MSK 2 şikayətə baxıb
Milli Məclisə qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, iclasda MSK-ya daxil olan iki şikayətə baxılıb.
Şikayətlərlə bağlı müvafiq qərarlar qəbul olunub və dairə seçki komissiyalarına tapşırıqlar verilib.
Siyahıda adınızı tapmasanız...
Səsvermə günü seçicinin adı siyahıda olmasa, onun səsvermə hüququ necə təmin ediləcək? “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, Mərkəzi Seçki Komissiyası bu suala Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı seçicilərə müraciətində aydınlıq gətirib. Müraciətdə deyilir: “Səsvermə günü hər hansı bir səbəbdən adınız seçici siyahısında olmadığı halda, müvafiq təsdiqedici sənədlə müraciətinizə əsasən qanunvericiliyin tələblərinə uyğun qaydada adınız aid olduğunuz seçki məntəqəsində əlavə seçicilər siyahısına daxil edilir və səsvermə hüququnuz təmin olunur”.
Hər şey plana uyğun gedir
“23 saylı Nəsimi–Səbail seçki dairəsi 38 seçki məntəqəsindən ibarətdir ki, bu seçki məntəqələrindən 34-ü Nəsimi rayonunda, 4-ü isə Səbail rayonundadır”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 23 saylı Nəsimi–Səbail dairə seçki komissiyasının sədri Ağabala Quliyev deyib. DSK sədri bildirib ki, məntəqə sədrləri və üzvləri üçün keçirilən treninqlər başa çatıb: “MSK-nın təqvim planına uyğun olaraq məntəqə seçki komissiyasının sədr, katib və üzvləri terninqlərdə iştirak ediblər”.
Proses diqqətlə izlənir
“Azərbaycanın demokratik seçki ənənələri Milli Məclisə keçiriləcək seçkilərin beynəlxalq standartlara uyğun olacağını və digər ölkələr üçün şəffaf seçki nümunəsinə çevriləcəyini deməyə əsas verir”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Krasnoyarsk Diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayev deyib. Diaspor fəalı qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılar seçki prosesini yaxından izləyirlər.
Gəncədə 5 gənc ad günündə səs verəcək
“40 saylı Gəncə üçüncü seçki dairəsində parlament seçkilərinə hazırlıq prosesi təqvim planına uyğun qaydada həyata keçirilir. Səsvermə günü dairə üzrə 42 seçki məntəqəsi fəaliyyət göstərəcək. Onlar seçkilərə tam hazır vəziyyətdədir. 55 mindən artıq seçicimiz var. İlk dəfə səs verəcək seçicilərin sayı 350 nəfərdən çoxdur, 5 nəfərin səsvermə hüququ isə seçki günü yaranacaq”. Bu barədə "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 40 saylı Gəncə üçüncü DSK-nın sədri Elbar Əhmədov deyib.
Seçmək hüququ üstün şansdır
“Parlament seçkilərində ilk dəfə səs verəcəyim üçün qürur hissi keçirirəm. Bu, mənim üçün gələcəyimizə dair qərarlara birbaşa təsir etmək şansıdır”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında sentyabrın 1-də ilk dəfə səs verəcək Nəzrin Həsənli bildirib. O əlavə edib ki, bir gənc kimi Azərbaycanın inkişafına öz töhfəsini vermək istəyir.