Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük quruculuq işlərində qardaş Türkiyə 20-dən çox şirkətlə 50-yə yaxın layihə icra edir. Bu bərpa – quruculuq işlərinin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir.
Türkiyənin "Kolin İnşaat" şirkətinin iştirak etdiyi layihələrdən biri Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisidir. Bu yolun tikintisinin 2024-cü ilin ikinci yarısında yekunlaşması planlaşdırılır. Artıq layihənin böyük bir hissəsi həyata keçirilib. Bu barədə “Geoexbert Consulting” MMC-nin direktor müavini Azad Məcidov deyib:
– Sözügedən yol “Zəfər yolu”na paraleldir. Bu yolun çəkilməsində əsas məqsəd “Zəfər yolu”nda mövcud olan kəskin döngələrin böyük maşınlar və ağır texnikanın hərəkəti üçün təhlükəli olmasıdır. Yeni çəkilən yolda həmin həssas yerlər daha rahat formaya salınıb və 10 körpü tikilib. Yolda ümumi olaraq 35 keçid var və bu keçidlər heyvanların istifadəsi üçün də nəzərdə tutulub. Eyni zamanda, su axıntısı üçün suötürücü qurğular quraşdırılıb.
Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun 8-də inşaat işləri tamamlanıb. 1-nin tikintisi isə davam edir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.
Ümumi uzunluqları (sağ və sol istiqamət) 12.7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-da qazma işləri yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Qeyd edək ki, tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb. Yeni yol istifadəyə verildikdən sonra Şuşa şəhərinə cənub istiqamətdən daxil olmaq həm zaman, həm də təhlükəsizlik baxımından daha əlverişli olacaq.
Bundan başqa, “Zəfər yolu”nun çəkilişində Türkiyənin 2 şirkəti – “Kolin İnşaat” və “Özgün Yapı” şirkətləri iştirak edib.
Hazırda türk şirkətləri Toğana–Kəlbəcər–İstisu yolunun tikintisində iştirak edirlər. Bu yol başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Layihəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli Magistral Yolların İstismarı MMC-si ilə subpodratçı şirkətlər olan Türkiyənin “Kolin İnşaat” və “Cingiz İnşaat” şirkətləri birgə icra edirlər.
Yeri gəlmişkən türk şirkətlərii bu yolda xüsusi hazırlıq tələb edən tunel çəkilişlərini yerinə yetirir. Belə ki, Toğanalı–Kəlbəcər–İstisu yolunda 11 kilometr 600 metr uzunluğu olan Murovdağ tunelini Türkiyənin “Çingiz İnşaat” şirkəti inşa edir. İnşasının 2025-ci ildə tamamlanması gözlənilən tunel dünyadakı ən uzun tunellərdən biri olacaq. Bu şirkət eyni zamanda 3,5 kilometrlik Laçın–Kəlbəcər tuneli də inşa edir. Ümumilikdə, Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, yolun istifadəyə verilməsi Toğana kəndinin və Kəlbəcər rayonunun iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Təbii ki, yola nəzarət və xidmət üçün işçi qüvvəsi tələb olunacaq, sakinlərin bir çoxu burada özünə daimi iş yeri tapacaq. Digər tərəfdən, yeni yol dağların qoynunda, yaşıl meşələrin əhatəsində olan Kəlbəcərin turist sektorunun imkanlarını artıracaq. Bu üzdən sözügedən rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəliş təmin ediləcək.
Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətlərinin iştirak etdiyi layihələrdən biri də Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisidir. Başlanğıcını Horadizdən götürən yolun Ermənistan sərhədinə qədər uzunluğu təqribən 124 kilometrdir. İndiyədək “Kolin İnşaat” işlərin təqribən 90 faizini yerinə yetirib. “Çingiz İnşaat” şirkəti isə tunellərin tikintisini həyata keçirir.
Qeyd edək ki, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Sözügedən yol Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi işə düşdükdən sonra bu yolla Naxçıvana və Türkiyəyə, hətta İstanbula getmək mümkün olacaq.
