Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 28-ci Baş Assambleyası çərçivəsində inzibati sessiya keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) aldığımız məlumata görə, DVX-nin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Baş Assambleyanın sessiyasında IOTA prezidenti, Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyhelyi çıxışında 2023-2024-cü illərdə görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı danışıb. Sonra IOTA-nın cari və ortamüddətli perspektivdə fəaliyyətini əhatə edən sənədlər səsvermə yolu ilə təsdiqlənib.
Sessiyada 2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin rəisi Orxan Nəzərli seçilib və IOTA İcraiyyə Şurasının üzvləri müəyyənləşdirilib. İcraiyyə Şurasında Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveçin təmsil olunacaqları qərara alınıb. Qurumun prezidentliyini həyata keçirmək üçün sədrlik Azərbaycan DVX-nin İcraiyyə Şurasına tapşırılıb.
Baş Assambleyanın sessiyasında çıxış edən DVX-nin rəisi O.Nəzərli beynəlxalq vergi sistemində müasir trendlər və çağırışlar, vergi inzibatçılığının ortamüddətli dövr üçün prioritet inkişaf istiqamətləri barədə danışıb. O.Nəzərli vergi inzibatçılığının yüksək səriştə, məlumatlılıq və strateji yanaşmalar tələb edən dinamik sahə olduğunu deyib. Xidmət rəisi, eyni zamanda, son illər ərzində vergi sistemlərində qloballaşma və rəqəmsallaşma nəticəsində müəyyən transformasiya müşahidə edildiyini də diqqətə çatdırıb.
Beynəlxalq miqyasda bu transformasiyanın mükəmməl və müasir vergi sisteminin təşkilini, çağırışlara cavab vermək üçün vergi administrasiyalarının əməkdaşlığının gücləndirilməsini tələb etdiyini vurğulayan O.Nəzərli DVX-nin IOTA-ya prezidentliyini ilk dəfə icra edəcəyini diqqətə çatdıraraq, iştirakçıları planlar barədə məlumatlandırıb. DVX-nin rəhbəri qarşıdakı dövr ərzində IOTA çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması üçün bütün səylərin səfərbər edilməsinin nəzərdə tutulduğunu da xatırladıb.
DVX-nin rəisi çıxışında yuxarıda sadalanan məsələlərlə yanaşı, vergi administrasiyaları tərəfindən səmərəli mexanizmlərin tətbiqi məqsədilə müasir tendensiyaların yaxından izlənilməsinin vacibliyini qeyd edib. IOTA-nın 2023-2027-ci illər üzrə strategiyasında müəyyənləşdirilən hədəflərin reallaşdırılmasına xüsusi diqqət yetiriləcəyini bildirən DVX rəisi, həmçinin sözügedən assambleyanın potensialının gücləndirilməsinin və imkanlarının artırılmasının başlıca prioritetlərdən olacağını vurğulayıb. Xidmət rəisi IOTA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçiriləcəyini diqqətə çatdıraraq bütün iştirakçıları ölkəmizdə təşkil olunacaq tədbirlər və planlaşdırılan təşəbbüslərdə fəal iştiraka dəvət edib.
Daha sonra IOTA prezidentliyinin rəmzi hesab edilən təşkilatın bayrağı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaguyheyli tərəfindən Azərbaycanın DVX-nin rəisi O.Nəzərliyə təqdim olunub.
Yeri gəlmişkən, Avropanın 43 ölkəsinin birləşdiyi və vergi sahəsində ixtisaslaşmış mühüm beynəlxalq təsisat olan IOTA-nın təsis edilməsi haqqında rəsmi qərar 1996-cı il oktyabr ayının 28-30-da Varşava şəhərində keçirilən Mərkəzi, Şərqi Avropa və Baltikyanı Ölkələrin Vergi Administrasiyalarının 3-cü konfransı zamanı qəbul olunub.
Təşkilatın əsas missiyası Avropa regionunda vergi administrasiyaları arasında əməkdaşlığa müsbət təsir göstərmək və onların fərdi tələbatlarına uyğun inkişaflarını dəstəkləmək məqsədilə vergi inzibatçılığının praktiki məsələlərinin müzakirəsi üçün forumun gerçəkləşdirilməsidir. IOTA-nın Avropa regionunda vergi inzibatçılığının praktiki məsələlərinin müzakirəsi üçün aparıcı təşkilat olmağa çalışması xüsusi diqqət çəkir.
Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi, əslində, ölkəmizə göstərilmiş böyük bir etimad, IOTA ilə uzun müddət davam edən səmərəli əməkdaşlığa verilən qiymətdir. Başqa sözlə, bu, Baş Assambleya çərçivəsində Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi uzun müddət davam edən səmərəli prosesin nəticəsidir. Bu, əlbəttə, təkcə DVX-nın deyil, ölkəmizin beynəlxalq arenada artan nüfuzundan və ölkəmizə olan etimaddan irəli gəlir.
Bundan əlavə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatına rəhbərliyin Azərbaycana verilməsi ölkəmiz üçün beynəlxalq vergi idarələri ilə məlumat və təcrübə mübadiləsinə daha geniş imkanlar yaradır.
V.BAYRAMOV
XQ