Keyfiyyətli məhsullara xarici bazarlarda tələbat artır
Naxçıvan tarixən aqrar ənənələri ilə tanınmış regiondur. Təsadüfi deyil ki, muxtar respublikanın kənd təsərrüfatı məhsullarının sorağı təkcə ölkəmizə deyil, ondan kənarlara da yayılıb. Amma təəssüflər olsun ki, ötən əsrin sonlarında bir çox sahələr kimi, aqrar sektor da tənəzzül dövrünü yaşayıb.
Müstəqilliyimizin bərpasından sonrakı dövrdə bu sahədə müəyyən addımlar atılsa da, müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasını zəruri edir. Buna görədir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafı 11 prioritet istiqamətdən biri kimi müəyyənləşdirilib. Xüsusilə bu sahədə muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməli sahələrinin müəyyənləşdirilməsi, mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi yolu ilə məhsul istehsalının artımına və ixracına nail olunması qarşıya mühüm vəzifə kimi qoyulub.
Naxçıvanın mühüm kənd təsərrüfatı məhsulları içərisində meyvəçilik, o cümlədən üzümcülük mühüm yer tutur. Muxtar respublikanın təbii iqlim şəraiti və spesifik xüsusiyyətləri burada üzümçülüyün inkişafı üçün geniş imkanlar acır. Məhz bu amili nəzərə alan yerli mülkiyyətçilər son illərdə adıçəkilən sahəyə diqqəti daha da artırıblar. Belə aqrar sahibkarlıq subyektlərindən biri də “APF Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyətin Naxçıvan-Culfa magistral avtomobil yolunun 12-ci kilometrliyində yerləşən əkin sahələrində hazırda üzüm sahələri ilə bərabər, müxtəlif meyvə bağları da mövcuddur.
Müəssisənin direktoru Fərhad Babayev bizimlə söhbətində bildirdi ki, 2015-ci ildən başlayaraq burada salınmış bağların hazırda 260 hektarını üzüm, 21 hektarını alma, 22 hektarını gilas, 37 hektarını badam təşkil edir. Bağ salınmış ərazilərin münbitliyi və ərazinin genişliyi əkin sahələrinin ildən-ilə artırılmasına imkan verir.
Öyrənirik ki, muxtar respublikanın ən böyük bağçılıq subyektlərindən olan bu sahibkarlıq müəssisəsində “Sultanina”, “Viktoria”, “Cardinal”, “Qara kişmiş”, “Ağ kişmiş”, “Natilde” və digər üzüm sortları yetişdirilir ki, bunların hamısı hazır calaq edilmiş formada Avropadan gətirilib. Bu üzüm sortları keyfiyyətinə, məhsuldarlığına görə fərqlənir. Eyni zamanda, üzüm tingləri 24 dərəcə soyuq temperatura qədər dözümlüdür ki, bu da Naxçıvanın soyuq iqliminə qarşı dayanıqlı hesab edilir. Buna görə də müasir standartlara uyğun olaraq əkilmiş üzüm tinglərini qış fəslində torpaq və ya polietilenlə basdırmağa ehtiyac yoxdur.
Müsahibimin sözlərinə görə, payız mövsümündə üzüm tinglərinin aşağı hissəsi 30 santimetr hündürlükdə torpaqla örtülür ki, burada əsas məqsəd calaq olunmuş hissənin donmamasıdır. Onu da əlavə edək ki, üzüm sortlarının seçilməsində Amerikan tənək ana kökləri üzərində calaq edilən 10 fərqli tez meyvə verən, orta mövsüm və gec meyvə verən keyfiyyətli süfrə üzümü və kişmiş üzümü sortlarına üstünlük verilib. Bitkilərarası məsafələr 1,5 metr, cərgələrarası məsafə isə 3 metr təşkil edir.
Alma bağında salınmış ağaçlar da məhsuldarlıq baxımından fərqlidir. Sarı, qırmızı, tünd-qırmızı, yaşıl rənglərdə olan “Golden rinders”, “Granny Smith”, “Rink Lady”, “Galaval Gala” və digər növlərin tingləri də Avropadan gətirilib. Bu tinglərin seçilməsində də muxtar respublikanın iqlim şərtləri nəzərə alınıb.
