Macarıstan – Azərbaycanın Avropa qapısı

post-img

Ortaq maraqlar, faydalı əməkdaşlıq xalqlarımızı Türk birliyinə daha da yaxınlaşdırır

Azərbaycan–Macarıstan əlaqələri qurulduğu vaxtdan etibarən yüksələn xət­lə möhkəmlənib. Hazırda dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda müşahidə edilən ikitərəfli münasibətlər özünün yeni inkişaf mərhələsinə daxil olub. Belə bir uğuru isə geniş iqtisadi potensiala malik hər iki dövlət arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahə­ni əhatə edən bir sıra digər sənədlərin icrası şərtləndirib.

Xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə iyunun 5-də keçirdiyi mətbuat konfran­sında bu ölkənin ən böyük təbii qaz top­dansatış şirkəti olan “MVM CEEnergy Zrt.”nin respublikamızın ən böyük qaz la­yihəsi olan “Şahdəniz” yatağında iştirakçı qismində olacağını bildirib. C.Bayramov hazırda “MOL” enerji şirkətinin “Azə­ri-Çıraq-Günəşli” layihəsində 9,57 faiz, “Bakı-Tbilisi-Ceyhan” layihəsində isə 8,9 faiz paya malik olduğunu xatırladıb. Nazir daha sonra “Cənubi Qaz Dəhlizi” layihəsi­nin reallaşdırılması nəticəsində Azərbay­can qazının Avropa bazarına çıxması ilə Macarıstanla danışıqlara başlanıldığını və Azərbaycan qazının artıq dost ölkəyə çatdığını vurğulayıb.

Xatırladaq ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasila­tın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. Sözügedən yataq üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olu­nub. Bakıdan 70 kilometr cənub-şərqdə yerləşən “Şahdəniz” 1999-cu ildə kəşf edilib. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə, bu yatağın işlənilməsi ilə bağlı PSA sazişinin müddə­ti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun SOCAR-ın prezidenti Rövşən Nəcəflə bir­likdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirdiyi görüşdə isə Azərbaycan-Macarıstan arasında qar­şılıqlı iqtisadi münasibətləri gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçı­lıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və in­vestisiya tərəfdaşlığının təşviqi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə hər iki ölkə rəhbərliyinin əlaqələrin inkişafına, mövcud potensi­aldan səmərəli istifadəyə verdiyi xüsusi önəm sayəsində iqtisadi münasibətlərin davamlı inkişaf etdiyi vurğulanıb. Ötən ilin yanvar ayında strateji tərəfdaşlıq­da önəmli yer tutan investisiya təşviqi, iqtisadi əməkdaşlıq, ikiqat vergitutma­nın qarşısının alınması və s. sahələrdə imzalanmış 50-dən çox sənədin bütün istiqamətlər üzrə işbirliyinin genişləndi­rilməsi üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Bundan başqa “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsindən irəli gələn məsələlər, ha­belə cari vəziyyət müzakirə olunub.

Görüş çərçivəsində Macarıstanın “MVM” şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb. Sənə­din hər iki ölkənin iqtisadi və enerji tərəf­daşlığını daha da gücləndirəcəyi diqqətə çatdırılıb.

Bakı Enerji Forumu çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csa­ba Lantos ilə keçirilən görüşlərdə də Avropaya qaz təchizatındakı vəziyyət və ikitərəfli enerji əməkdaşlığının inkişafı nəzərdən keçirilib. Neft-qaz layihələrin­də Macarıstan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, həmçinin “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsin­dən irəli gələn məsələlər müzakirə edi­lib. Dörd ölkə arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə nazirlərin so­nuncu iclasının nəticələrindən və birgə müəssisənin yaradılması proseslərinin gedişatından məmnunluq diqqətə çatdı­rılıb. Layihənin icrasının digər mühüm komponentləri üzrə növbəti addımlar ra­zılaşdırılıb.

