Yaxud “Çörək və tamaşa” məntiqindən illüziya bataqlığınadək
Qərb Ermənistanın illüziya bataqlığındakı yerini daha da möhkəmləndirməklə məşğuldur. Bununla bağlı müxtəlif məqamlar var. Onlardan sonuncusu Avropa İttifaqı Şurasının atdığı addımdır. Söhbət qurumun rəsmi İrəvanla viza rejiminin liberallaşdırılması istiqamətində danışıqlara başlamaq qərarından gedir.
Əslində, bu söz-söhbətlər 2024-cü ilin əvvəlindən getməkdədir. Bəzən elə təəssürat yaranırdı ki, Ermənistan tez bir zamanda Avropa ailəsinin üzvü olacaq. Hətta baş nazir Nikol Paşinyan ölkəsinin quruma qoşulmasına dair referendum keçirməkdən də danışıb. Əlqərəz, indi məlum olur ki, hələlik yalnız danışıqlar başlayacaq. Özü də kiçik bir məsələ ətrafında.
Sıravi erməninin baxışlarında ölkəsinin Aİ ailəsinin üzvü olması “köhnə qitə”yə vizasız gedib-gəlməkdən başqa bir şey deyil. Paşinyanın urapatriotları bu məqamı gəlişigözəl ifadələrlə nə qədər bəzəsələr də, reallıq ortadadır. Görəsən, həmin sıravi erməninin Avropanı gəzmək üçün pulu varmı? Əlbəttə ki, yox! Ermənistan ac-yalavac və səfil gündədir.
Ermənistan vətəndaşına təyyarə biletinə birtəhər pul tapıb Avropanı yavan çörək yeyərək gəzmək lazım deyil. Çörəkdən söz düşmüşkən, hazırda Paşinyan iqtidarının erməni xalqını Avropa məkanı ilə şirnikləndirməsi Roma satirik şairi Yuvelanın məşhur ifadəsini xatırladır. Qədim Romada siyasi hakimiyyəti qazanmaq istəyən zümrələr vətəndaşlara pulsuz taxıl, habelə bahalı sirk tamaşaları vəd edirdilər. Yuvelan isə satirik qələmi ilə bu mənzərəni “Çörək və tamaşa” adlandırmış, məsxərə predmetinə çevirmişdi.
Bəli, Paşinyan hakimiyyəti və ona yaxın politoloq-ekspert cameəsi Aİ Şurasının rəsmi İrəvanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq qərarını Ermənistanın Avropaya inteqrasiyası istiqamətində böyük addım kimi dəyərləndirir. Aydındır ki, bu, birmənalı şəkildə siyasi qərardır. Ermənistan heç bir parametri ilə Avropa ailəsinin üzvü olmağa layiq deyil. Məqsəd isə bəllidir – Ermənistanı Rusiyadan qoparmaq.
O da görünür ki, Ermənistanı Rusiyadan qoparmaq niyyəti ilə edilən gedişlərin hamısı sabun köpüyü effekti verir. Çünki Moskvanın malik olduğu böyük bazardan İrəvanın imtinası müqabilində hansı dividendlər qazanacağından söz açılmır. Ümumən, Qərb iqtisadi inkişafı Rusiyaya bağlı olan Ermənistan üçün tutarlı yaşam alternativləri təqdim etmir. Bu mənada Aİ Şurasının haqqında söz açdığımız qərarı da təminat deyil. Hələ danışıqlara başlayacaqlarmış. Görəsən, bu, indiyədək niyə olmayıb? Hər şey aydındır və səbəbləri izah edəcəyik.
Əlbəttə, Paşinyanın politoloqları məsələyə izah gətirmək üçün müxtəlif əndrəbadi fikirlər tapmağı bacarırlar. Məsələn, politoloq Hayk Sukiasyan Aİ Şurasının Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq qərarı barədə söz açarkən bildirib ki, Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistanda olması prosesə böyük töhfə verib. Absurd olar, ta belə də yox! Axı məlumdur ki, sözügedən missiya Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində keşik çəkməkdədir. Onun rəsmi açıqlanan fəaliyyəti məlumdur – sərhəddə gərginliyin olmasının qarşısını almaq. 2022-ci ildən bəri müşahidəçilər əllərində durbin “pikap” avtomobillərlə şərti sərhədin bir başından o biri başına yol getməklə məşğul olublar. Onlar hesabatlarında yalnız neçə kilometr məsafə qət etdiklərini açıqlayıblar, başqa heç nə. Həqiqətən biabırçılıqdır.
Əslində, real mənzərə belədir: demokratiya adlı məfhum Ermənistana obrazlı desək, qapıdan və pəncərədən deyil, bacadan daxil olduğu kimi, Aİ-nin müşahidə missiyası da Avropanın bu ölkədəki eyni mövcudluq göstəricisidir. Yəni, ortada böyük sistemsizlik var. Ancaq deyilənə görə, istənilən vasitə məqsədə bəraət qazandırır. Bu gün Aİ-nin mülki müşahidə missiyası da Ermənistanın Rusiyadan qoparılması yönündəki kortəbii vasitədir. Əlbəttə ki, müşahidəçilikdə anti-Azərbaycan məramını da yaddan çıxarmamalıyıq.
