COP29 Əməliyyat Şirkətinin Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın noyabrda iqlim sammitinə evsahibliyi etməyə hazırlaşdığı bir vaxtda paytaxt Bakıda cəmiyyəti maarifləndirmək məqsədilə ilk İqlim Fəaliyyəti Həftəsinə hazırlıq görür.
COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin təşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi sentyabrın 30-dan oktyabrın 4-dək keçiriləcək. Hazırda dünyanın şəhər səviyyəli ən böyük ictimai iqlim tədbiri – London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsində yüksək səviyyəli beynəlxalq konfransların, eləcə də çoxtərəfli yerli və icma yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır.
COP29 Sədrliyinin sıx qrafiki fonunda keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində həm Bakı şəhəri, həm də, ümumilikdə, Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər, habelə iqlim fəaliyyətinə dəstək olmaq üçün beynəlxalq əməkdaşlığın təşviqi ön plana çəkiləcək. Məlumatda vurğulanıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini sürətləndirmək üçün dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti əhəmiyyətli mərhələdir.
Tədbir siyasi lider və şirkət rəhbərlərindən tutmuş yerli icma və gənclərə qədər hər kəsi cəlb etməklə yanaşı, Azərbaycanın iqlim dəyişmələrindən irəli gələn cari problemlərini aradan qaldırmaq və “yaşıl” keçidin təklif etdiyi imkanları araşdırmaq üçün maarifləndirici və stimullaşdırıcı platforma olacaq. Bakı İqlim Fəaliyyəti Həftəsinə start veriləcəyini elan edən COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qeyd edib ki, Azərbaycan cari ilin noyabrında COP29 konfransına evsahibliyi etməkdən şərəf duyur və COP29 Sədrliyi iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün bu tədbirin uğurlu olmasına çalışır. COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev isə bildirib ki, respublikamız üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi ölkəmizdə iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti mühüm mərhələdir.
London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi arasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin təsisçisi və sədri, iqlim dəyişmələri sahəsində göstərdiyi səylərə və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniya İmperiyası Ordeninə (OBE) layiq görülən Nik Mabey deyib: “Londonda cəmiyyətin bütün təbəqələrini səfərbər edən bu unikal model Oklend, Sidney və Dublin kimi şəhərlərdə də bənzər həftələrin keçirilməsinə stimul verib. İndi isə Bakıda bu layihə üzərində işləmək bizim üçün qürurverici haldır”.
Builki tədbirin əsas mövzuları “Enerji keçidi”, “Şəhərlər və urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”, “Qida və kənd təsərrüfatı”, “Kiçik və orta biznes müəssisələri” və “Yaşıl bacarıqlar” olacaq. Həftənin birinci yarısında tədbirdə dövlət qurumları, elmi dairələr və özəl sektor nümayəndələri iştirak edəcək, ikinci yarısında isə incəsənət və mədəniyyət tədbirləri həyata keçiriləcək.
XQ