alınıb. Bununla yanaşı, Lənkəran–Astara (198,6 sentner), Mil–Muğan (144,3 sentner) və Qarabağ (139,6 sentner) iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının (156,2 sentner) fermerləri də sahələrdən bol məh­sul götürüblər. Ölkənin rayonları üzrə bu sahədə ən yüksək göstəriciyə isə Gədəbəy (305 sentner), Ağstafa (300 sentner), To­vuz (296,1 sentner) və Cəlilabad (281,9 sentner) fermerləri imza atıblar. 

Bu ilin əvvəllərində 62 min 546,6 hek­tar sahədə tərəvəz əkən təsərrüfat sahiblə­rinin də əməyi öz bəhrəsini verib. Yanvar–iyul aylarında 48 min 377,9 hektar sahədə yığım həyata keçirən fermerlər 1 milyon 245 min 737,8 ton məhsul toplayıblar. He­sabat dövrü ərzində tərəvəzçilikdə hektarın məhsuldarlığı 257,5 sentner təşkil edib. Sözügedən sahədə məhsuldarlıq üzrə ən yüksək göstəricilərə Abşeron–Xızı (1910,1 sentner) və Qazax–Tovuz (421,2 sentner) iqtisadi rayonlarının fermerləri nail olub­lar. 

Dükan-bazarlarda yay mövsümündə daha çox tələbat duyulan bostan məhsul­larının bolluğu da diqqət çəkir. Mövsüm ərzində 19 min 360 hektar sahədə bostan bitkiləri əkən təsərrüfat sahibləri ilin 7 ayında 428 min 966,1 ton məhsul yığma­ğa nail olublar. Bostanlarda hektarın orta məhsuldarlığı 253,1 sentner (ötən il 251,2 sentner) təşkil edib. Bu sahədə ən yüksək göstərici isə 358 sentnerlə Mil–Muğan iq­tisadi rayonunda qeydə alınıb. Yeri gəlmiş­kən, hər hektardan 406,4 sentner məhsul toplayan Sabirabad rayonunun fermerləri rekord göstəriciyə nail olublar. 

Ölkə üzrə meyvə və giləmeyvələrin ümumi əkin sahələri 229 min 810,8 hektar təşkil edir. Cari ilin yanvar-iyul aylarında bağlardan 331 min 97,1 ton ton məhsul yığılıb. İqtisadi rayonlara gəldikdə isə, bu sahədə ən yüksək göstəricilərə Quba–Xaç­maz (122 min 226,8 ton) və Qazax–Tovuz (48 min 917,3 ton) iqtisadi rayonlarının təsərrüfat sahibləri imza atıblar. 

Cari ilin 7 ayında ölkə üzrə mövcud 14 min 958,1 hektarlıq üzüm bağlarından 5 min 845,1 ton məhsul toplanılıb. Hesabat dövründə ən çox məhsul Qazax–Tovuz və Quba-Xaçmaz iqtisadi rayonlarının üzüm plantasiyalarından əldə edilib.

Ölkənin çayçılıq təsərrüfatlarının cəm­ləşdiyi Lənkəran–Astara və Şəki–Zaqa­tala iqtisadi rayonları üzrə mövcud 943,5 hektar sahədən 773,4 ton yaşıl çay yarpağı yığılıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 56,2 ton çoxdur. Yaşıl çay yarpa­ğının 748,4 tonu Lənkəran–Astara iqtisadi rayonunun payına düşüb. Bununla yanaşı, hesabat dövründə mövcud 2 min 649 hek­tarlıq tütün sahələrində də məhsul yığımı həyata keçirilib, tədarük məntəqələrinə 1792,2 ton tütün yarpağı təhvil verilib.

Ölkə üzrə kənd təsərrüfatı məhsulla­rının yığımı davam edir. Sahələrdə qalan məhsulun yığımını optimal müddətdə başa çatdırılması üçün isə fermerlər bütün im­kanları səfərbər ediblər.

İqtisadiyyat