Babək və Culfa rayonlarının sərhədində yerləşən bu ərazidəki bağların suvarma suyu ilə təmin olunması məqsədilə Culfa rayonunun Bənəniyar və Qızılca kəndlərindən, təxminən, 12 kilometr məsafədən əraziyə su xətti çəkilib, suyun toplanılması üçün burada 3 ədəd min tonluq su çənləri qoyulub.
Əraziyə su 2 nasos stansiyası ilə paylanılır, eyni zamanda, bağın suvarılması damcı üsulu ilə aparılır. Bundan əlavə, sahədə inzibati bina, texnikaların təmiri və saxlanılması üçün anbar yerləşir. Həmçinin burada tədarük olunan məhsulların saxlanılması üçün soyuducu anbarlar fəaliyyət göstərir ki, onlar da müasir texnologiyalar əsasında qurulub.
Fərhad Babayev bildirdi ki, müəssisədə 100-dən çox işçi çalışır, mövsümlə əlaqədar isə hər il ətraf kəndlərdən 150-200 işçi cəlb olunur. Eyni zamanda, burada işçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onlar inzibati binada yeməkxana, evə gedib-gəlmək üçün nəqliyyat vasitələri ilə təmin olunublar. Bundan əlavə, burada birdəfəlik və çoxdəfəlik plastik yeşik səbətlərin istehsalı müəssisəsi də fəaliyyət göstərir ki, bu da meyvələrin daşınması və saxlanılmasında istifadə edilir.
Bol məhsulun yetişdirildiyi sahələrdə də olduq. Sahibkar məlumat verdi ki, hazırda sahələrdən üzüm tədarükünə başlanılıb. Burada işçilərdən əlavə, 3 aqronom da fəaliyyət göstərir. Ərazidə əkin sahələrinə nəzarət isə müasir texnoloji vasitələrlə aparılır. Məsələn, 6 meteorologiya stansiyası və 26 cüt fərqli torpaq dərinliklərinə yerləşdirilmiş torpaq nəm sensorları ilə bağların iqlim göstəriciləri (torpağın nəmişliyi, havanın temperaturu və s) 24 saat ərzində nəzarətdə saxlanılır. Kiçik günəş panellərindən alınan enerji ilə qidalanan bu meteroloji qurğular bağdakı iqlim və hava proqnozlarını mərkəzə ötürməklə qabaqlayıcı tədbirlərin görülməsini öncədən müəyyənləşdirir.
Sahələrdən toplanılan üzüm müvafiq texnikalar vasitəsi ilə anbarlara daşınaraq orada təmizlənir, çeşidlənərək səbətlərə yığılır və soyuducu anbarlara qoyulur. Gigiyenik qaydalara uyğun hazırlanan məhsul daha sonra böyük yük avtomobillərinə yüklənərək müxtəlif istiqamətlərə yola salınır.
Müəssisədə kişmiş istehsalı da həyata keçirilir ki, burada da üzümün qurudulması əsasən, təbii günəş şüaları altında aparılır. Sonra əldə edilən məhsul kağız paketlərə yığılaraq sifariş yerlərinə göndərilir. Müəssisədə istehsal edilən yüksək keyfiyyətli məhsullar əsasən xarici bazarlara – Rusiya, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinə göndərilir. Yaxın gələcəkdə Avropa bazarlarına çıxış üçün də danışıqlar aparılır.
Bu sahibkarlıq müəssisəsində yetişdirilən məhsullar daxili bazarın təmin edilməsinə yönəldilib. Təsadüfi deyil ki, ərazidə 19 hektara yaxın qarışıq meyvə bağı da salınıb ki, burada yerli gilas, alma, göycə və digər meyvə növlərinə üstünlük verilib.
Bu sahibkarlıq müəssisəsi həm də aqrar sahə üzrə gənc kadrların hazırlanmasına öz töhfəsini verir. Belə ki, Naxçıvan Dövlət Universitetində müvafiq ixtisas üzrə təhsil alan tələbələr hər il burada fəaliyyət göstərən aqronomların iş təcrübəsi ilə yaxından tanış olur, onların bilik və bacarıqlarını daha yaxından mənimsəməyə çalışırlar. Bu da gələcəyin aqronomlarına praktiki vərdişlərin aşılanması baxımdan əhəmiyyətlidir.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan