Türk İnvestisiya Fondu dostluq və qardaşlığın təməllərini möhkəmləndirəcək

post-img

Türk İnvestisiya Fondunun (TİF) bu il noyabrın 1-dən fəaliyyətə başlayacağı nəzərdə tutulub. Fondun məlumatına görə, bununla bağlı qərar TİF-in Direktorlar Şurasının iyulun 20-də İstanbulda keçirilən iclasında qəbul edilib. 

İclasda Direktorlar Şurasının reqla­menti, TİF-in 2024-cü il üçün ilkin inzi­bati büdcəsi, maliyyə resurslarının idarə edilməsi siyasəti təsdiqlənib, eləcə də bu qurumun əməliyyat fəaliyyətinin başlama tarixi müəyyənləşdirilib, həmçinin TİF-in baş direktoruna zəruri əməliyyatların apa­rılması üçün imza hüququ verilib. Bundan başqa, iclas iştirakçıları tərəfindən Maca­rıstanın TİF-in təsis edilməsi haqqında sazişə qoşulması müsbət qarşılanıb. 

Direktorlar Şurasının avqustun əvvə­lində keçiriləcək növbəti iclasında TİF-in fəaliyyətinin təşkilati və maliyyə çərçivələ­rinin dəqiqləşdirilməsi nəzərdə tutulub. Fondun əməliyyat fəaliyyətinə başlaması üçün hədəf tarix isə 2024-cü il noyabrın 1-i müəyyən edilib. 

Xatırladaq ki, “Türk İnvestisiya Fon­dunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Türkiyənin Anka­ra şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü zamanı imzala­nıb. Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan rəhbər iqtisa­diyyat naziri Mikayıl Cabbarov, alternativ rəhbər isə maliyyə naziri Samir Şərifov təyin edilib.

Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir. Fond öz məqsədini həyata keçirmək üçün re­giondaxili ticarətin təşviqinə yardım göstərmək, xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliy­yələşdirmək, beynəlxalq, eləcə də milli maliyyə və inkişaf institutları, həmçinin ti­carət palataları ilə əməkdaşlıq etmək kimi funksiya və səlahiyyətlərə malikdir. 

TİF fəaliyyəti çərçivəsində yuxarıda sadalanan məsələlərlə yanaşı, nəqliy­yat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsi­ni, dövlət-özəl tərəfdaşlığı daxil olmaqla rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləyəcək. Bütün bunlarla bərabər, sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texno­logiyaları və turizm daxil olmaqla qar­şılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini diqqətdə saxlayacaq, enerji səmərəliliyi, bərpaolunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatır­maqla “yaşıl iqtisadiyyat”a töhfə verən layihələri maliyyələşdirəcək. 

Göründüyü kimi, TİF-in yaradılma­sında ən böyük məqsəd türkdilli dövlətlər arasında iqtisadi-ticari əlaqələrin inkişafı­nı təmin etmək olub. Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bu barədə fondun İstanbulda keçirilən açılış məra­simində vurğulayıb: “Bu maliyyə qurumu həm dövlət, həm də özəl sektora inves­tisiya qoyuluşunu sürətləndirəcək, eləcə də kiçik və orta biznesin inkişafı, bərpao­lunan enerji, kənd təsərrüfatı, turizm kimi bir çox sahələrdə sərmayə yatırımında mühüm rol oynayacaq, davamlı iqtisadi inkişafa töhfə verəcək”. 

Fondun yüksək standarta cavab verən beynəlxalq maliyyə təşkilatı olma­sının hədəfləndiyini bildirən türkiyəli na­zir qurumun strukturu, qərar qəbuletmə mexanizmləri, insan resursları, risklərin idarə edilməsi, monitorinq və audit funk­siyaları ilə beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcəyini, qurumun nizam­namə kapitalının 500 milyon dollar nəzər­də tutulduğunu deyib.

Türk Dövlətləri Təşkilatı (TDT) çər­çivəsində yaradılan TİF türk dövlətlərinin əməkdaşlığının, birliyinin, qardaşlığının daha da güclənib inkişaf etməsi, xüsusən də iqtisadi, ticari əlaqələrin, böyük və or­taq infrastruktur layihələrinin həyata keçi­rilməsi istiqamətində çox böyük uğurdur. 

Fondun fəaliyyətində regiondaxili ti­carətin gücləndirilməsi, iqtisadi layihələrin dəstəklənməsi və TDT-yə üzv ölkələrin iqtisadi inkişafına töhfə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, TDT 2009-cu il okt­yabrın 3-də Naxçıvan şəhərində keçi­rilən Zirvə Görüşündə imzalanmış sazişə əsasən, 2012-ci il noyabrın 1-də yaradı­lıb. İlk vaxtlar təşkilatın adı Türkdilli Döv­lətlərin Əməkdaşlıq Şurası olub. 2021-ci ildən isə qurum Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir. 

TDT fəaliyyət göstərdiyi ötən müddət­də səmərəli inkişaf yolu keçib. Qurum 173 milyona yaxın insanın yaşadığı bö­yük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. 

Qeyd edək ki, Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır, ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik ol­ması ilə diqqət çəkir. Bunu statistik göstə­ricilər də təsdiq edir. Hazırda bu dövlətlər­də ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir. Ümumilikdə, dün­ya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür. 

Qeyd edək ki, TDT-nin sıraları təşkila­tın fəaliyyəti dövründə əhəmiyyətli dərə­cədə möhkəmlənib, quruma üzv dövlətlər arasında ümumi ticarət dövriyyəsinin həc­mi 30 milyard dollara yaxınlaşıb. Tərəflər arasında həm qarşılıqlı şəkildə, həm də TDT çərçivəsində ticarət dövriyyəsinin artırılması davamlı şəkildə yaxşılaşıb, əlaqələrin daha da güclənməsi məqsə­dilə genişmiqyaslı nəqliyyat layihələri re­allaşıb.



İqtisadiyyat