Meşələrsiz həyat sönər, Yer ölü planetə çevrilər

post-img

Dünyamızın yaşıl libasının taleyi təhlükədədir

Meşə təbiətin “oksigen fabriki” adlandırılır və planetin quru səthinin üçdə birini tutur. Yer kürəsinin bu  qiymətli təbii sərvətinin əsas xüsusiyyətlərindən biri bitki örtüyünün altında formalaşan mikroiqlimdir. Planetin “ağciyərləri”nin mikroiqlimi ətraf mühitin iqlimindən fərqlidir. Belə ki, açıq ərazilərdən fərqli olaraq meşədə qış mövsümündə havanın temperaturu 3-5° C yüksək olur. İsti yay günlərində isə əksinə, hərarət bir neçə dərəcə enir.

Oksigen, su, qida kimi əsas maddələrin tarazlığı meşələr tərəfindən təmin edilir. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur,  oksigenlə zənginləşdirir, tozdan təmizləyir, torpaqda su balansını nizamlayır,   kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır. Bundan başqa, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir.  

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun şöbə müdiri İsmayıl Quliyev bu barədə söhbətinin davamında dedi: 

– Meşələrin qırılması isə əks effekt verir, iqlim dəyişikliyinə, qlobal istiləşməyə və istixana qazı tullantılarının yaranmasına səbəb olur. Eyni zamanda, daşqınlar vəhşi təbiətin tədricən sıradan çıxmasına, insanların həyat keyfiyyətinin aşağı düşməsinə və biomüxtəlifliyin zəifləməsinə gətirib çıxarır.  Nəhayət anlamalıyıq ki,   meşələrsiz həyat sönər, Yer ölü planetə çevrilər.

Biomüxtəliflik (BM) ətraf mühitin vəziyyətini və ekosistemin davamlığını qiymətləndirən ən obyektiv amillərdən biri sayılır. BM yer üzərində bütün canlıların – mikroorqanizmin, bitki və heyvanların müxtəlifliyi deməkdir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan BM nəhəng, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. O, bütün ekosistemləri əhatə etməklə həyatın mövcudluğunun əsasıdır, insanların ərzaq, geyim, enerji və digər materiallarla təminatını gerçəkləşdirir.    

Son illərdə insanların fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb, bir çox növləri isə məhv olub və ya sayı kəskin azalıb. Bioloji müxtəlifliyin belə sürətlə itkisi həyatın özünü təhlükədə qoymaqla qlobal faciəyə səbəb ola bilər. 

BMT-nin ekspertlərinin məlumatına görə, Yer kürəsində təbii meşələrin 45 faizi, əsasən, son illərdə qırılaraq məhv edilib. Dünyamızın yaşıl libasının taleyi təhlükədədir.

Bioloji müxtəlifliyi isə yalnız beynəlxalq əməkdaşlıq yolu ilə xilas etmək mümkündür. Bu məqsədlə Rio-de-Janeyro şəhərində 1992-ci ilin iyun ayında keçirilmiş Yer Zirvə toplantısında ilk dəfə olaraq bioloji müxtəlifliyin qorunması  bütün bəşəriyyətin ümumi vəzifəsi və davamlı inkişafın tərkib hissəsi kimi qəbul olunub və müvafiq konvensiya imzalanıb. 

Son illərdə Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritetlər kimi müəyyənləşdirilib və bu sahədə xeyli işlər görülüb, “Bitkilərin genetik ehtiyatlarına dair” Dövlət Proqramı, “Ətraf mühitin mühafizəsi üzrə” Milli Fəaliyyət Planı, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram və digər sənədlər qəbul edilərək icrasına başlanılıb.  

Bu gün bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi regionlarında müasir bitki örtüyünün bioloji müxtəlifliyi iqlimə uyğun gəlmir. 

Kiçik Qafqazın şimal yamacında vaxtilə məhsuldar iberiya palıdı meşələri yayılmışdı. Hazırda onun yerini qaratikan kolları tutub. Bunun əsas səbəbi oradakı palıdlıqların məhv edilməsi, ərazinin örüş kimi istifadə olunmasıdır. 

Meşəsizləşdirilmiş sahələr yamacların meyilliyindən asılı olaraq bu və ya digər dərəcədə eroziyaya da uğrayıb. Belə ərazilərdə antropogen təzyiq dayandırılarsa, bitkinin bioloji müxtəlifliyinin bərpası istiqamətində müəyyən işlər görmək olar. Bu, konkret sahədə bioloji müxtəlifliyin pozulma dərəcəsindən, onun fiziki-coğrafi yerləşməsindən (dəniz səviyyəsindən yüksəkliyindən, yamacın cəhəti və dikliyindən), torpağın pozulma dərəcəsindən və s. asılıdır. 

Meşəsizləşdirilmiş dik yamaclarda palıd meşələrinin yerində formalaşan ikinci dərəcəli ağac cinslərindən (əsasən dəmirqara) ibarət ağaclıqları mal-qaradan mühafizə etmək yolu ilə tədricən ilkin palıd meşəsini bərpa etmək mümkündür. Amma onun bioloji müxtəlifliyini əvvəlki vəziyyətinə qaytarmaq  çətindir. Hər halda meşələrin bərpası və sahələrinin artırılması atmosferdə oksigenin çoxalmasına, “istixana effekti” yaradan qazların miqdarının tənzimlənməsinə, ən əsası isə iqlim dəyişmələrinin qarşısını almağa kömək edər. 

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Ekologiya