Azərbaycan–Türkiyə: müştərək hədəflərə yönəlik ortaq güc

post-img

Ceyhun Bayramov–Hakan Fidan təmasına sözardı

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun qardaş Türkiyəyə işgüzar səfəri bir çox müşahidəçilərin diqqət mərkəzindədir. Şübhəsiz, buna səbəb cənab Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşündə müzakirə edilən məsələlərin geniş spektridir.

Əvvəlcə, görüş zamanı tərəflərin iki ölkə arasında mövcud müttəfiqlik müna­sibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommuni­kasiya, humanitar və s. aspektləri nəzərdən keçirmələri üzərində dayanaq. Bununla bağlı bir çox məqamlar var. Ancaq yazım­da onların hamısını sadalamaq niyyətindən uzağıq. Başlıca nüans budur ki, nazirlər Türkiyə və Azərbaycan müttəfiqliyinin çoxşaxəli istiqamətlərini regional və bey­nəlxalq təhlükəsizlik prizmasında gördük­lərini açıqlayıblar. 

Deməli, C.Bayramovun Türkiyə yol­çuluğuna, ilk növbədə, məhz bu prizmadan yanaşmaq lazımdır. Nəzərə alaq ki, möv­cud paradiqma bir sıra siyasi müşahidə­çilərin Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri xüsusunda ortaya atdıqları ritorikaya zidd təmayüldür. Onlar Kreml rəhbərinin Bakıya gəlişindən ölkəmizin Rusiya meyilli xəttinin güclənməsi ilə bağlı nəticələr çıxarıblar. Əlbəttə, tələsik davranıblar. İstər Prezident İlham Əliyevin Özbəkistana, istərsə də indi C.Bayramo­vun Türkiyəyə səfəri belə baxışları alt-üst edir və rəsmi Bakının əvvəlki xəttinin da­vamlılığı təsəvvürünü möhkəmləndirir. 

Sözügedən xəttə gəldikdə isə ölkəmi­zin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirildiyi kimi, Bayramov–Fidan təma­sında Azərbaycan və Türkiyəni qardaşlıq və dostluq əlaqələrinə əsaslanan strateji müttəfiqliyinin inkişafında iki ölkə lider­ləri arasındakı mövcud siyasi dialoqun, onların qarşılıqlı səfər və təmaslarının əhəmiyyəti vurğulanıb. Hesab edirik ki, indiki məqamda bu vurğulanmanın özü ətraf aləmə, kifayət qədər, tutarlı mesajdır. Yəni, heç kəs hansısa fərqli düşüncələrə dalmasın, Azərbaycan və Türkiyə qardaş­lığı sarsılmazdır. 

Qeyd edək ki, ölkələrimiz arasında­kı qardaşlıq münasibətlərinin ən müxtəlif cəhətləri, tarixi bağları var. Ancaq müasir dövrdə mövcud istiqamətdəki ən mühüm vektor müttəfiqlikdir. Bu vektor özünü 2021-ci il iyunun 15-də imzalanmış “Azər­baycan Respublikası ilə Türkiyə Respub­likası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə daha bariz şəkildə göstərməkdədir. Nazirlər də görüşdə məhz mövcud amilin üzərin­də dayanıb və bildiriblər ki, sözügedən sənəd bir sıra sahələrdə əməkdaşlıq pers­pektivlərinin inkişafında praktiki nəticələr verib. Onlar gedişatdan məmnunluqla­rını dilə gətiriblər. Yəni, bu, o deməkdir ki, müttəfiqlik güc amilinin paylaşılması məntiqini əsas götürürsə, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinə əsaslanaraq, güclərinə güc qatıblar. Hesab edirik ki, bu da xaricdəki anti-Azərbaycan dairələrə, o cümlədən ermənipərəstlərə layiqli mesaj olmalıdır.

Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz. Dahi Ni­zaminin bu kəlamı Türkiyə – Azərbaycan qardaşlığı və bu qardaşlığın müttəfiqlik təntənəsi baxımından aktuallığını qoru­maqdadır. Deməli, Bakı və Ankara yalnız indini deyil, eyni zamanda, gələcəyi nəzər­də tutur. Hesablayır və ortaq təhsil düşün­cəsinin inkişafını prioritet seçirlər. Məhz bu səbəbdən nazirlər Azərbaycan və Tür­kiyə liderlərinin ideya müəllifləri olduqları Türkiyə–Azərbaycan Universitetindən söz açıblar. Onlar ali təhsil ocağına bu il tələ­bə qəbulunun həyata keçirilməsini, yüksək balla tələbələrin qəbulunu məmnunluqla qeyd ediblər. Görüşdə həmçinin, univer­sitetə böyük maraq təqdir olunub, bu ma­rağın təhsil sahəsində əməkdaşlığa əlavə stimul yaradacağı bildirilib.

Vurğuladığımız kimi, Azərbaycan–Türkiyə qardaşlığı və bu qardaşlığın qar­şılıqlı əməkdaşlıq vektoru çoxqütblüdür. Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təş­kilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. platformalarda, habelə digər regional və beynəlxalq təşki­latlarla yanaşı, bir sıra çoxtərəfli formatlar çərçivəsində təmasdadırlar. Əlbəttə, möv­cud xüsusda Türk Dövlətləri Təşkilatının ayrıca yeri və rolu var. Ölkələrimizin xarici siyasət rəhbərlərinin görüşündə bu məqa­mın üzərində də dayanılıb. Heç şübhəsiz, məsələyə önəm verilməsinin məğzində Prezident İlham Əliyevin TDT-nin qlobal güc mərkəzinə çevrilməsinə dair fikrinin aktuallığı dayanır. Ona görə də ölkəmiz ailə hesab etdiyimiz quruma üzv ölkələrlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxlayır. Nəzərə alaq ki, Türkiyə və Azər­baycan TDT-ni həm də regional platforma kimi qəbul edirlər. Nazirlərin vurğuladıq­ları kimi, üçtərəfli və dördtərəfli format­larda əməkdaşlıqla yanaşı, bu platforma da sabitlik və təhlükəsizliyə ciddi töhfələr verir.

C.Bayramov türkiyəli həmkarı H.Fida­na, həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyəti barədə də ətraflı bəhs edib. Məlumdur ki, hazırda xaricdəki anti-Azərbaycan və ermənipərəst dairələr ölkəmizin bu nüfuzlu tədbirə evsahibliyinə hesablanmış ajiotaj qaldırıblar. Ajiotaj Azərbaycanı mənfi yöndə təqdim etməyə yönəlib və həmin təqdimatı “stimullaşdı­ran” məqamlar var. Ermənistan hakimiyyə­ti və onun xaricdəki havadarları çalışırlar ki, ölkəmiz barədə mənfi beynəlxalq rəy formalaşdırmaqla, sülhdən yayınsınlar. Bu isə regional təhlükəzlik baxımından yolve­rilməz tendensiyadır. Görünür, bu səbəb­dən nazirlər məsələnin müzakirəsinə geniş yer veriblər. Daha dəqiq desək, C.Bayra­mov qarşı tərəfi postmüharibə dövründə bölgədə mövcud vəziyyət, regional sülh və normallaşma gündəliyinə təhdidlər barədə məlumatdırıb. O, Ermənistan konstitusi­yasında və digər qanunvericilik aktlarında Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlüyünə davam edən iddiaların, habelə Ermənistanın kütləvi hərbiləşmə siyasətinin sülh prosesinə əsas hədələr ol­duğundan söz açıb. Bununla bağlı əlavə təfərrüatlar olmasa da, məlumdur ki, möv­zuya dair fikir mübadiləsinin aparılması fiksasiyasız ötüşməyəcək. 

Əlbəttə, nazirlərin təması zamanı 44 günlük Vətən müharibəsinin yada salın­ması adi məsələ deyil. Müharibədə Tür­kiyə tərəfindən Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəyin xatırlanması da həmçinin. Nəzərə alaq ki, həmin dəstək hazırda özünü Qarabağ bölgəsində davam etdirilən yenidənqurma və bərpa işlərində göstərməkdədir. O işlərdə ki, qardaş ölkə­nin aparıcı şirkətlərinin orada böyük rolu var və bu missiya yüksək qiymətləndiril­məkdədir. Deməli, Qarabağa sahiblənmək ruhunun müştərək əməli fəaliyyət trayek­toriyası da aktivliyini saxlamaqdadır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət