Prezident İlham Əliyevin iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İvealanı ilə görüşündə ölkəmizin iqtisadi uğurları, habelə Azərbaycanın bu quruma daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Elə həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun ÜTT-in baş direktoru ilə görüşündə də ölkəmizin sosial-iqtisadi inkişaf məqsədləri, iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə yönəldilən önəm diqqətə çatdırılıb. Azərbaycanla təşkilat arasında əlaqələrin inkişafı, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb.
Görüşdə, eyni zamanda, Azərbaycanın ÜTT-yə daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi, COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılmasıhabelə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşan Sazişlər Paketi əsasında üzv ölkələr arasında iqtisadi-ticari münasibətlərin tənzimlənməsidir.
Azərbaycanın ÜTT-yə üzvolma niyyətini əks etdirən müraciəti 1997-ci ildə bu təşkilatın katibliyinə təqdim edilib və həmin il iyulun 16-da ölkəmiz üzrə qurumda İşçi Qrup yaradılıb. Respublikamızın ÜTT-yə üzvlüyü ilə bağlı indiyədək çoxtərəfli danışıqlar qeyd edilən İşçi Qrup çərçivəsində aparılıb.
Azərbaycanın sözügedən təşkilata üzvlüyü prosesi çərçivəsində üzv dövlətlərlə mallar və xidmətlər üzrə danışıqların, həmçinin ÜTT Katibliyinin ekspertləri ilə bir sıra mövzular üzrə texniki məsləhətləşmələrin keçirilməsi məqsədilə ölkəmizin nümayəndə heyəti 2023-cü il dekabrın 18-22-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olub, Səudiyyə Ərəbistanı ilə xidmətlər, Şri-Lanka ilə mallar, Rusiya Federasiyası ilə mallar və xidmətlər üzrə danışıqlar keçirilib, ÜTT Katibliyinin ekspertləri ilə investisiya fəaliyyətinin asanlaşdırılması, balıqçılıq subsidiyaları sazişləri və s. üzrə müzakirələr aparılıb.
Azərbaycan Prezidenti Ilham Əliyevin 2 avqust 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənən “Tədbirlər Planı”nda 39 normativ-hüquqi sənədin ÜTT tələblərinə uyğunlaşdırılması nəzərdə tutulub. Bu istiqamətdə “Bitki karantini haqqında” və “Bitki mühafizəsi haqqında” qanunlar qüvvədən düşüb və 18 normativ-hüquqi sənəd qəbul edilib. 10 sənədin isə layihəsi hazırlanaraq aidiyyəti orqanlarla razılaşdırılıb, həmçinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli Qanunu , “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli Qanunu və “Qida təhlükəsizliyi haqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli Qanunu qəbul edilib. Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli Qanunu ilə təsdiqlənən Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qəbul olunub. Bundan başqa 10 layihənin hazırlanması nəzərdə tutulub.
ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılib. Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli sərəncamı ilə aidiyyəti nazirliklərin nazir müavinləri, dövlət komitə və agentliklərinin rəhbər işçilərindən ibarət komissiyanın yeni tərkibi təsdiq edilib.
Ölkəmizdə ÜTT-yə üzvlük prosesi ilə bağlı cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ÜTT-yə həsr olunmuş dəyirmi masalar təşkil olunub, ÜTT haqqında broşürlər çap olunaraq universitetlər, kitabxanalar, iş adamları və qeyri-hökumət təşkilatlarına paylanıb. Bununla yanaşı, www.wto.az saytı yaradılıb və ən zəruri məlumatların mütəmadi olaraq həmin saytda yerləşdirilməsi təmin edilib. Həmçinin, GATS sorğu mərkəzi yaradılıb və buna aid qanunvericilik bazası wto.az saytında təqdim olunub.
Maarifləndirmə tədbirləri kimi müxtəlif layihələr çərçivəsində beynəlxalq ekspertlər tərəfindən araşdırmalar aparılıb, sahibkarlar üçün seminarlar təşkil olunub. Eyni zamanda, Azərbaycan Hökumətinə ticarət qanunvericiliyinin ÜTT qaydalarına uyğunlaşdırılması, bu təşkilata üzvlüklə bağlı çoxtərəfli və ikitərəfli danışıqlarda Azərbaycan Respublikası adından danışıqlar aparan şəxslərə dəstək verilməsi və qurum ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə Avropa İttfaqı (Aİ) tərəfindən maliyyələşdirilən və benefisiarı İqtisadiyyat Nazirliyi olan “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi həyata keçirilib. Layihədə 2018-2020-ci illər əhatə olunub.
Azərbaycanın ÜTT-yə üzvlüyü ilə əlaqədar mütəmadi olaraq təhlillər aparılıb və nəticəsi aidiyyəti dövlət qurumlarına təqdim edilib. Belə ki, Aİ-nin maliyyələşdirdiyi ÜTT-yə üzvlüklə bağlı dəstək layihəsi çərçivəsində bir sıra ÜTT üzvlərinin götürdüyü öhdəliklər üzrə apardığı islahatlara dair təhlil sənədləri hazırlanıb. 2021-ci il ərzində həyata keçirilən Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihə çərçivəsində isə Azərbaycanın ÜTT-yə üzvlüyünün təsirlərinin qiymətləndirilməsi ilə bağlı hesabat hazırlanaraq aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirəsi keçirilib.