Bir telefon zəngindən asılı dövlət

post-img

İrəvanın Qərblə Rusiya arasında vurnuxması nə vaxtadək davam edəcək?

Rusiya Prezidenti Vladimir Puti­nin Bakıya səfərindən 10 gün keçsə də, mövzu Ermənistan cəmiyyətinin gün­dəmindən düşmür. Xüsusilə, Rusiya liderinin Moskvaya dönəndən iki gün sonra Ermənistan baş naziri Nikol Pa­şinyana telefon zənginə müxtəlif şərh­lər və ehtimallarla münasibət bildirilir. 

“Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın tələbi ilə konstitusiya dəyi­şikliyinə hazırlaşır. Belə görünür ki, onun başqa yolu qalmayıb və Bakının tələbini yerinə yetirməyə məcbur olacaq. İndi bunu təkcə Ermənistanda deyil, regionda baş verənləri izləyən hər kəs anlayır”.

Bunu erməni politoloq Arman Abov­yan yazır. O, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini xatır­ladaraq qeyd edib ki, Kreml sahibi Bakıda Ermənistan–Azərbaycan münasibətlərinin mövcud durumunu da müzakirəyə çıxarıb və bununla bağlı növbəti dəfə ölkəsinin vasitəçilik missiyasını təklif edib. Onun sözlərinə görə, Putin Bakıda olarkən bu mövzuları Paşinyanla müzakirə edəcəyini açıqlamışdı. “Səfərdən bir neçə gün sonra Putin–Paşinyan telefon danışığı baş tutdu, amma görüşün təfərrüatları və nəticələ­ri barədə ictimaiyyətə heç nə deyilmədi, quru və səssiz rəsmi açıqlama heç nəyi izah eləmədi”.

Erməni politoloq onu da vurğulayıb ki, ABŞ və Avropa həm Rusiyanın, həm də İranın Ermənistana siyasi təsir imkanlarını minimuma endirməyi qarşılarına məqsəd qoyublar. Onun sözlərinə görə, ilk növbə­də, Ermənistanın Rusiyanın təsir dairəsin­dən çıxarılması prioritet elan edilib: “Bu gün Ermənistan dövlətində birinci rəhbər­lərinin iştirakı ilə anti-Rusiya və anti-İran əhval-ruhiyyəsini addım-addım gücləndir­mək siyasəti aparılır. Yəni, heç kimə sirr deyil ki, Paşinyan iqtidarı Rusiya amilinin ölkədən çıxarılmasına münbit şərait yarat­maq üçün məqsədyönlü siyasət yürüdür. Rusiya sərhədçiləri artıq Zvartnots hava limanından çıxıblar. Ermənistanla Azər­baycan arasındakı sərhədin ən problemli hissələrində yerləşən Rusiya hərbçilərinin sayı azaldılır”.

Bütün bunları “kollektiv Qərb”in yeni Cənubi Qafqaz ssenarisinin tərkib hissə­si olduğuna diqqəti çəkən erməni ekspert Azərbaycanın tələbi əsasında Ermənistanda mümkün konstitusiya dəyişikliyinə hazırlıq görüldüyünü təsdiqləyir: “Türkiyə və Azər­baycan İrəvandan konstitusiyanın müvafiq müddəalarına yenidən baxılmasını tələb edir. Ermənistan hakimiyyəti də dövlətin birinci şəxslərinin, xüsusən də birbaşa baş nazirin iştirakı ilə bu tələbə uyğun olaraq, konstitusiyaya dəyişiklik edilməsi üçün ilkin şərtlərin formalaşdırılması prosesinə başlayıb”.