Əlqərəz, politoloq H.Sukiasyan bildirir ki, sən demə, sözügedən missiya üzvləri təkcə dövlət sərhədinin ayrı-ayrı sahələrində müşahidə aparmır, həm də Ermənistanın daxili həyatı, demokratikləşməsi ilə bağlı proseslərə nəzarət edirlər. “Hesab edirəm ki, onların hesabatlarına əsasən Aİ ölkəmiz haqqında müsbət rəy formalaşdırır”, – deyən politoloq müşahidəçilərin qurumun viza liberallaşması ilə bağlı danışıqlara başlamaq qərarına töhfə verdiklərini açıqlasa da, prosesin nə vaxt tam reallaşacağından xəbərsizdir, bu barədə heç bir ehtimalı yoxdur və ona görə ənənəvi “klişeləri” işə salır.
H.Sukiasyan da Avropa İttifaqı ölkələrinə tez və asanlıqla səfər etməkdən, Avropa mədəniyyəti ilə daha yaxından ünsiyyət qurmaqdan dəm vurur. O, öz aləmində, məsələyə fundamental məzmun qazandıraraq deyir ki, erməni xalqı postsovet reallıqlarında yetişib. Amma, guya, bu xalq demokratikləşmə xəttini davam etdirsə, Avropa mədəniyyətinə yaxın olacaq. Sözügedən xəttin sürətindən danışan politoloq Qərbə daha sıx inteqrasiya yönümlü addımların atılacağına əminliyini vurğulayıb.
***
Bəli, Ermənistan əhalisi üçün Aİ-yə inteqrasiyanın bir təsəvvürü barədə söz açdıq. Söhbət “Çörək və tamaşa” məntiqindən gedir. Ancaq digər məqam da var. Ondan başlayaq ki, Ermənistanda ölkənin Aİ-yə tamhüquqlu üzvlüyü ilə bağlı zəngulələr səslənməkdədir. Əlbəttə, bu zaman sırf pafoslu cümlələr qurulur. Elementar bir cəhət nəzərə alınmır ki, Avropaya inteqrasiya baxımından qat-qat irəlidə olan Gürcüstanın belə, quruma üzvlüyünə dair real perspektivi yoxdur. Halbuki istər yaşayış səviyyəsi, istərsə də düşüncə və təfəkkür tərzi baxımından sadə gürcü sadə ermənidən qat-qat öndədir. Ümumən, Gürcüstan Ermənistandan hər sahədə irəlidədir. Yəni, Gürcüstan üçün üzvlük hələlik aktual deyilsə, Ermənistan nəyə ümid bəsləyir? Bəlkə özünün anti-Rusiya qalası olmasına?
Bəli, baş nazir N.Paşinyan ölkəsinin məhz Qərbin anti-Rusiya ritorikasında yer almasına siyasi sərmayə yatırır və hərdən buna görə avropalıları şantaj etməyi də yaddan çıxarmır. Təxminən bu cür: bizi saxlamasanız, yenidən Rusiyanın boyunduruğuna keçəcəyik. Belə bir durumda Qərb Ermənistanın Aİ-yə həqiqi üzvlüyü məsələsini tezləşdirməlidir. Ancaq mənzərə ilk baxışdan belə görünür. Çünki durumun digər görüntü bucağı var.
İş ondadır ki, hazırda Avropada qeyri-qanuni miqrasiya problemi özünü kəskin şəkildə göstərməkdədir. Xüsusən Afrikadan “köhnə qitə”yə böyük axın var və hesablamalara görə, bu axın nəinki Avropanın iqtisadi, həm də mənəvi dəyərlər sistemini çökdürəcək, ümumən axarını pozacaq. Ona görə qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində çeşidli proqramlar irəli sürülür. Hərçənd, bu proqramların heç bir real nəticəsi yoxdur və miqrant axınının qarşısı zorakı üsullarla, diskriminasiya yolu ilə alınır.
Belə bir şəraitdə ac-yalavac ermənilərin Avropaya axınını təsəvvürə gətirək. Ermənistanda hazırda 3 milyona yaxın əhali var. Heç şübhəsiz, Rusiya ilə yolları ayırmaq bu sayı bir qədər də artıracaq. Loru dildə desək, Moskvanın cavab tədbirləri nəticəsində Rusiya bazarlarında ərik satan ermənilər özlərinə Avropa küçələrində piştaxtalar qurmaq barədə düşünəcəklər. Görəsən, afrikalıların və asiyalıların əlindən boğaza yığılmış avropalılar belə bir ssenariyə hazırdırlarmı? Əlbəttə ki, yox!
Digər tərəfdən, bu suala da cavab tapaq: Ermənistan Avropanın nəyinə lazımdır? Yuxarıda da vurğuladığımız bəzi məqamlardan belə qənaətə gəlmək mümkündür ki, Ermənistan Qərb üçün Cənubi Qafqazdakı anti-Rusiya cəbhəsidir. İkinci belə bir cəbhə isə yoxdur. Nə Gürcüstan, nə də Azərbaycan Qərbin siyasi oyunlarında alətə çevrilmək niyyətindədir. O zaman Aİ ilə əməkdaşlıq və digər yumşaldıcı tədbirlər sayəsində ermənilər Avropaya doluşacaqlarsa, Ermənistan necə anti-Rusiya qalası olacaq? Elementar məntiqlə düşünək: Qalanı müdafiəsi üçün əsgər yoxdursa, vəziyyət hansı şəkil alacaq? Bəli, bu səbəbdən Ermənistanın boşalması Qərbə sərf eləməz.
***
Başqa bir tərəfdən, həmin Qərb üçün Azərbaycan amili var. Torpaqlarımız işğalda olanda Qərb çalışırdı ki, Cənubi Qafqazda unifikasiya siyasəti həyata keçirsin. Bu siyasətin məğzi belə idi ki, regionda 2-ci “benilüks” yaradılmalı və üç respublika eyni anda Aİ-yə qoşulmalıdır. Mövcud istiqamətdə müxtəlif layihə və proqramlar, o cümlədən xalq diplomatiyası işə salınmışdı. Lakin ölkəmiz bu gedişatla razılaşmadı. Əvvəla, işğal faktorunu unutmaq olmazdı. İkincisi, imkan verə bilməzdik ki, unifikasiya Cənubi Qafqazın sərvətlərinin bölgüsü trayektoriyasındakı bərabərliyə əsaslansın. Üçüncüsü, Azərbaycan öz yolunu çoxdan müəyyənləşdirmişdi. Dördüncüsü isə ölkəmiz hansısa avantüranın alətinə çevrilməyi məqbul saymırdı və indi də saymır. “Qafqazın benilüksü” ideyası isə hələ o zamandan bölgəni anti-Rusiya plasdarmına çevirmək vasitəsi idi.
Bəli, Azərbaycan özünün müstəqil siyasəti ilə Qərb üçün həm tərəfdaşa, həm də problemə çevrilməyə başladı. Ən böyük problem isə ölkəmiz öz torpaqlarını işğaldan azad edəndə yaşandı. Bu, Qərb aləmi üçün gözlənilməz ssenari idi. Regionda balans yaratmaq siyasəti aparan Avropa və Amerika Ermənistanın rəzil duruma düşdüyünü gördü. İndi bütün səylər ölkəni məhz həmin durumdan çıxarmağa yönəlib. Halbuki, əvvəl 44 günlük müharibəyə rəvac verən Ermənistanın qalib gəlməsi və Bakını asılı hala gətirməsi planlaşdırılmışdı.
Sözümüz ondadır ki, Qərb Ermənistanı Azərbaycana qarşı təzyiq vasitəsi kimi görür. Avropa və Amerika hakim siyasi düşüncə tərzi üçün ermənilər sivil olmamalı, ancaq döyüşə köklənməli, qonşularla konfliktdə yaşamalı bir toplumdur, hətta qövmdür. Belə bir qövmün Avropaya axını imperialist dairələrin marağında ola bilməz. Hər halda, zamanında ermənilərin Cənubi Qafqaza köçürülmələri ilə elə-belədən razılaşmamışdılar. Köçü təşkil edən Rusiya olsa da, bu, Qərbin də marağında idi. Axı Qərbin 200 illik erməni planı var. Bu planı quranlar 44 günlük müharibə nəticəsində düşüncələrinin də iflasa uğradığını gördülər. Amma niyyətlərindən geri çəkiliblərmi? Yox! Ona görə də Ermənistanın təhlükəsizliyi məsələsini qaldırır, ölkəni silahlandırır, bölgədə balans yaratmaq niyyətlərini açıqlayırlar.
***
Sonda bildirək ki, sadaladığımız məqamlara görə Ermənistanın Avropa ailəsinin bir üzvü olması və üzvlüyün bütün imtiyazlarından faydalanması mümkünsüzdür. Deməli, fikirlərini təqdim etdiyimiz politoloq H.Sukiasyan və onun kimi paşinyançı ekspert və politoloqların gəlişigözəl ifadələrinin heç bir mənası yoxdur. Belələrinin istər Rusiyanın retroqrad layihələrindən biri olmamağa səsləyən çağırışları, istərsə də digər mülahizələri Qərbin Cənubi Qafqaz avantürasını leqallaşdırmaq cəhdindən başqa bir şey deyil. Halbuki, erməni iqtidarı düşünə və ən əsası isə sərfəli olanı görə bilər.
Ə.CAHANGİROĞLU
XQ