Sığortalanan əkinlər genişlənir

post-img

Aqrar Sığorta Fondundan redaksiyamıza verilən məlumata əsasən, cari ilin yanvar–iyun aylarında ölkədə 384 min hektar əkin sahəsi sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 58 min hektar və ya 18 faiz artıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri – buğda, arpa, qarğıdalı, pambıq, eləcə də çəltik, şəkər çuğunduru, fındıq və nar bağları olub.

Sığortalı sahələrdə artım bütün bitkilər üzrə qeydə alınıb. Belə ki, sığortalanan pambıq sahələri 2,3 dəfə, çəltik əkinləri 2,2 dəfə, nar bağları 4,5 dəfə, arpa sahələri, təqribən, 2 dəfə, buğda sahələri isə 1,3 dəfə artıb.

Bu ilin yanvar–iyun aylarında 11 milyon 183 min manat aqrar sığorta haqları toplanıb. Bu vəsaitin 10 milyon 189 min manatı bitkiçilik sığortası üzrə ödənilib və əkin sahələrinə, ümumilikdə, 418 milyon manat sığorta təminatı verilib.

Ümumilikdə isə sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 430 milyon manata yaxın olub.

Qeyd olunub ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. 

İqtisadiyyat