Qarabağda yol infrastrukturu layihələrinin reallaşdırılmasında iştirak edən Türkiyə şirkətlərindən biri də “Proyapı”dır. Şirkət Azərbaycanda avtomobil yollarının tikintisi və layihələndirilməsi sahəsində təqribən 50-dən çox layihə həyata keçirib. “Proyapı” şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen bu barədə deyib: “Hazırda biz Qarabağda yol infrastrukturunun tikintisində iştirak edirik və bu fəaliyyətimizlə qürür duyuruq. Qarabağ layihələri arasında Fizuli–Şuşa avtomobil yolu olan “Zəfər yolu”, Əhmədbəyli–Füzuli–Şuşa avtomagistralının tikintisi, Xudafərin–Qubadlı–Laçın, Xanlıq–Qubadlı, Toğanalı–Kəlbəcər, Kəlbəcər–Laçın, Əhmədbəyll–Horadiz–Mincivan–Ağbənd, Füzuli–Ağdam avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətlərimz var”.
Türkiyə şirkətləri Füzuli Beynəlxalq Hava Limanının layihələşdirilməsində də iştirak edib. Hava limanında 12 Türkiyə şirkəti çalışıb və 8 aya tikinti tamamlanıb. Onun istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirib. Hava limanı həmin ərazilərin bərpa və yenidən qurulması üçün zəruri olan yüklərin daha tez və asan daşınmasına şərait yaradıb. Eyni zamanda, yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün geniş imkanlar açıb. Hava limanının açılması bölgədə turizmin inkişafına da şərait yaradıb. Bu barədə iqtisadçı Vüqar Bayramov deyib:
– Bərpa və yenidənqurma, eləcə də məskunlaşma prosesindən sonra işğaldan azad edilmiş ərazilərimizdə ölkə iqtisadiyyatının 8 faizinin formalaşacağı nəzərdə tutulur ki, bu da 5 milyard manatdan artıq yeni dəyər deməkdir. Bu imkan verəcək ki, həmin dəyərin fərqli bazarlara çıxarılması və yaranmış dəyərin realizasiyasında Füzuli Hava Limanının töhfəsi olsun. Turizmin inkişafına da bu limanın böyük töhfəsi olacaq. Çünki Füzuli şəhəri Şuşa şəhəri ilə “Zəfər yolu” vasitəsilə birləşir. Həmçinin, bu şəhərləri birləşdirəcək yeni yol inşa edilir”.
Türkiyə şirkətləri həm də Zəngilan Beynəlxalq Hava Limanının tikintisində iştirak ediblər. O, Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.
Hazırda Horadiz–Ağbənd dəmir yolu xəttinin inşası da fəal fazadadır və işlərin 55 faizi icra edilib. Böyük strateji əhəmiyyəti olan dəmir yolu xəttinin inşası işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialına böyük töhfə verəcək. Həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Bununla da Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət, Avropaya çatacaq. Beləliklə, ölkəmizin strateji, iqtisadi və siyasi məqsədləri həyata keçiriləcək. Horadiz–Ağbənd dəmiryolu xəttinin layihələndirilmə və tikinti işləri, həmçinin texniki nəzarət Azərbaycan və Türkiyə şirkətləri tərəfindən yerinə yetirilir.
Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yalnız yol infrastruktlarının, hava limanlarının tikintisində, tunellərin, su anbarlarının inşasında deyil, aqroparkların yaradılmasında da iştirak edirlər. Bu sahədə Zəngilan rayonunda yaradılan “Dost Aqropark”ı böyük əhəmiyyət daşıyır. O, Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Burada ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub.
Tezliklə Zəngəzur dəhlizi də açılacaq. Artıq hava limanı istifadəyə verilib. Dəmiryolu çəkiləndən və Zəngəzur dəhlizi açılandan sonra bu ərazi logistika baxımından çox önəmli olacaq. Həm xaricdən bura arpa, buğda gətirmək, həm də aqroparkın istehsal etdiyi məhsulları ixrac etmək daha da rahatlaşacaq. Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək.
Beləliklə, Türkiyə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq fəaliyyətinin iştirakçısıdır.Bu ölkənin şirkətlərinin iştirakı ilə yollar salınır, dəmir yolları çəkilir, hava limanları və tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir, aqroparklar yaradılır. Bunlar Qarabağ və Şərqi Zəngəzurun inkişafının əsas strateji istiqamətlərindən biridir, yenidənqurma və bərpa işlərini sürətləndirirlər. Onlar davamlı iqtisadi inkişafına imkan yaradır.
Pünhan ƏFƏNDİYEV
XQ