* * * 

Əvvəlcə təqdirəlayiq bir faktı qeyd et­mək lazımdır ki, Ermənistan cəmiyyətin­də, onun siyasi cəhətdən fəal kəsimində Azərbaycanın sülhə mane olan səbəblərin aradan qaldırılması ilə bağlı tələbləri daha süngü ilə qarşılanmır. Bunsuz sülhün əldə olunmasının mümkünsüz olduğunu rəs­mi İrəvanla yanaşı, müstəqil media və bu ölkənin QHT sektoru da qəbul edir. İkinci fakt isə odur ki, Ermənistan cəmiyyətində Rusiya amili ilə bağlı səngimək bilməyən diskussiyalar, sanki, bu ölkənin taleyinin bir telefon zəngindən asılı olması təsəvvü­rünü yaradır. 

Oxuculara xatırladaq ki, Ermənistan baş qanununda istinad edilən “Müstəqillik aktı”nda Azərbaycan və Türkiyəyə qarşı aşkar ərazi iddiaları yer alır. Konkret olaraq söhbət Azərbaycanın Qarabağ iqtisadi ra­yonu və Türkiyənin Şərqi Anadolu vilayə­tindən gedir. Bakının tələbi ərazi iddiasını qanuniləşdirən həmin istinadın Ermənistan konstitusiyasından çıxarılmasıdır. Azərbay­can Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov müsahibə­sində bu amilin iki ölkə arasında sülhün əldə olunmasına yeganə maneə olduğunu söyləmişdi.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində Ermənistan–Azərbaycan münasibətlərini müzakirə edərkən növbəti dəfə ölkəsinin sülh danışıqlarında vasitəçilik missiyası təklifini irəli sürdü. Səfərdən sonra Krem­lin rəsmi məlumatında qeyd olundu ki, Putin Paşinyana Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazır­lanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib. Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Ermənis­tanda bu zənglə bağlı müzakirələr hələ də səngimək bilmir. Telefon danışığında başqa nələrdən söhbət gedib? Hayların son bir həftədə cavab tapmağa çalışdıqları əsas sual budur. Bəli, Putinin Bakıya səfərindən bir neçə gün sonra onun Paşinyanla tele­fon danışığı baş tutdu. Həmin danışıqların mahiyyətinə varmaq istəyən erməni poli­toloqları, blogerləri birincisi Bakıda nəyin müzakirə olunduğu və bunun nəticəsində Ermənistan rəhbərliyi ilə nə barədə söhbət aparıldığı barədə ən müxtəlif versiyalar üzərində şərh və proqnozlarını sərgiləyirlər. Və onların, demək olar ki, bütün paylaşım­ları sual işarəsi ilə yekunlaşır. Onlardan bir qismi iddia edir ki, Paşinyan Putinin sülh danışıqlarının Moskvada davam etdirilməsi istəyini nəqliyyat və logistika əlaqələrinin Rusiyanın iştirakı ilə (Zəngəzur dəhlizinə FTX-nin nəzarət etməsi) açılmasını qəbul etməyib. Digər qismin ehtimalına görə, Paşinyanın bu imtinaları Azərbaycanın ma­raqları fonunda Rusiya İrəvana yönəlik təz­yiqlərinin güclənməsi Bakı üçün sərfəlidir. Başqa versiyanı irəli sürənlər də var: Bakı diplomatik manevrlə məsələni Moskva–İrəvan müstəvisinə yönəltməyə və bununla Rusiyanın Ermənistana daha kəskin cavab­larına zəmin yaratmağa çalışır. 

* * * 

Sonuncu versiyanı irəli sürənlərlə razı­laşmamaq olmaz. Axı, doğrudan da, möv­cud vəziyyətdə qitələrarası nəqliyyat dəh­lizlərinin Rusiya üçün həyati əhəmiyyətə malik olduğunu nəzərə alanda İrəvana təz­yiqin güclənəcəyi təbii qəbul olunmalıdır. 

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Moskva üçün mövcud vəziyyətdə Cənubi Qafqaz həm də nəqliyyat dəhlizləri uğrunda mübarizənin getdiyi əsas coğra­fiyalardan biridir: “Bu bölgədə zəifləmək Rusiyanın Şimal–Cənub nəqliyyat dəhli­zinə problemlər yarada, o cümlədən Orta dəhliz üzərindəki mövqelərinə təsir göstərə bilər. Hər iki məqam bir-biri ilə sıx bağlıdır. Putinin Bakı səfərinin ştrixlərindən biri də bu idi. Moskva bölgədə aktivləşən ABŞ-nin önünü kəsmək üçün Azərbaycan–Ermənis­tan danışıqlarında təşəbbüsü yenidən ələ almaq istəyir. Çünki regiondankənar qüv­vələr, əsasən, bu məsələ üzərindən bölgəyə müdaxilə edə bilirlər. İndi Moskva təklif edir ki, Bakı–İrəvan ikitərəfli sülh danı­şıqları Rusiya platformasında davam etdi­rilsin. Həmçinin sərhədin delimitasiyası və kommunikasiyaların açılması məsələlərin­də rusların iştirakı qəbul olunsun. Görün­düyü kimi, rəsmi Bakı Moskva danışıqla­rına “yox” demədi. Halbuki Azərbaycan əvvəldən danışıqların ikitərəfli formatına üstünlük verir. İrəvanın Moskvanın təkli­fini qəbul etməyəcəyi aydındır. Birincisi, Rusiya masasındakı gündəlik Ermənistanın mövcud istəklərinə uyğun gəlmir. İkincisi, bölgədə Ermənistan üzərindən möhkəm­lənən Qərb İrəvana Moskvaya getməyə icazə vermir”.

Bu halda Ermənistanın imtina edən tərəf kimi Rusiyanın hədəfinə çevrildiyini bildirən siyasi ekspert Putinin Paşinyana zəngi ilə bağlı rəsmi açıqlamalardan İrəva­nın Moskvanın istəyini rədd etdiyi qənaəti­nin yarandığını dedi: “Bu, Rusiyanın Ermə­nistanla bağlı siyasətinin kəskinləşməsinə zəmin yaradacaq. Fikrimizcə, bu, Azərbay­canın maraqlarına uyğundur. Ermənistanı silahlandıran Qərb oyunçularının qarşısına Rusiyanın çıxması və Azərbaycanın bu qar­şıdurmada yer almaması vacib məqamdır”. 

Hesab edirik ki, Rusiya liderinin Bakı səfərindən sonra gəldiyi ən önəmli qənaət budur: O, Prezident İlham Əliyevlə etdi­yi müzakirədən əmin oldu ki, Azərbaycan yeni müharibə istəmir və Bakı İrəvanla da­nışıqlar yolu ilə münasibətlərin normallaş­dırılması və sülh sazişinin imzalanmasının tərəfdarıdır.

Moskvanın təklifini Paşinyanın qəbul etməyəcəyi əvvəlcədən məlum idi. Axı, Paşinyan hər bir vasitə ilə Rusiyadan uzaq­laşmağa və Qərbə yaxınlaşmağa çalışır. Elə bu məqsədlə, o, Zvartnots hava limanından Rusiya hərbçilərini çıxartdı. Hətta Zəngə­zur dəhlizi açılacağı təqdirdə də Paşinyan bu dəhlizə nəzarəti Rusiyaya vermək niy­yətində deyil. Bütün bunlarla yanaşı, Bakı onu da yaxşı bilir ki, son vaxtlar Ermənis­tana Qərbdən silah-sursat daşınır və təlim adı ilə hərbiçilər gətirilir. ABŞ-nin yüksək rütbəli hərbçisi üçün isə Ermənistanın Mü­dafiə Nazirliyində xüsusi ofis yaradılıb. Aşkar görünən odur ki, Paşinyan komanda­sının siyasəti Azərbaycanla sülh müqavilə­sinin imzalanmasını süni şəkildə uzatmaq və Hayastanı “Qərb markalı” cəbbəxanaya döndərməkdir. Bu zaman həm də bir gözü­nü Şərqdən, yəni Rusiyadan da çəkmir. Bu ikili vurnuxmanın haraya və nə vaxta qədər davam edəcəyini isə, deyəsən, Paşinyanın heç özü də bilmir.

İmran BƏDİRXANLI
XQ



Siyasət