Hazırda “Qaradağ” Günəş Elektrik Stansiyası tam gücü ilə işləyir. 2023-cü il oktyabrın 26-da istismara verilmiş stansiyadan ötən müddətdə Azərbaycanın elektrik şəbəkəsinə 200 milyon kilovat-saat “yaşıl enerji” təhvil verilib. Bu da 7 aydan artıq bir müddət üçün yüksək göstəricidir. Stansiyanın fəaliyyəti ildə 120 milyon kubmetr qaza qənaət etməyə imkan verir. Bu fikirləri “XQ”-yə eksklüziv müsahibəsində “Masdar-Azərbaycan” şirkətinin direktoru Murad Sadıxov deyib.
Gələcəkdə stansiyanın genişləndiriləcəyini də istisna etməyən direktorun sözlərinə görə, hazırda bununla bağlı Azərbaycanın Energetika Nazirliyi ilə məsləhətləşmələr, danışıqlar aparılır. “Nazirlik verilən təkliflə razılaşsa, bu sahədə işlərə başlanıla bilər. Bununla bağlı planlar mərhələli şəkildə həyata keçirilməlidir. Çünki stansiyanın tikintisi ilə yanaşı, şəbəkənin də ona hazır olması lazımdır”, – deyə o, əlavə edib.