Ölkələrimiz arasında enerji sahəsin­də əməkdaşlıqda ötən il dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Ma­carıstan, Rumıniya və Gürcüstan hö­kumətləri arasında “yaşıl enerji” sahə­sində strateji tərəfdaşlığa dair müvafiq Saziş xüsusi yer tutur. Həmin tarixi sənə­də əsaslanılaraq adları çəkilən ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası is­tiqamətində səylər hazırda uğurla davam etdirilir. Bununla da 1200 kilometr uzun­luğunda dünyanın ən uzun sualtı kəməri­nin tikintisi planlaşdırılır. 

Sözügedən “yaşıl enerji” layihəsinin gerçəkləşməsi region və Avropa bazar­ları arasında elektrik enerjisinin ixracı imkanlarını genişləndirəcək, eyni zaman­da, Xəzər dənizinin respublikamıza aid sektorundakı zəngin külək enerjisi po­tensialı Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsini gerçəkləşdirəcək.

Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” layihəsinin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradıl­ması, tezliklə texniki-iqtisadi əsaslandır­ma prosesinin yekunlaşdırılması nəzər­də tutulur. Həmçinin bu enerji dəhlizi ilə Mərkəzi Asiyadan elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında da əməkdaşlığa başlanılması planlaşdırılır. Bir sözlə, “ya­şıl enerji” dəhlizinin genişləndirilməsi və bərpaolunan enerjinin bu nəhəng infrast­rukturla nəqlinin Avropanın enerji təchiza­tının diversifikasiyasını reallaşdırmaqla enerji təhlükəsizliyinə töhfə verməsi qar­şıya önəmli vəzifə kimi qoyulur.

Macarıstanla karbohidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlıq məsələlə­rinin müzakirəsi energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. Bu ölkənin “mavi yanacağ”a tələbatı və idxalın şaxələndirilməsi kontekstində Azərbaycan qazının Macarıstan bazarı­na çatdırılmasının əhəmiyyətindən bəhs olunub. “MOL” və “MVM” şirkətləri ilə neft-qaz layihələrində əməkdaşlığın pers­pektivləri nəzərdən keçirilib. Həmçinin Azərbaycandan Macarıstana “yaşıl ener­ji” dəhlizi vasitəsilə elektrik enerjisinin tə­darükünə dair fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycan–Macarıstan ara­sında iqtisadi əlaqələrdə davamlı inkişaf özünü qabarıq büruzə verir. Azərbaycan­da 21 Macarıstan investisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respubli­kamıza 1,1 milyard ABŞ dolları məbləğin­də, Azərbaycanın isə dost ölkəyə 18,1 milyon ABŞ dolları həcmində investisiya yatırması bunun məntiqi nəticəsidir.

Ümumiyyətlə, Macarıstanın Azərbay­cana yatırdığı investisiyanın respublika­mızın bu ölkəyə qoyduğu sərmayədən 55 dəfə çox olması (1,1 milyard dollar və 18 milyon dollar), yuxarıda qeyd et­diyimiz kimi, Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumunun im­zalanması, düşməndən təmizlənən əra­zilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə 25 min avro ianə etmə­si, nəhayət, Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasına qoşulması və digər çoxsaylı məqamlar tərəflər arasında iqti­sadi münasibətlərin dinamik inkişafından xəbər verir.

Bütün bu deyilənlərdən belə bir qə­naət hasil olur ki, Azərbaycanla Macarıs­tan arasında əməkdaşlıq təkcə qaz təda­rükü, eləcə də “yaşıl” enerjinin inkişafı və təchizatı ilə məhdudlaşmır. İki ölkə ara­sında sənaye, nəqliyyat, informasiya tex­nologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə də əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait var və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu, isə Azərbaycan–Macarıstan əlaqələrinin getdikcə genişlənməsini, iqti­sadi sahədə yüksək nəticələrin əldə edil­məsini şərtləndirir.

İqtisadiyyat