Postmüharibə dövründə liderlik

post-img

IV məqalə

Kim olursan ol, ancaq ən yaxşısı ol.

Avraam Linkoln

Uğurlu liderliyin şərtləri

Azərbaycan Prezidenti İlham Əliyevin lider kimi yüksək şəxsi keyfiyyətləri, əlbəttə, dövlətin qazandığı bütün uğurların təməlində duran gerçəklikdir. XXI əsrdə müstəqil dövlətin lideri ölkənin real vəziyyətini dəqiqliklə bilməlidir. Bunun üçün tarixi mərhələnin əsas xüsusiyyətlərini adekvat qiymətləndirməlidir. Əgər söhbət postmüharibə dövründən gedirsə, liderin real vəziyyəti qiymətləndirməsi daha çətin və çoxməchullu riyazi tənlik kimi bir neçə həll ssenarisi ola biləcək məsələyə çevrilir. 

Özlüyündə Azərbaycanla bağlı postmüharibə dövrü ikili məna daşıyır. Çünki bir tərəfdən, Cənubi Qafqazda postmüharibə dövrünün memarı Azərbaycan Respublikası, ilk növbədə, onun Prezidentidir. Burada “postmüharibə” termini II Qarabağ savaşından sonra meydana gələn yeni regional parametrləri ifadə edir. II Qarabağ savaşını zəfərlə başa çatdıran isə Azərbaycan dövlətidir. Deməli, yeni regional vəziyyətin faktiki yaradıcısı Azərbaycandır. Azərbaycana rəhbərlik edən isə Prezident İlham Əliyevdir. Məhz İlham Əliyevin siyasi diaqnozları, təhlilləri və dəqiq proqnozları zəfəri təmin etmişdir. Belə alınır ki, Azərbaycan regionda postmüharibə dövrünün əsas geosiyasi faktorlarını yaradan və onları koordinasiya edən gücdür. 

Bununla yanaşı, yeni dövrün digər xarakterik xüsusiyyəti də vardır. Məsələ onunla bağlıdır ki, Azərbaycanın bu möhtəşəm zəfərinin nəticələri dünyanın bir sıra böyük güclərinin buradakı fəallığına da yeni dinamika vermişdir. Konkret olaraq, ABŞ, Avropa İttifaqının güclü dövlətləri (əsasən, Fransa), Rusiya, İran və arxa planda Çin Cənubi Qafqazda bir sıra istiqamətlərdə fəallıqlarını yeni səviyyəyə yüksəltmişlər. Belə bir vəziyyət adi hal deyil (yəni siyasi parametrlərinə görə, trivial deyildir). Burada onların həm öz şəxsi maraqlarını təmin etmək cəhdləri, həm də bir-biri ilə amansız rəqabəti özünü göstərir. Digər tərəfdən, həmin güclərin hər biri Ermənistandan öz mənafeləri naminə istifadə etmək xəttindən çəkinmir. 

Bununla da regional miqyasda bir neçə geosiyasi xəttin kəsişdiyi mürəkkəb və qeyri-müəyyən mənzərə yaranır. Azərbaycan üçün əhəmiyyətli olanı odur ki, böyük güclərin fəaliyyəti heç də bütün hallarda ədalətli və yeni reallığı nəzərə almaqla özünü göstərmir. Əksinə, onların sırasında Azərbaycanın uğurlarının nəticələrini puç etmək cəhdləri az olmur. 

Liderlik baxımından bu cür şərtlər daxilində təbii bir sual meydana çıxır: Azərbaycanda hansı liderlik nümunəsi postmüharibə dövründə uğurlu ola bilər? 

Qeyri-standart geosiyasi vəziyyətdə təcrübə şansı

Siyasi-nəzəri baxımından problemi qəlizləşdirən faktorlardan biri dünyada hazırkı geosiyasi dinamikanı adekvat anlamağa istiqamət verə biləcək təcrübənin olmamasıdır! Bu, ümumiyyətlə, siyasi liderlikdə təcrübəsizlik deyildir, əksinə, ən zəngin təcrübəyə malik liderlərin belə, müasir geosiyasi şərtlərdə fəaliyyət təcrübəsinin olmamasıdır! Lakin burada Azərbaycan üçün çox ciddi bir təcrübə şansı mövcuddur. Bu tezisin politoloji anlamı mütləq verilməlidir. 

Biz keçən əsrin 90-cı illərində postsovet məkanında heç bir siyasətçinin müstəqil dövlət quruculuğu sferasında təcrübəsinin olmadığı şəraitdə ulu öndər Heydər Əliyevin həmin təcrübəni eksklüziv olaraq necə yaratdığının fəlsəfəsini nəzərdə tuturuq. Bu, nəzəri qənaət deyildir, əksinə, real faktın dərki və təsdiqidir. Çünki Heydər Əliyev real zamanda Azərbaycanda XX əsrin son onilliyinin mürəkkəb şərtləri daxilində müstəqil dövlət quruculuğunun nəzəri konsepsiyasını hazırladı və onu həyata keçirdi! Bu, müstəqil dövlət quruculuğunda çox dəyərli Azərbaycan təcrübəsidir. 

Deməli, hər şeydən öncə, Prezident İlham Əliyevin postmüharibə dövründə uğurlu liderliyin mükəmməl nümunəsini yaratmaq üçün ixtiyarında siyasi varisliyə dayanan olduqca qiymətli təcrübə (və ya nümunə) vardır. Bu baxımdan söhbət müstəqil dövlət quruculuğu təcrübəsinin yeni şərtlər daxilində yeni mərhələdə yaradıcı inkişaf etdirilməsindən getməlidir. Bunun üçün isə dövlət rəhbərinin yüksək liderlik zəkasına malik olması ilkin şərtdir!

Sonra Heydər Əliyevin XX əsrin ­90-cı illərində yaratdığı nümunənin başqa bir mühüm cəhətini anlamağımız gərəkdir. Həmin mərhələdə Ulu öndər yeni liderlik nümunəsini çox mürəkkəb və ziddiyyətli geosiyasi vəziyyətdə yaratmışdır. Hətta, o dövrdə Azərbaycana qarşı onunla dost olmaq istəməyən güclü dövlətlər daha sıx birləşmişdilər və hərbi sfera da daxil olmaqla çox fəal surətdə bu dövləti çökdürməyə çalışırdılar (Ermənistana yol açmaq üçün). 

Bununla Heydər Əliyevə qarşı sanki “ikiqat geosiyasi maneə zolağı” yaratmışdılar – birinci, daxildə cəmiyyətin hakimiyyətə inamını sarsıtmaq, ikinci, Ermənistanın hərbi uğurlar əldə etməsi üçün beynəlxalq aləmdə Azərbaycan üçün daha dolaşıq və bədbin mənzərə formalaşdırmaq məqsədilə. Bu zaman, Azərbaycanın yanında hətta qardaş Türkiyə belə dayana bilmirdi (səbəblər müxtəlifdir). Faktiki olaraq, Heydər Əliyev təkbaşına həm Azərbaycanı xilas etməli idi, həm də özünə real müttəfiqlər qazanmalı idi! Liderologiya baxımından, bu, dərindən öyrənilməli çox mühüm məsələdir. 

Heydər Əliyev Azərbaycanı da xilas etdi, Türkiyəyə də Azərbaycanla real zamanda qardaş və həmfikir dövlət olmalı olduğunu anlatdı (“bir millət, iki dövlət” kəlamının müasir geosiyasi situasiya üçün konkret politolojiləşməsi), həm də çox uğurlu enerji siyasəti ilə Qərbin güclü dairələrinə Avropanın milli təhlükəsizliyinin təmin olunmasının Azərbaycana qarşı səmimi olmaqla sıx bağlılığına inandırdı.

Nəhayət, keçən əsrin 90-cı illərində Heydər Əliyevin qeyri-standart geosiyasi situasiyada yeni liderlik nümunəsi istənilən böhran vəziyyətində milli maraqları gözləmək fəlsəfəsini yaratması ilə bağlıdır. Bu, liderlikdə çox çətin prosesdir. Lakin Ulu öndər xarici siyasətin prioritetlərini və milli ideyanı elə müəyyənləşdirdi və uyğunlaşdırdı ki, onların hər ikisi milli maraqları təmin etməkdə ideya kimi “kəsişdilər”! Nəticədə bu istiqamətlərdə atılan hər bir addım yekunda milli marağa xidmət etdi. Bunun real göstəriciləri müstəqil dövlət quruculuğunun uğurla davam etməsidir. Hələlik postsovet məkanında Azərbaycanın bu təcrübəsini kəsintisiz olaraq təkrarlayan dövlət yoxdur. 

II Qarabağ savaşı çağdaş “təcrübə” kimi

Postmüharibə dövründə uğurlu liderliyin nəzəri və siyasi-dilomatik bazası kimi Heydər Əliyevin yuxarıda vurğuladığımız liderlik özəlliklərinə, faktiki olaraq həmin təcrübənin bəhrələrindən olan II Qarabağ savaşını da əlavə etmək zəruridir. İlham Əliyevin postmüharibə dövründə liderliyinin əsas parametrlərindən biri, bizcə, məhz II Qarabağ savaşının təcrübəsindən ibarətdir. 

II Qarabağ müharibəsi Heydər ­Əliyevin qeyri-standart situasiyada yeni liderlik nümunəsi yaratmaq təcrübəsinin siyasi, hərbi və geosiyasi meydanda sınağı oldu. Bu sınağın başlıca təsdiqi milli ideyanın tam reallaşması ilə bağlıdır. Həmin liderlik nümunəsinin daşıyıcısı və reallaşdırıcısı isə Prezident İlham Əliyevdir. Deməli, İlham Əliyevin postsovet məkanı ölkələri liderlərindən bir üstün cəhəti də qeyri-standart situasiyalarda yeni liderliyin tarixin sınağından keçmiş təcrübəsinə sahib olmasıdır.

Bu təcrübə yeni şərtlər daxilində dövlətə başçı olmaqla liderliyi və Ali Baş Komandanlığı sintez etmənin optimal formulunu müəyyən etməyə əsas yaratmışdır. Hərb meydanında qazanılmış qələbə geosiyasətdə, siyasətdə, iqtisadiyyatda, təhlükəsizlikdə, mədəniyyətdə və multilateral əlaqələri inkişaf etdirməkdə postmüharibə dövründə uğurlu nümunə yaratmağa xüsusi təkan vermişdir. 

Burada yeni tarixi mərhələ üçün xarakterik olan yeni qeyri-standart situasiyanın qarşıya çıxması liderlikdə əlavə faktorlar meydana gətirir və məsələyə yaradıcı yanaşmanı tələb edir. Bütün hallarda isə artıq Azərbaycan üçün, ümumiyyətlə, qeyri-standart situasiyalarda uğurlu liderlik nümunəsi yaratmağın özəl təcrübəsi mövcuddur. Bu da yuxarıda vurğuladığımız təcrübənin olmaması fikrinin nisbi xarakter daşıdığını göstərir. Eyni zamanda, meydana gələn yeni şərtlər daxilində liderin uğurlu olması üçün yaradıcı fəaliyyətinin zəruriliyini ortaya çıxarır. 

Postmüharibə dövründə zəkavi xarici siyasət

Hələ 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev vurğulayırdı ki, “beynəlxalq ictimai-siyasi və elmi dairələrində İlham Əliyevin xarici siyasətini “Intelligent Foreign Policy” kimi adlandırırlar”. Əlbəttə, bu adi termin deyildir və onun siyasi-nəzəri izaha ehtiyacı vardır. Məsələ onunla bağlıdır ki, H.Hacıyevin də qeyd etdiyi kimi, XXI əsrdə, adətən, xarici siyasəti “smart” (“ağıllı”), “soft” (“yumşaq”), “hard power” (“sərt güc”) kimi terminlərlə ifadə edirlər. 

“Soft” termini xarici siyasətdə başlıca olaraq mədəni, mənəvi, əxlaqi, ideoloji və s. qeyri-maddi dəyərlərin tətbiqini nəzərdə tutur. Bu termin J.Nayın (kiçik) “soft power” anlayışından qaynaqlanır. Onu deyək ki, J.Nay (kiçik) həmin anlayışı birbaşa ABŞ-nin xarici siyasətini xarakterizə etmək və ya onu belə görmək üçün yaratmışdır. O, belə hesab edirdi ki, Amerika üçün əsas məqsəd öz dəyərlərini dünyaya qəbul etdirməkdən ibarətdir, lakin bunun üçün öncə “yumşaq” təsirlər aparıcı olmalıdır. Bu, nəticə verməsə, “hard power” (“sərt güc”) işə salına bilər. Yəni, hətta, hərbi təsir edilə bilər. Əsas məqsəd burada amerikan dəyərlərinin qəbul edilməsinə nail olmaqdan ibarətdir. 

Bunlardan başqa, Qərb politoloji fikrində (o cümlədən, J.Nayın fikirlərində) “smart” termini də işlədilir. J.Nayın tərifinə görə, “ağıllı güc” uduşlu strategiyanın formalaşdırılması üçün yumşaq və sərt gücün uyğunlaşdırılmasını nəzərdə tutur. Deməli, xarici siyasətdə “ağıllı” olmaq 
J.Naya görə “uduşlu strategiya” müəyyən etməklə bağlıdır. Bunun üçün yumşaq və sərt güclər bir-birini tamamlamalıdır. Yəni mədəni, ideoloji, və s. dəyərlərlə hərbi güc vasitəsilə təsirlər harmoniya təşkil etməlidir. Diplomatiyanın bütün sferaları ilə hərbi gücü uzlaşdırmaq faktiki olaraq “ağıllı güc” olmaq anlamını verir.

Yuxarıdakı qısa izahlardan aydın olur ki, xarici siyasəti “smart”, “soft”, “hard” kimi xarakterizə etmək, əslində, bütün hallarda güclü bir dövlətin liderliyinin təminatına xidmət edən yanaşmalardır. Əvvəlki xarakteristikalardan fərqli cəhət ondan ibarətdir ki, qarşı tərəfi “qıcıqlandırmamağa”, ona özünü xeyirxah kimi göstərməyə üstünlük verilir. 

Deməli, siyasi-nəzəri cəhətdən vurğulanan xarakteristikaların hər birinin real məqsədlə ona nail olmaq mexanizmləri arasında müəyyən ziddiyyət və ya çatışmazlıq vardır. Yəni lider bu yanaşmalarda kifayət qədər real xeyirxah, qurucu, xilasedici və humanitar görünmür. “Intelligent Foreign Policy” bütün bunların fonunda çox maraqlı və əhəmiyyətli anlayış təsiri bağışlayır. 

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət