Avropa Azərbaycanı indidən “yaşıl enerji” təchizatçısı kimi qəbul edir

post-img

Ölkəmizin 184 qiqavat təmiz enerji potensialı var 

Ölkəmizin evsahibliyi edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı hazırda bir sıra ölkələrin iqlim dəyişikliyinin təsirlərini azaltmaq, mövcud vəziyyətə uyğunlaşmaq üçün strategiyaların müzakirəsi baxımından fəal platforma rolunu oynayır. Planetin demək olar ki, hər bir ölkəsinin nümayəndə heyəti hər il bir araya gələrək geosiyasi sərhədləri aşan əməkdaşlıq ruhunu gücləndirir. Danışıqlarda əsas məqsəd ölkələri istixana qazı emissiyalarını azaltmağa istiqamətləndirən məcburi öhdəliklər və çərçivələr yaratmaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “yaşıl enerji”yə keçid strategiyası, reallaşdırılan layihələr ölkəmizin dünyadakı hərbi-siyasi, iqtisadi təlatümlər şəraitində qlobal investisiya layihələrini uğurla reallaşdırmasının parlaq ifadəsidir. İstifadəyə verilən su, külək və günəş elektrik stansiyaları istər ölkəmizin enerjiyə artan tələbatının ödənilməsi, istərsə də “yaşıl enerji”nin ixracı sahəsində imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Media Təhlil Mərkəzinin (MTM) yaydığı materialda daha sonra bildirilir ki, qlobal əhəmiyyətli “yaşıl enerji” layihələrinə maraq, eyni zamanda, Azərbaycanın alternativ və bərpaolunan enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının bariz nümunəsidir. Respublikamız son illərdə bu sahənin inkişafına daha çox investisiya yönəltməklə, perspektivdə Avropanın elektrik enerjisi ilə təchizatında mühüm rol oynamaq niyyətindədir.

Son 3 ildə Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınan, böyük təcrübəsi olan, 30-dan artıq ölkədə “yaşıl enerji” layihələri həyata keçən “Masdar”, eləcə də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətlərinin Azərbaycana böyük həcmdə investisiya yatırmaları ölkəmizdə münbit investisiya iqliminin mövcudluğunu bir daha təsdiqləyir. Eyni zamanda, dünyanın əksər ölkələri və nüfuzlu şirkətləri tərəfindən Azərbaycan öhdəliklərinə sadiq etibarlı tərəfdaş kimi qəbul edilir. 

Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə “Xızı-Abşeron” Külək, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik stansiyaları ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihələrdir. Bu stansiyaların fəaliyyəti nəticəsində ildə 1,5 mlrd. kVt•st elektrik enerjisinin istehsalı, 330 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.

MTM ekspertlərin hesablamalarına əsaslanaraq təqdim etdiyi materialda bildirir ki,  Azərbaycanın quruda 27 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji potensialı isə 10 qiqavatdan çoxdur. Bu sahədəki zəngin potensialın aşkarlanması, səmərəli istifadəsi ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın elektrik enerjisinə artan ehtiyacının əhəmiyyətli dərəcədə ödənilməsinə imkan verəcək.

Azərbaycan alternativ mənbələr hesabına enerji istehsalına xüsusi diqqət yetirməklə istilik elektrik stansiyalarının fəaliyyəti üçün sərf olunan  mazut yanacağının və təbii qazın həcminə qənaət etməyi hədəfləyib. Nəticədə, ölkəmizin Avropaya daha böyük həcmdə təbii neft-qaz ixrac etmək imkanı qazanacağı, gəlirlərini artıracağı gözlənilir.

Yeri gəlmişkən, Avropaya “yaşıl enerji” ixracı haqqında bəhs edərkən bir məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən bu yaxınlarda Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracı layihəsi üzrə baş ofisi Bakıda yerləşməklə birgə müəssisə yaratmaq barədə razılığa gəlinib. Bu marədə məlumat Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında səsləndirilib.  

Hazırda Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üçün adları çəkilən ölkələrin enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası istiqamətində işlərə başlanılıb, layihənin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün texniki tapşırıqlar artıq təsdiqlənib. Layihənin texniki-iqtisadi əsaslandırmasının İtaliyanın CESI konsaltinq şirkəti tərəfindən hazırlanması qərara alınıb. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində Strateji tərəfdaşlıq haqqında saziş layihəsinin mətni də razılaşdırılıb.

Sənədin imzalanması, şübhəsiz ki, layihənin uğurla həyata keçirilməsini şərtləndirəcək və ölkəmizdən keçən bu və digər ixrac dəhlizlərinin “yaşıl enerji”nin Mərkəzi Asiya ölkələrindən Avropaya ötürülməsi üçün geniş perspektivlər açacaq. Eyni zamanda, bu dəhlizlərə çıxış Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi ehtiyatlarının ixracı üçün bazarların şaxələndirilməsini təmin edəcək.

Beləliklə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi “yaşıl enerji”nin istehsalı və respublikamızın ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Onu da qeyd edək ki, “yaşıl enerji”nin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycana yatırılan sərmayənin bu gün də  müsbət nəticələr verdiyini, ölkə iqtisadiyyatının inkişaf etdiyini və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını  Bakı Enerji Forumunda diqqətə çatdıran BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz  bildirib ki, BP Cəbrayıl və Naxçıvanda günəş elektrik enerjisini istehsalı  üçün 200 milyon dollar sərmayə yatırmağı planlaşdırır. İstehsal olunan enerjinin daxili tələbatla yanaşı, ixraca da yönəldiləcəyi nəzərdə tutulur. Hökumətlər və şirkətlər birgə addımlar atsalar, “yaşıl enerji” ilə bağlı həyata keçirilən bütün layihələr də uğurla yekunlaşar.

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycanın yaxın gələcəkdə özünün enerji ixracında bərpaolunan enerjinin payını kəskin artırmağı hədəflədiyini, ölkəmizin “yaşıl enerji”inin ixracında da öz rolunu oynayacağını vurğulayıb. “Yaşıl enerji” dəhlizinin, o cümlədən Qara dənizin dibi ilə çəkiləcək kabelin də Azərbaycanın resurslarına hesablandığını diqqətə çatdıran dövlət başçısının sözlərinə görə, Avropa Komissiyasında da “yaşıl enerji”ni ixrac etməklə ölkəmizin önəminin daha da artacağını yaxşı anlayırlar.  

XQ

 

Ekologiya