İrəvan “əkdiyini” axıradək biçəcək

post-img

1991-ci ildə Sovet İttifaqının da­ğılması nəticəsində dövlət müstəqilli­yini bərpa edən Ermənistan həmsər­həd olduğu Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri yaratmaq, bunun nəticəsində Cənubi Qafqazı sülh, sabitlik və əmin-aman­lığın mövcud olduğu Baltikyanı böl­gə kimi yüksək inkişaf etmiş regiona çevirmək yerinə qarşıdurma xəttini əsas götürdü. Hələ SSRİ dağılmamış keçmiş Dağlıq Qarabağ Muxtar Vi­layətində etnik separatizmə başlayan ermənilər vilayətin çoxluq təşkil et­dikləri yaşayış məskənlərindən azər­baycanlıları zorla qovub çıxardılar. 1992-ci ilin yanvarından isə Ermənis­tan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladı. Birinci Qarabağ müharibəsindəki üstünlük qarşı tərəf­də eyforiya yaratdı. Ancaq hamıya məlumdur ki, Azərbaycan hərtərəfli güclənərək 27 ildən sonra Ermənista­nı təslimolma aktını imzalamağa məc­bur etdi.

İndi isə müstəqillik illərində Ermə­nistana rəhbərlik edənlər – istər Levon Ter-Petrosyan, istər Robert Koçaryan və Serj Sarkisyan, istərsə də Nikol Paşinyan yol verdikləri əməllərin cəzasını çək­məkdədirlər. Məhz onların siyasəti nəti­cəsində Ermənistan bu gün dünyada iki qonşu dövlətlə sərhədləri bağlı olan nadir ölkələrdəndir. Sərhədlərin bağlı olması­nın Hayastana böyük ziyan vurduğu, onu iqtisadi inkişafdan geri saldığı heç kəsə sirr deyil. “Dənizdən–dənizə böyük Er­mənistan” quracaqları xəyalı ilə yaşayan­lar Hayastanı uçurumun kənarına gətirib çıxarıblar. Buna baxmayaraq, İrəvan yenə də əvvəlki səhvlərdən nəticə çıxarmır, re­gionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına imkan vermir. Hal­buki, bu problemin həlli həm də Ermənis­tanın xeyrinə olardı.

Müstəqillik illərində Ermənistanı tərk edənlərin sayında da böyük artım var. Haylar, əsasən böyüməkdə olan nəslin nü­mayəndələri heç bir perspektiv görmədik­ləri üçün vətəndaşı olduqları ölkəni sürətlə tərk edirlər. Ötən il bu vaxtlar Ermənistan hakimiyyəti və xaricdəki ermənilər Qara­bağ erməniləri üçün “humanitar böhran” adlı böyük şou kampaniyası aparırdılar. Onlar Azəzrbaycanın özünün erməni əsil­li vətəndaşlarını reinteqrasiya etmək yö­nündə apardığı siyasəti hər vəchlə “etnik təmizləmə” kimi qələmə verməyə çalı­şırdılar. Ancaq Qarabağdan ermənilərin könüllü gedişi ən çox Ermənistan haki­miyyətinin işinə yaradı. Onlar bununla üz­ləşdikəri demoqrafik böhranı qismən ara­dan qaldıra bildilər. Ermənistana “pənah gətirmiş” haylar sonradan buranı da tərk edərək üçüncü ölkələrə, əsasən Rusiyaya, Avropa ölkələrinə, bəziləri isə ABŞ və Ka­nadaya üz tutdular.

Qeyd edək ki, rəsmi məlumata görə, Ermənistan–Azərbaycan sərhədinin uzun­luğu 1007 kilometrdir. Hayastanın digər yerlərində olduğu kimi, ölkəmizlə həm­sərhəd bölgələrdə yaşayan ermənilərin də sosial-iqtisadi vəziyyəti, yumşaq desək, ürəkaçan deyil. Bunun da səbəbkarı yenə də sərhədlərin açılmasına imkan verməyən Ermənistan hakimiyyətidir. Onların əsas­sız təşvişi, heç nədən hay-küy yaratmaq siyasəti nəticəsində sərhədin bağlı qalması bölgədə yaşayan ermənilərin maddi rifah halına mənfi təsir etməkdədir. Halbuki, sərhədlərin açıq olması qarşılıqlı ticarətin çiçəklənməsinə gətirib çıxarar ki, bundan da hər iki tərəf qazanar.

Ermənistan rəhbərliyinin sülh müqa­viləsinin imzalanmasına soyuq yanaşması, əsassız tələbləri sülh quruculuğuna ma­neədir. Xarici İşlər naziri Ceyhun Bayra­movun avqustun 27-də türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirdiyi kimi, Ermənistan konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbay­cana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisi­nin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır.

Bugünlərdə Ermənistanın Azərbaycan­la həmsərhəd bölgələrdən əhalinin kütləvi köçü ilə bağlı yayılan xəbər bu baxımdan diqqəti cəlb edir. Qeyd edilir ki, Hayas­tanın ölkəmizlə həmsərhəd vilayətlərinin – Göyçə, Dilican və Zəngəzurun (haylar bu qədim yurd yerlərimizi müvafiq olaraq Geqarkunik, Tavuş və Sünik adlandırır­lar–S.H.) sakinləri kütləvi şəkildə evlərini tərk edirlər. Ermənistan statistika komitəsi­nin məlumatına görə, son 5 ildə bu ərazilər 40 minə yaxın insanı itirib. Bir çox kəndlər tamamilə boşaldılıb. Bildirilir ki, bu axının səbəbləri göz önündədir: baş verənlərdən dərin məyusluq, sabahkı günlə bağlı qey­ri-müəyyənlik, təhlükəsizlik narahatlığı, yığılmış sosial problemlər...

Gedənlər yaxınlarına etiraf edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra sər­həd bölgələrində qorxu və bədbinlik daha da güclənib. Bu isə kütləvi köçə səbəb olub. Hələ də bölgədə qalanlar deyirlər ki, insanlar müharibədən sonra məyus olduq­ları üçün gedirlər. Həmçinin, ən zəruri tələ­bat mallarının daimi çatışmazlığı var.

Statistikaya görə, 2019-cu ilin yayında Göyçədə 230 minə yaxın insan yaşayırdı ki, onların da əksəriyyəti kəndlərdə məs­kunlaşmışdı. Lakin koronavirus pandemi­yası, 44 günlük müharibə və Azərbaycanla sərhəddə müntəzəm toqquşmalar vəziyyətə əhəmiyyətli dərəcədə təsir edib, vilayətin əhalisi 13 min nəfər azalıb.

Əhalisinin sayına görə, vilayətin ən bö­yük şəhəri olan və hayların “Sevan” adlan­dırdıqları Göyçə şəhərinin sakinləri qeyd edirlər ki, gənclərin əksəriyyəti İrəvana köçməyə üstünlük verir, çünki şəhərdə iş yeri çox azdır, dövlətə məxsus müəssisələr isə ümumiyyətlə, yoxdur. Göyçə, rəsmi statistikaya görə, Ermənistanın ən yoxsul regionlarından biridir. Burada hər üçüncü şəxs yoxsulluq həddində yaşayır və ifrat yoxsulluq səviyyəsi ölkə üzrə ən yüksək­dir. Əhalinin, demək olar ki, 5 faizi gündə 3 dollar xərcləməyə çətinlik çəkir. Hətta iş tapanlar da Ermənistanda ən aşağı maaş alırlar.

Vilayət sakinləri “Azadlıq” radiosunun erməni xidmətinin (“Azatutyun”) müxbiri ilə söhbətlərində həyatın çətinləşməsindən şikayət ediblər. İnsanlar getdikcə yoxsul­laşır, pul çatışmazlığı fəlakətli həddədir, yaşamaq, sağ qalmaq ildən-ilə çətinləşir. Onların fikrincə, hökumət bu problemləri həll etmək iqtidarında deyil.

Göründüyü kimi, erməni xalqı və döv­ləti vaxtilə başladıqları “miatsum” hərəka­tının acı “meyvəsini” bu gün dadmaqda, necə deyərlər, əkdiklərini biçməkdədirlər. Bu gün Ermənistan bölgədə hər şeydən məhrum olmuş ölkədir. Onun qeyd etdiyi­miz kimi, iki qonşu ölkə ilə sərhədlərinin bağlı qalması iqtisadiyyatının inkişafını tormozlayır, xarici bazarlara çıxış imkan­larını məhdudlaşdırır. İranla sərhədin Meh­ri zolağından, əlverişsiz coğrafi relyefdən keçməsi, başqa heç bir yerdən gediş-gəlişin olmaması da prosesə mənfi təsirini göstər­məkdədir. Ermənistanın Rusiyaya yolu Gürcüstan ərazisindən keçir. Burada isə “Yuxarı Lars” adlanan sərhəd nəzarət-bu­raxılış məntəqəsi qışda çox vaxt bağlı olur. Bu baxımdan ölkənin yeganə çıxış yolu Azərbaycanla danışıqlar prosesində əsassız tələblərdən əl çəkmək, konstitusi­yasından bizə ərazi iddiaları irəli sürməyə haqq qazandıran müddəaları çıxarmaqdır. Əks-təqdirdə Ermənistan düşdüyü indiki vəziyyətdən çıxa bilməyəcək.

Mövzu üzrə söhbətləşdiyimiz Döv­lət İdarəçilik Akademiyasının müşavi­ri, politoloq Zaur Məmmədov bildirdi ki, hər bir dövlətin inkişafı və müstəqil siyasəti, xalqının firavanlığı üçün onun maliyyə-iqtisadi sisteminin dayanıqlığı ən vacib amillərdəndir. Bu, həm də dövlətin müstəqil siyasət aparması üçün çox əhə­miyyətlidir.

Onun sözlərinə görə, uzun illər Azər­baycana qarşı işğalçı siyasət yürüdən Er­mənistandakı hakimiyyətlər üçün, yəni, nə bundan öncəki Qarabağ klanının iqti­darı dövründə, nə də “liberal” Paşinyanın vaxtında xalqın sosial-iqtisadi durumu heç vaxt maraqlı olmayıb. Qəsbkarlığı üzün­dən bütün regional layihələrdən kənarda qalan, müstəqillik dövründə heç bir iqti­sadi-logistik layihələrə qoşula bilməyən Ermənistan dövləti dünyadakı erməni di­asporu və xarici havadarları olmasaydı, çoxdan çökmüş olardı: “2024-cü ilin fevral ayının sonuna Ermənistanın dövlət borcu 11 milyard 943 milyon dollar təşkil edib ki, bu da ilin əvvəlindəki borcun məbləğindən 97,5 milyon dollar və ya 0,8 faiz çoxdur. Bunu Ermənistan Maliyyə Nazirliyinin məlumatları sübut edir. Ümumiyyətlə, bü­tün mötəbər proqnozlar ölkənin iqtisadi vəziyyətinin getdikcə daha da pisləşəcəyi­ni göstərir. Görünən odur ki, küçə inqilabı yolu ilə hakimiyyətə gələn və ermənilərin 6 il öncə böyük ümidlər bəslədikləri Nikol Paşinyan xalqının sosial-iqtisadi, eyni za­manda demoqrafik problemlərini həll et­mək əzmində deyil. Tarixi təcrübə göstərir ki, sosial narazılıqlar sonda siyasi tələblə­rin irəli sürülməsinə əsaslar yaradır. Geniş­lənən xalq etirazları isə ölkənin problem­lərini həll edə bilməyən hakimiyyətlərin devrilməsi ilə nəticələnir”.

Z.Məmmədov qeyd etdi ki, qarşıdan etiraz aksiyaları keçirmək üçün əlverişli zaman hesab edilən payız ayları gəlir və Paşinyan iqtidarı əleyhinə son illərdə ən böyük etiraz aksiyaları keçirməyə nail olan arxiyepiskop Baqrat Qalstanyan sosial-iq­tisadi çətinliklər fonunda yaranmış narazı­lıqdan məharətlə yararlanır. Vəziyyət belə davam edərsə, iqtisadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılı olan Er­mənistanda payızda ciddi çaxnaşmalar baş verə bilər.

Səxavət HƏMİD
XQ



Siyasət