Bakıda növbəti bal yarmarkası keçiriləcək

post-img

Sentyabr ayında Bakıda arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Ayın 9-dan-29-dək davam edəcək ənənəvi yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçən 250 arıçı iştirak edəcək.

Kənd Təsərrüfatı Nazir­liyinin məlumatına görə, bal yarmarkasında iştirak etmək üçün 2024-cü il iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elekt­ron Kənd Təsərrüfatı İnforma­siya Sistemində bəyan edən və minimum 40 arı ailəsi olan fermerlərin müraciəti nəzərə alınacaq. Məlumatda bildirilir ki, bir arıçı yarmarkada mak­simum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Yarmar­kada iştirak etmək istəyən arıçılar onlayn qaydada bal.kendden.az saytından qey­diyyatdan keçməlidirlər. İş­tirakı təsdiqlənən arıçılara SMS-bildirişlər göndəriləcək. Bal nümunələrinin qəbulu isə avqustun 19-dan 27-dək olan müddətdə baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermerlər məhsula mü­vafiq baytarlıq şəhadətnaməsi təqdim etməlidirlər. 

Nazirliyin məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi, budəfəki yarmarkada da iştirakçılardan heç bir məbləğ tələb olunmayacaq. Belə ki, arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, mar­ketinq və digər xidmətlərlə təmin olunacaqlar. Yarmarka­da satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə isə Azərbaycan Qida Təh­lükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. Məhsullar anbara daxil olduqdan sonra AQTA-nın əməkdaşları tərə­findən istehsalçının iştirakı ilə baldan nümunələr götürülə­cək. Analiz üçün götürülmüş həmin nümunələrin nəticələri barədə mütəmadi olaraq təş­kilat komitəsinə məlumat ve­riləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının yarmarkada satışına icazə ve­rilməyəcək.

Yeri gəlmişkən, son illər ölkədə arıçılığın inkişaf etdiril­məsi, daxili bazarın keyfiyyətli bal və digər arıcılıq məhsulları ilə təminatının yaxşılaşdırıl­ması, eləcə də bu sahədə ixrac potensialının artırılması üçün fermerlərə lazımi döv­lət dəstəyi göstərilir, güzəştli kreditlər verilir. Eyni zamanda Prezident İlham Əliyevin mü­vafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları­nın istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə əsasən, kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanların­dan səmərəli istifadə edilməsi, kənd əhalisinin sosial rifahı­nın daha da yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri iş­lər görülür. Bütün bunlar isə kənd təsərrüfatının ən gəlirli sahələrindən olan arıçılığa marağı getdikcə artırır. Azər­baycanda istehsal olunan bal isə keyfiyyəti ilə seçildiyi üçün bazar problemi ilə üzləşmir. 

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində də arıçılı­ğın inkişaf etdirilməsi üçün əl­verişli imkan var. Buna görə də son illər arıçılar təsərrüfatları­nı həmin ərazilərə köçürməyə daha çox maraq göstərirlər. Bu məsələdə dövlət dəstəyi də onlara əlavə stimul yara­dır. Məhz bunun nəticəsidir ki, son illər təsərrüfat sahibləri arı ailələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinə köçürürlər. 

Bu ilin yaylaq mövsümün­də isə işğaldan azad edilmiş ərazilərdə, təxminən, 42 min­dən çox arı ailəsi yerləşdirilib. Bunu “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi­nin İdarə Heyətinin sədri Bəd­rəddin Həsrətov deyib. Onun sözlərinə görə, arı ailələri, əsasən, Kəlbəcər, Laçın, Zən­gilan, Qubadlı və Xocavənd rayonlarının ərazilərinəə kö­çürülüb. Gələcəkdə isə həmin ərazilərdə 300 min arı ailəsi­nin yerləşdiriləcəyinin nəzərdə tutulduğunu vurğulayan birlik sədri deyib ki, bu ilin yağıntılı keçməsinə baxmayaraq, ölkə üzrə 8 min ton bal süzümü gözlənilir.

İqtisadiyyat