Dubaydan Bakıya COP magistralı

post-img

Aşqabad şəhərində Türkmənistan Xarici İşlər Nazirliyinin, BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisinin Ofisi, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Türkmənistandakı səfirliklərinin təşkilatçılığı ilə “Dubaydan Bakıya Yol – COP29 öncəsi” adlı tədbir keçirilib. Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən məruzəçilər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) sonrakı fəaliyyətlərə dair yeniliklərin təqdim edilməsi və 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 sammitinə hazırlıqların müzakirəsi, eləcə də “yaşıl enerji”, alternativ enerjiyə keçid və metan emissiyalarının azaldılması istiqamətində fikir mübadiləsi aparılıb.
Ölkəmizin Türkmənistandakı səfiri Qismət Gözəlov çıxışında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladaraq respublikamızın iqlim dəyişikliyi ilə bağlı həyata keçirdiyi layihələr, ölkəmizdə “yaşıl enerji” istiqamətdə görülən işlərə diqqət çəkib. Azərbaycanda keçiriləcək qlobal əhəmiyyətli COP29-la bağlı iştirakçıları məlumatlandıran səfir könüllülərin konfransın təşkilində də mühüm rol oynayacağını bildirib. Bu xüsusda COP29-da könüllülərin iştirakını təşkil etmək üçün volunteers.cop29.az portalının istifadəyə verildiyini və burada 16 minə yaxın namizədin qeydiyyatdan keçdiyini, təxminən 3 min yerli və beynəlxalq könüllünün prosesə cəlb olunmasının gözləndiyini qeyd edib. 
Q. Gözəlov Azərbaycan, BƏƏ və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyünə diqqət çəkərək iqlimlə bağlı fəaliyyətin gücləndirilməsinə təkan verən cari və gələcək COP sessiyalarına sədr ölkələr arasında əməkdaşlığın, eləcə də davamlılığı daha da yüksəltmək üçün COP sədrlikləri üçlüyünün əhəmiyyətinə toxunub. Azərbaycan və Türkmənistanın alternativ enerji və iqlim dəyişikliyi ilə bağlı həyati məsələlərin həllində inamla irəlilədiklərini vurğulayan səgir deyib ki, hər iki ölkə neft və təbii qazla zəngin olsa da,  metan emissiyası öhdəliklərinə sadiq qalaraq iqlim dəyişikliyi layihələrinə töhfə verir. O, qardaş Türkmənistanın da bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 sammitinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. 
Səfir, həmçinin minaların dağıdıcı təsirinə diqqət çəkərək Azərbaycan ərazilərində mövcud mina təhlükəsi, habelə onun yaratdığı ciddi ekoloji və humanitar fəsadlardan danışıb, minaların və partlamamış sursatların ətraf mühitə təhlükə, mülki əhalinin mədəni irsinə zərər vurmaqla yanaşı, son nəticədə dayanıqlı inkişafa maneçilik törədən kəskin problem olduğunu vurğulayıb.
Sonda COP29-la bağlı video-çarx və fotolar nümayiş olunub.

Hazırladılar: 
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ 
XQ

İqtisadiyyat